"Bank BTB"-də vəziyyət hələ də kritikdir - I rübün göstəriciləri
20-04-2021, 11:44
141

"Bank BTB"-də vəziyyət hələ də kritikdir - I rübün göstəriciləri

"Bank BTB" 2021 ci ilin 1-ci rübünə azalmalarla başladı. Bankın illərdir yığılmış zərəri isə kiçik mənfəətlərlə düzəlmir.
Valyuta.Az bankın açıqladığı rüblük hesabata istinadən xəbər verir ki, “Bank BTB”nin cəmi aktivləri 1 il ərzində 27 milyon 613 min manat və ya 7,5% azalaraq 336 milyon 735 min manata enib. 
Azalmanın əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin 9 milyon manatdan çox kiçilərək 210 milyon 733 min manata enməsidir. 
“Bank BTB” 2020-ci ilin ilk rübü ilə müqayisədə 3 milyon 152 min manatlıq əmanətini itirdiyinə görə bankın cəmi öhdəlikləri azalıb. 5,7% azalan öhdəlik cəmi 282 milyon 280 min manata enib. Bankın cəmi kapitalı isə 1 il ərzində 10 milyon 485 min manat və ya 16,1% azalaraq 54 milyon 455 min manatadək kiçilib.
Bankın faiz gəliri 397 min manat azalaraq 6 milyon 101 min manata düşüb. Buna baxmayaraq bank faiz xərclərini 487 min manat artıraraq 3 milyon 634 min manata yüksəldib. Nəticədə bankın xalis faiz gəliri 1 milyon 9 min manat kiçilərək 2 milyon 467 min manata bərabər olub. 
Qeyri-faiz gəlirinin 706 min manat artaraq 2 milyon 67 min manata çatması, qeyri-faiz xərclərinin isə 65 min manat artaraq 4 milyon 474 min manata yüksəlməsi bankın əməliyyat mənfəətinin artmasına kömək edə bilməyib. “Bank BTB”nin əməliyyat mənfəəti 869 min manat və ya 93,6% azalaraq 59 min manata düşüb.
Mənfəət vergisini hələ də ödəməyən bankın xalis mənfəəti 397 min manat azalaraq 36 min manata enib.
Bankın məcmu kapitalı 1 il ərzində 11 milyon 784 min manat azalaraq 51 milyon 237 min manata enib. 
 

Oxşar xəbərlər