«Biz bu yolun ziqzaqvari olduğunu fərqindəyik” – deputat
26-04-2022, 11:56
1 543

«Biz bu yolun ziqzaqvari olduğunu fərqindəyik” – deputat

Aprelin 23-də Ermənistanın paytaxtı İrəvan şəhərində yürüş keçirilib.
Yürüşdə hakimiyyət əleyhinə şüarlar səsləndirilib. Aksiya iştirakçıları Azərbaycan və Türkiyə ilə sülh danışıqlarının əleyhinə çıxışlar ediblər və hər iki ölkənin dövlət bayraqlarını yandırıblar.
Dünən isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, Ermənistan ərazisindən gələn diversiya qrupu zərərsləşdirilib, bir nəfər həbs olunub.
Digər tərəfdən isə aprel ayında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə baş tutan üçtərəfli görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işçi qrupların yaradılması qərara gəlinib.
Bu gün isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.
Bu proseslər nədən xəbər verir? İki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasını istəməyən üçüncü tərəf varmı?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərin normallaşması prosesi getməkdədir, ancaq bu prosesin getdiyi yol hamar yol deyil. «Biz bu yolun ziqzaqvari olduğunu fərqindəyik. Bir birinə zidd olan iki proses paralel şəkildə getməkdədir. Bir yandan Ermənistanın ali siyasi rəhbərliyi mart ayın ortalarında irəli sürdüyü beş baza prinsipini qəbul edir və gələcək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini imzalayarkən həmin baza prinsiplərini əsas götürməyə razılıq verib. Hətta bu istiqamətdə müəyyən addımlar da atılıb».
Deputat qeyd edib ki, aprelin 12-də Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışında Qarabağa iddialardan əl çəkdiyini birbaşa və dolayısı ifadə etmiş oldu. «Məlum oldu ki, onun üçün əsas məsələ Qarabağın statusu deyil, Azərbaycan tərkibində Qarabağda yaşayan ermənilərin hüquqları, azadlıqları kimi məsələlərdir».
Onun sözlərinə görə, bütün bu reallıqlar fonunda ikinci bir proses da gedir. «Bu artıq Ermənistandakı revanşist qüvvələrin addımlarıdır. Onlar heç bir halda bu reallıqlarla barışmaq istəmirlər, mütləq istəyirlər ki, gərginlik qorunub saxlanılsın. Aprelin 25-dən başlayaraq Ermənistan müxalifətin Paşinyana qarşı uzunmüddətli itaətsizlik kampaniyasına başlamaq istəyirlər. Bununla paralel Zəngilan istiqamətində dövlət sərhədimizin pozulması faktı qeydə alınıb».
Komitə üzvünün fikrincə, «kim kimi» mübarizəsi gedir. «Bu mübarizədə sülhün yaranmasının tərəfdarı olanlar qalib gələcəklər. Çünki bunun əksi müharibədir. Bu müharibə isə Ermənistanın məhvi deməkdir».
Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Brüsseldə Avropa İttifaqının iştirakı ilə İlham Əliyevin Nikol Paşinyanla görüşü oldu. «Həmin o platformada İlham Əliyevlə Nikol Paşinyanın heç kəsin iştirakı olmadan müzakirə apara biliblər. Hesab edirəm ki, bu bizim milli maraqlarımıza tamamilə uyğundur. Ermənistanın da dövlət maraqlarına uyğundur. Çünki Ermənistanda çox ciddi problemlər var, ölkə iki türk dövləti arasındadır, dünyaya açıla bilmir, iqtisadi problemləri var, hərbi baxımından demək olar ki, çöküb. Ona görə də Azərbaycan və Türkiyə ilə problemləri həll etməlidilər».
Politoloqun fikrincə, N.Paşinyan bunu anlayır və ona görə bu prosesdədir. «Amma digər tərəfdən Rusiyanın apardığı bir proses var. O istəmir ki, Avropa İttifaqı platformasında Azərbaycan və Ermənistan olsunlar, Qarabağ məsələsini müzakirə etsinlər və öz aralarında problemlərini müzakirə etsinlər. O istəyir ki, bu proseslər məhz Rusiyanın nəzarətində olsun».
Onun sözlərinə görə, Rusiya başqa bir platformada danışıqların qarşısını almaq üçün öz təsiri altında olan Ermənistan müxalifətini hərəkətə gətirir. «Onlar bu danışıqlar gedə-gedə, bu yöndə müsbət mesajlar, bəyanatlar verildiyi dönəmdə Ermənistanda mitinqlər keçirirlər. Bu, sülh danışıqların qarşısını almaq məqsədini daşıyır və Rusiya tərəfindən qızışdırılır».

Oxşar xəbərlər