Azərbaycan kürüsü Avropa bazarına ixrac olunacaq
3-05-2023, 18:34
7 313

Azərbaycan kürüsü Avropa bazarına ixrac olunacaq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizin ixrac potensialını yüksəltmək və respublikamızda istehsal olunan qida məhsullarının Avropa bazarına çıxarılmasını asanlaşdırmaq məqsədilə həyata keçirilən tənzimləmə və nəzarət tədbirləri davam etdirilir. 
Tədbirlər çərçivəsində agentlik tərəfindən 2022-ci il ərzində balıqyetişdirmə müəssisələrindən (akvakulturadan) əldə olunan kürü məhsullarına dair Monitorinq Planı hazırlanıb və uğurla icra edilib. Monitorinqin nəticələri Avropa Komissiyasının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Direktorluğu tərəfindən təhlil olunduqdan sonra Azərbaycan Respublikasının adı “Avropa Parlamentinin və Şurasının 2017/625 saylı Qaydasına uyğun olaraq, insan istehlakı üçün nəzərdə tutulmuş heyvan mənşəli məhsulları Avropa İttifaqına daxil olmasına icazə verilmiş üçüncü tərəf ölkələrin və ya onların regionlarının siyahıları”nın 2021-ci il 24 mart tarixli 405 nömrəli qaydasının müvafiq əlavəsinə daxil edilib. Bununla da, Azərbaycanda Avropa İttifaqının tələblərinə uyğun fəaliyyət göstərən qida obyektlərində istehsal olunan kürü məhsullarını Aİ ölkələrinə ixrac etmək üçün imkan yaranıb. 
Qeyd edək ki, Avropa İttifaqına daxil olan dövlətlərə heyvan mənşəli qida məhsullarının göndərilməsinə icazə verilməsi üçün üçüncü tərəf ölkələrin qida təhlükəsizliyi üzrə qanunvericiliyi, habelə bu sahədə aparılan nəzarət və tənzimləmə tədbirləri Avropa qanunvericiliyinə uyğunlaşdırılmış olmalıdır.

Oxşar xəbərlər