Baydenin qalib gəlməsi ABŞ-ın intiharı ola bilər...
18-08-2020, 10:07
351

Baydenin qalib gəlməsi ABŞ-ın intiharı ola bilər...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 17 Avqust 2020-ci il

Məlum olduğu kimi, ABŞ prezident seçkiləri yaxınlaşır. Bu hazırlıq “Böyük Rəhbər”in seçkilərdən sonra yaşaya biləcəyi dəyişikliklərə uyğun olaraq aparılır. Məsələ Trampla Bayden və ya Respublikaçılarla Demokratlar arasındakı çəkişmədən ibarət deyil. Əlbəttə ki, ABŞ seçkiləri həmişə bütün dünya ilə bağlı olub. Ancaq indiyə qədər heç bir seçki bu dərəcə faciəvi bir mahiyyət daşımamışdı. Səbəb isə odur ki, bu seçki “sərmayə-dövlət” gərginliyinin pik həddə çatdığı bir mərhələdə keçiriləcək. Əvvəlki seçkilər “sərmayə-dövlət” arasındakı müxtəlif tarazlıqlara görə keçirilirdi. Ancaq bu dəfə elə olmayacaq. Çünki noyabr seçkiləri kəskin bir qopma nöqtəsinə əsaslanır.
Demokratların qlobalizmi müdafiə edən “dünyanın maliyyə qüvvələri”nin tələblərinə uyduğu, Respublikaçıların isə daha çox “dövlət maraqlarını” üstün tutduqları tez-tez vurğulanır. Yəni bu balanslamış vəziyyət, əslində, iqtisadiyyatı “siyasi zəkaya” tabe etməyə çalışan baxışla, iqtisadiyyatın siyasi zəkanın nəzarətindən çıxmasını müdafiə edən baxış arasındakı bir mübarizə olaraq da təsvir edilə bilər. Daha dəqiq desək, Bayden daha çox Obama dövründə təkmilləşdirilən proqrama sadiq qalaraq irəliləyir. Bu proqram hər sahədə ABŞ-Avaropa İttifaqı yaxınlaşmasını müdafiə edən və Çinin iqtisadi artımına uyğun bir siyasəti təsbit edir. Bir sözlə, Bayden qazanarsa, ABŞ-ın bu cür iqtisadi münasibətlər şəbəkəsində yaşayacağı ehtimal olunur, hətta bəzilərinin fikrincə, Baydenin proqramı öncədən bəlli olan zərərləri çox da nəzərə almır. Zənnimcə, bu modelin proqnozlaşdırılması dünya maliyyə qüvvələrinin, həm Çini, həm də ABŞ-AB qardaşlığını idarə etməsinin nəticəsi olaraq ortaya çıxır. Burada ABŞ-ın bir dövlət, amerikalıların isə bir millət olaraq məğlub olacağına çox da əhəmiyyət verilmir.
Bəs ABŞ bu vəziyyətdə nələri itirə bilər? Demokratlar və Bayden qalib gəlsə, dünyada həm bir dövriyyə, həm də yatırım vasitəsi olan dollar kimi kənara atılacaq və dəyər itirən ABŞ dolları rezerv pul statusunu sürətlə itirəcək. Lakin bunun əvəzinə BVF rəhbərliyi - SDR də ola bilər - rəqəmsal, “blockchain” sisteminə əsaslanan yeni bir valyutanın hökmran olacağı proqnozlaşdırılır.
Əlbəttə ki, bu həddən artıq nizamsız bir maliyyə rejimi olacaq. Bəlkə də, nəzarət altına alınmayan yeni ehtiyat valyutasının yaranması nəticəsində 1970-ci illərdə tarixə keçən “Nixon Şoku”na bənzər bir “Bayden Şoku” meydana çıxacaq.
Diqqətlə baxdıqda görünür ki, Baydenin qiymətləndirmələrində, işsizliyin təxminən 50 milyona çatdığı və çökmüş infrastrukturun göstəricisi olan səhiyyə sisteminin iflası səbəbindən hər gün yüzlərlə insanın virusa qurban verildiyi ABŞ-da heç bir “sosial inkişaf” vədi yoxdur. Yəni Bayden çox səthi davranaraq bütün problemləri Trampa və onun zəif idarəçiliyinə yükləyir. Halbuki ABŞ-ın düşdüyü bu vəziyyətə görə qlobalist maliyyə şəbəkələri daha çox məsuliyyət daşıyır.
Demokratlar Berni Sandersi kənarlaşdıraraq böyük bir tarixi fürsəti əldən verdilər. Onlar əməyi, hüququ və ədaləti deyil, lümpen kapitalı seçdilər. Bu laqeydlik həddinə çatan lümpenlik təkcə demokratik paylaşma və yenidən bölüşdürmədə deyil, həm də iqtisadi səmərəlilik meyarında da görünür.

Baydenin proqramında ABŞ-ın 1950-1970 illərdəki iqtisadi cəhətdən məhsuldar bir güc kimi önə çıxdığı mövzular da ciddi şəkildə vurğulanmır. Bir sözlə, Bayden prezident namizədləri tarixinin ən cılız, həyasız və təsirsiz nümunələrindən biridir. İndiki vəziyyətdə araşdırmalar onun seçkidə qalib gəlmə ehtimalının çox yüksək olduğunu göstərir. Lakin bu da şübhəlidir. Əgər bu qiymətləndirmələr doğrudursa, deməli, ABŞ “intihar”ı seçib.
Tramp isə seçicilərinə iqtisadiyyatı dirçəldən və millətlərarası quruluşların təzyiqindən tam azad edilmiş bir ABŞ dizaynı təqdim edir. Daha da önəmlisi, dolları yenidən qızılla eyni nəzarətə salmaq barədə danışır. J. Şeltonu FED-in prezidenti etmək istəyi də bunu göstərir. O, Pentaqondan və silah, maşın, kimya və enerjiyə yönəlmiş ABŞ-ın bəzi aparıcı sahibkarlıq dairələrindən dəstək alır. İqtisadi cəhətdən güclənmək və Çinlə rəqabət aparmaq istəyir. Bu, Trampı tərifləmək kimi başa düşülməməlidir, sadəcə olaraq ABŞ üçün bu gün “məqbul” olan budur. Lakin təəssüf ki, siyasətdə məqbul olan həmişə qalib gələ bilmir.
Əgər Bayden qalib gələrsə, Aİ dairələri və Çin çox xoşbəxt olacaq. Bəlkə, Rusiya da bu məmnun olanların sırasına qoşula bilər. İranın da buna görə sevinəcəyini təxmin etmək olar.
Təbii olaraq Türkiyə çox çətin bir mərhələyə girəcək. BƏƏ, Səudiyyə Ərəbistanı və İsrailin qarışıqlıq keçirəcəyini də proqnozlaşdıra bilərik. Ancaq dəqiq olan budur ki, indi hər bir oyunçunun gündəmində bir B (Bayden) planı mütləq olmalıdır.

Oxşar xəbərlər