“Türkiyənin kəşf etdiyi qaz yatağı Norveçin son 10 ildəki kəşflərinin cəmindən böyükdür” – Fatih Birol
25-08-2020, 13:12
294

“Türkiyənin kəşf etdiyi qaz yatağı Norveçin son 10 ildəki kəşflərinin cəmindən böyükdür” – Fatih Birol

Türkiyənin Qara dənizdə yenicə kəşf etdiyi qaz yatağı “Sakarya sahəsi” adlanır. İlkin tədqiqatlara görə 320 milyard kub metr həcmində olan bu enerji mənbəyinin Türkiyənin iqtisadiyyatına böyük fayda verəcəyi təxmin edilir. 
Bəs bu optimist təxminlər reallığı nə qədər əks etdirir?
Ovqat.com-un məlumatına görə, Türkiyənin dünyaca tanınmış enerji analitiki Fatih Birolun fikrincə, Sakarya Qaz Sahəsi həqiqətən də beynəlxalq ədəbiyyatda nəhəng yataqlar kimi təsnif ediləcək gücdədir.
"Əvvəlki kəşflər iqtisadi baxımdan zəif idi, ancaq burada atdığınız daş qorxduğun quşa dəyər”,-Fatih Birol belə fikirləşir.
Qara dənizdəki bu yatağın Türkiyə üçün önəmli dönüm nöqtəsi olduğunu bildirən Fatih Birol “Hürriyet” qəzetinə açıqlamasında deyib ki, dünyadakı enerji yataqları kiçik, orta, böyük və nəhəng kimi 4 kateqoriyaya ayrılır: “Sakarya Qaz Sahəsinə baxdığımız zaman bu ərazinin nəhəng sayılan sinifə düşdüyünü görürük. Türkiyədə əvvəllər aparılan axtarış və tədqiqat işləri əsnasında təbii qaz tapılmışdı, ancaq onların miqyası çox kiçik idi. Bu kəşf isə onlarla müqayisəolunmaz dərəcədə böyükdür və 2010-cu ildən bəri Norveçin Şimal dənizində kəşf etdiyi bütün qaz yataqlarının cəminə bərabərdir. Bəzi kəşflərin istismarı iqtisadi məna daşımır, amma burada böyük ehtiyatdan söhbət gedir. İqtisadi töhfəsi də çox böyük olacaq. Əlbəttə ki, bu sahədə daha ətraflı təhlillərin və tədqiqatların nəticələrini görəcəyik”.
 
İndiki qiymətlərlə 80 milyard dollarlıq kəşf
Sakarya Qaz Sahəsindəki 320 milyard kubmetr ehtiyatın potensial iqtisadi dəyərinin indiki qiymətlərlə 80 milyard dollar olaraq hesablandığını söyləyən Birola görə, bu yataqdan ildə 10-15 milyard kubmetr qaz hasil etmək olar və bu hasilat miqdarı Türkiyənin təbii qaz ehtiyacının üçdə birini ödəyə bilərş
6 milyard dollarlıq investisiya
 
Analitiklər tərəfindən aparılan araşdırmalara görə, bu miqdarda qazın hasilatına başlamaq üçün təxminən 6 milyard dollar sərmayə tələb edildiyini söyləyən Birolun fikrincə, bunu reallaşdırmaq üçün isə 3 il vaxt lazımdır: “Burada vacib olan məsələ bürokratiyanın necə işləməsidir. Dövlət son investisiya qərarı versə və digər əməliyyatlara uyğun siyasət aparsa, 3 ildən sonra qaz həqiqətən bazara çıxarıla bilər. Bu çətin bir prosesdir, amma qeyri-mümkün deyil”.
Bununla belə, Sakarya qaz sahəsiylə Türkiyənin xarici qaz asılılığından xilas olmayacağını düşünən Birol deyib: “Türkiyənin bu qaz sahəsini kəşf etməklə enerji ixracatçısı və ya zəngini olmayacaq. Türkiyə uzun müddət enerji idxal edən bir ölkə olub və bu cür də qalacaq. Ancaq dönüş nöqtəsi adlandırdığımız kəşflə idxal olunan enerji tədricən azalacaq".

Oxşar xəbərlər