Yeni erməni həyasızlığı: Başkəndi Azərbaycanın 8 kəndinə dəyişmək istəyirlər
11-05-2022, 15:09
7 132

Yeni erməni həyasızlığı: Başkəndi Azərbaycanın 8 kəndinə dəyişmək istəyirlər

Ermənistan Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, anklavların qaytarılması baş tutmayacaq; deputat: “Qriqoryan daxili auditoriyanı sakitləşdirmək üçün bu açıqlamaları verir”

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, iki ölkə arasında anklavların qaytarılması baş tutmayacaq. “Yeni Müsavat” xəbər verir ki, o, 90-cı illərin əvvəllərində işğal edilmiş üç Azərbaycan anklavının və bir Ermənistan anklavının mübadilə edilməyəcəyinə eyham vurub. Qriqoryanın fikrincə, həll yolu ondan ibarətdir ki, Ermənistanın anklavları Azərbaycanda, Azərbaycanın anklavları isə Ermənistanda qalsın: “Anklavlar məsələsi hələ də qaldırılmayıb, hər iki tərəf susur. Hər iki tərəfdə anklav var. Azərbaycan ərazisində də, Ermənistan ərazisində də anklavlar mövcuddur. Bu anklavların sahəsi, demək olar ki, eynidir”.
Lakin erməni rəsmisinin hər iki anklavların sahəcə eyni olduğunu deməsinin gerçəkliklə əlaqəsi yoxdur. Ermənistanın bizdə olan anklavı Gədəbəydə yerləşən Başkənddir. Ancaq bizim Ermənistanda olan anklavlarımız  Qazağın 7 kəndi və Sədərəyin Kərki kəndidir. Sözügedən kəndlərin ərazisi Başkənddən xeyli böyükdür. Göründüyü kimi, Ermənistan rəsmisi  özünü avamlığa qoyaraq, Başkəndlə digər 8 kəndin sahəsini eyniləşdirməkdən çəkinmir. Halbuki xəritədə bunu müqayisə etməklə görmək mümkündür.
Yeri gəlmişkən, TŞ-nin katibinin sözlərinə rəsmi Bakıdan cavab gecikməyib. Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Qazağın 7 kəndi, Kərki və digər məsələlər delimitasiya kontekstində həllini tapmalıdır. Onun sözlərinə görə, bu ərazilər Azərbaycanındır: “Bu torpaqların Azərbaycanın nəzarəti altına keçməsi delimitasiya prosesini tələb etdiyinə görə bu çərçivədə baxılacaq. Bu məsələlər müzakirə olunub öz həllini tapacaq”.
Anklavlar məsələsi doğrudanmı, Ermənistan rəsmisinin dediyi kimi, müzakirə mövzusu deyil? Ermənistan niyə bu mövzuda da yalana üstünlük verir? Ümumiyyətlə, problem iki ölkə arasında necə həll edilməlidir? Çünki 10 noyabr sənədində Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndinin işğaldan azad olunması göstərilib. Lakin ötən müddət ərzində bu razılaşma icra olunmayıb. Erməni tərəfi zaman-zaman Başkənd məsələsini gündəmə gətirməklə 8 kəndlə bağlı “alternativ”  qoymağa və anlaşmanı pozmağa çalışırlar. X.Xələfovun açıqlaması isə belə  fikir formalaşdırır ki, Qazaxın 7 kəndi və Kərkinin qaytarılması məsələsini sərhədin delimitasiyası prosesində həll etməyi planlaşdırır. Məsələnin həlli bu şəkildə mümkündürmü? Rəsmi Bakı 8 kəndin azad edilməsini necə həyata keçirmək istəyir?
Elman Nəsirov: Paşinyan vaxt qazanmaq niyyətindən əl çəkməsə, onu da  sələflərinin taleyi gözləyir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi
Elman Nəsirov
İrəvanda etirazların baş qaldırdığı bir vaxtda Qriqoriyanın bu çıxışını dəyərləndirən deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistanda daxili situasiya gərgindir, “Qarabağ klanı” Paşinyanı milli maraqlara xəyanətdə ittiham edir: “Ona görə Qriqoryan açıqlamaları bu reallıqlardan qaynaqlanaraq verir. O və rəsmi İrəvan yaxşı bilir ki, əməkdaşlıq olmadan, bir-birinin ərazi bütövlüyünü tanımadan Ermənistanı blokadadan çıxarmaq, Türkiyə ilə münasibətlər qurmaq mümkün olmayacaq. Ermənistan lideri də Brüsseldə bəyanat verdi ki, Azərbaycanın 5 bəndlik sülh təklifini qəbul edir. Yəni Qarabağın ərazisini Azərbaycan torpaqları olaraq sayır, həmçinin Qazağın 7 kəndi və Kərkini bizim ərazilərimiz hesab edir. Artıq Ermənistan ”status"dan da danışmır, yalnız Qarabağdakı erməni əhalisinin təhlükəsizliyini önə çəkir. Bu səbəbdən hakimiyyət əleyhinə itaətsizlik aksiyaları başlayıb. Ona görə Qriqoryan daxili auditoriyanı sakitləşdirmək üçün bu açıqlamaları verir".
E.Nəsirovun sözlərinə görə, Qriqoryan yaxşı dərk edir ki, 8 kənd qaytarılmasa, danışıqlar və sülh müqaviləsi baş tutmaya bilər: “Bu da Ermənistana yaxşı perspektiv vəd etmir. Bu şəkildə məsuliyyətsiz açıqlamalar Türkiyə və Azərbaycanla əlaqələrə təsir edə bilər. Odur ki, məşhur misalda deyildiyi kimi, Qroqoryan 1 yazıb, ağlında 2 saxlayır. O baxımdan populist bəyanat kimi qiymətləndirirəm və daxili auditoriyaya hesablanmış fikirlər olaraq görünür”.
Qulamhüseyn Əlibəyli — Vikipediya
Qulamhüseyn Əlibəyli
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Ermənistan Qazağın kəndlərinin və Kərkinin anklav kimi qalmasını arzulayır: “Amma ermənilərin bizim ərazilərdə böyük anklavı da yoxdur. Ermənistan strateji cəhətdən bunu istəyə bilər ki, bizə təzyiq göstərsinlər. Amma 10 noyabr sənədinə əsasən həmi ərazilər qaytarılmalıdır. Ermənistanın başqa yolu qalmayıb”. Partiya sədrinin fikrincə, bu cür açıqlamalar etiraz aksiyaları ilə bağlıdır: “Sadəcə, Ermənistan strateji olaraq ərazilərin anklav kimi qalması istəyindədir. Ancaq bu kəndlərin anklav kimi həmişə qalması mümkün deyil, razılaşma mövcuddur. Ermənistan üçtərəfli sənədin bütün bəndlərini icra etməli olacaq. Ölkənin inkişafı bundan asılıdır. Paşinyan hakimiyyəti bilir ki, bu problemləri yarımçıq qoymaq olmaz. Sadəcə, iqtidara təzyiqlər var, aksiyalar keçirilir, belə vaxtda rəsmi şəxslər elə açıqlamalar verirlər ki, cəmiyyəti qəzəbləndirməsin, əksinə, razı salsın”.
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova güman etmir ki, Qriqoryan rəsmi mövqeyini ifadə edib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin nümayəndələri tez-tez belə ziddiyyətli çıxışlar etsə də, son açıqlamanı erməni cəmiyyətinə mesaj kimi qiymətləndirmək lazımdır: “Onlar xalqa çatdırır ki, biz heç bir qarış da torpaq vermirik. Müxalifətin ittihamları yalandır və hakimiyyət Ermənistanın milli maraqlarını üstün tutur. Yəni bu şəkildə insanları sakitləşdirməyə çalışırlar. Hərçənd aksiyalarda da böyük kütlə iştirak etmir. Erməni cəmiyyəti Qarabağ mövzusunda, Azərbaycanla torpaqlar məsələsində artıq çox yorulub və müharibə xüsusi təsir göstərib. Ona görə aksiyalara ciddi dəstək yoxdur. Bununla belə, müxalifət təzyiq edir və hakimiyyət məcbur qalaraq xalqa göstərir ki, biz 7 kəndi və Kərkini vermək niyyətində deyilik. Eyni həşiri Zəngəzur dəhlizi mövzusunda da çıxarmışdılar, Azərbaycan əsgərinin guya onların suveren ərazisinə daxil olduğunu iddia edirdilər, amma indi proses bizim istədiyimiz şəkildə getməyə başlayıb. Odur ki, Qriqoryan öz xalqının ”başının altına yastıq qoymaq"la məşğuldur".
Siyasi şərhçi hesab edir ki, Başkənd heç bir halda Qazaxın kəndləri və Kərki ilə əvəzlənə bilməz: “Ümumiyyətlə, danışıqlarda belə şərt qoyulmamalıdır. Üçtərəfli sazişdə heç də həmin 8 kəndin yerinə Başkəndin ermənilərə verilməsi nəzərdə tutulmur. O halda Qriqoryan özündən şou düzəltməsin və əlavə bəndlər ortaya çıxarmasın. Onun söylədikləri cəfəngiyyatdır”.

Oxşar xəbərlər