"Builki imtahan nəticələri yenə də ürəkaçan deyil..." - Ekspertlər səbəbləri sadalayır
10-09-2020, 12:13
453

"Builki imtahan nəticələri yenə də ürəkaçan deyil..." - Ekspertlər səbəbləri sadalayır

2020-2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb. Sentyabrın 10-dan 20-dək abituriyentlərə ixtisas seçimi imkanı yaradılacaq. Dövlət İmtahan Mərkəzinin yeni tədris ilində ali məktəblərə ixtisas qrupları üzrə açıqladığı müsabiqə şərtlərinə görə, I ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. II ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. III ixtisas qrupu müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. IV ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır. Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. Ali təhsil müəssisələrinin V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun balı, qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı əsasında aparılır.

Yeri gəlmişkən, bu ilki qəbul imtahanlarının nəticəsi onu göstərir ki, abituriyentlər imtahanlarda heç də yüksək bilik nümayiş etdirməyiblər. Məsələn, I qrupda 600-dan yuxarı nəticə göstərənlərin sayı 607 nəfər olub, bu da iştirakçıların 2,15 faizini edir. Ötən il belə abituriyentlərin sayı 553 nəfər idi, bu da təxminən 2 faiz təşkil edirdi. 0-100 bal arası nəticə göstərənlərin sayı 16, 100 baldan yuxarı nəticə göstərənlərin sayı isə 84 faiz təşkil edib. Belə demək mümkündürsə, biz bu il də bilik bazası zəif olan məzunların ali məktəblərə qəbul olmasına şahidlik edəcəyik. Bu isə gələcəkdə əmək bazarı üçün ciddi təhdid yaradır. Həmin məzunların əmək bazarı üçün nə dərəcədə rəqabətli kadr ola biləcəyi məsələsi sual altındadır.

Bəs görəsən, abituriyentlərin nəticələrinin zəif olmasının səbəbləri hansılardır? Bu problemin həlli üçün çıxış yolu varmı?

Mövzu ilə bağlı hafta.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov deyib ki, məzunların nəticəsinin zəif olmasının obyektiv və subyektiv səbəbləri var:

“Obyektiv səbəb ondan ibarətdir ki, dünyada koronavirus pandemiyası tüğyan edir . Bu virus hər ölkədə olduğu kimi, Azərbaycanda da təhsil sahəsini iflic etdi. Nə təhsilverənlər, nə təhsilalanlar, nə də valideynlər buna hazır deyildi. Amma bizim qəbulla bağlı nəticələri tam olaraq koronavirusa bağlamağımız düzgün deyil. Çünki ötən il də, 5 il də, 10 il də bundan əvvəl nəticələr zəif olub. Deməli, təhsil sahəsində kardinal dəyişikliklər, köklü islahatlar aparılmalıdır. Bu nəticələr onu göstərir ki, biz uşaqlarımızı imtahanlara yaxşı hazırlaya bilmirik. Deməli, nə yaxşı müəllim, nə də yaxsı valideyn deyilik”.     

Ekspert bununla yanaşı vurğulayıb ki, imtahanlarda toplanan bal abituriyentin bilik göstəricisi sayıla bilməz: 

“Mən bala nisbi olaraq baxıram. Ümumiyyətlə, ali məktəblərə qəbul imtahanlarının keçirilməsi milli maraqlara uyğun deyil. İyirmi il bundan qabaq Rusiyanın təhsil naziri deyirdi ki, dövlət tərəfindən həm qəbul, həm də buraxılış imtahanı keçirmək məntiqə sığmır. Şagirdin orta məktəbdə keçdiyi eyni fənlərdən iki dəfə imtahan verməsi axmaqlıqdır. Mən də artıq otuz ildir ki, eyni şeyi deyirəm. Təkrar etməkdən də yorulmuşam. Qəbul imtahanı sovet dövründə vacib idi. Çünki hər 100 uşağın 33-ü ali məktəbə qəbul olurdu, 67-si isə “sovxoz” üçün fəhlə kimi hazırlanırdı. Bütün SSRİ-də 100 nəfərdən 33-ü ali savadlı idi, onlara təyinat verilirdi. Tələbələr təqaüd və yataqxana ilə təmin edilirdi. Dünya ölkələri gənclərin ali təhsilli olmasına çalışır. Bu, cəmiyyətin intellektual səviyyəsinin artmasına səbəb olur. Qəbul imtahanları cəmiyyətin intellekt səviyyəsinin yüksəlməsinə əngəl olan bir prosedurdur. Administrativ yollarla imtahan keçirib, abituriyentləri bu və ya başqa universitetə yerləşdirmək doğru deyil. Əgər qəbul imtahanlarının saxlanılmasını istəyiriksə, o halda imtahanlar çox sadələşdirilməlidir. Bizim orta məktəbi bitirən şagirdlərin, təqribən, 70 faizi yerli universitetlərə, qalanları isə xarici universitetlərə üz tuturlar. Demək olar ki, xaricə də üz tutanlar ən savadlı şagirdlər olur. Bu 70 faizin 60 faizini bizim universitelərə götürüb, onları oxuda bilərik. Seçim aparmaq üçün yüngül test, yaxud da müsahibə keçirmək olar. Bunun üçün hay-həşir qoparmağa, imtahan üçün çox sayda sənədlər toplamağa, gərginlik yaşamağa ehtiyac yoxdur.

"Əgər qəbul imtahanlarının saxlanılmasını istəyiriksə, o halda imtahanlar çox sadələşdirilməlidir"

Bu məsələlər gənclərin əsəblərini korlayır, mili maraqlara və dövlətçiliyə ziddir. Qəbul imtahanlarına bəzən elə suallar salırlar ki, onlara heç müəllimlər də cavab verə bilməz. Bütün bunlara son qoymaq lazımdır”.

Mövzu ilə bağlı fikirlərini hafta.az-la bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov isə bildirib ki, təhsilin keyfiyyəti bir-iki ilin nəticələri ilə ölçülə bilməz:

“Hansısa bir il, konkret olaraq elə bu ili götürsək məzunların göstəricilərinin aşağı olması hər hansı bir narahatçılıq keçirmək üşün əsaslı səbəb ola bilməz və bunu təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirmək də yanlışlıq olardı. Təhsilin keyfiyyəti bir-iki ilin nəticələri ilə ölçülə bilməz. Təhsilin keyfiyyətinin aşağı düşməsi və ya əksinə yüksəlməsi 10 illiklərin işidir. Ötən illər aşağı göstəricilər ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinin tətbiqi (açıq testlərə adaptasiya)  ilə əlaqədar idisə, bu ilki nəticələrdə fiziki və psixoloji gərginliyə səbəb olan  pandemiyanın fəsadları da istisnalıq təşkil etməyən səbəblərdən biridir. Bu baxımdan hesab edirəm ki, insan iradəsindən asılı olmayaraq yaranan mövcud vəziyyətdən minimum ziyanla çıxmaq üçün bütün mümkün olan səy və vastələrin səfərbər edildiyi bir zamanda göstəricilərin aşağı və ya yuxarı olması, ümumiyyətlə təhsilin keyfiyyəti ilə bağlı məsələni mübahisələndirmək düzgün olmazdı. Göstəricilər zəif olarsa belə, bu heç də bütövlükdə təhsilin keyfiyyətinin aşağı olması anlamına gələ bilməz.  Ümumiyyətlə, keyfiyyətli təhsil nə deməkdir? Təhsilin keyfiyyəti nə ilə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici nədir və ya hansılardır? Bu göstəriciləri keyfiyyətin qiymətləndirilməsində obyektiv meyar, etibarlı mənbə hesab etmək olarmı? Hansısa bir konkret nəticədən çıxış edərək, bütövlükdə təhsil sisteminin fəaliyyətini qiymətləndirmək mümkündürmü?

"Göstəricilər zəif olarsa belə, bu heç də bütövlükdə təhsilin keyfiyyətinin aşağı olması anlamına gələ bilməz"

Kütləvi pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti  cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəsizliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya" kimi xarakterizə olunur. YUNESKO-nun tərifinə əsasən təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur.” Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 civarında bal toplaması ilə ölçürük. Onu da nəzərə almırıq ki, pandemiya bütün dünya iqtisadiyyatına da, digər sahələrə də ciddi ziyan vurub, o cümlədən təhsilə də təsirsiz ötüşməyib. İndi əsas odur ki, minimum vəzifə - təhsilin ayaq üstə saxlanılması təmin edilib, təhsildə fasiləsizliyin və dayanığlılığın təmin edilməsi istiqamətində cəlb olunan qüvvələr maksimum səfərbər edilib. Təhsil Naziri Emin Əmrullayevin də qeyd etdiyi kimi, “Təhsil xalqın gələcəyidir və nə olursa olsun, davam etdirilməlidir, ancaq xüsusi şərtlər daxilində.”

Ekspert qeyd edib ki, DİM tərəfindən tələbələrin  mənafeyinə yönəlik mümkün olan bütün addımlar atılıb: “Birinci mərhələnin imtahanında 50 faiz açıq sualların ənənəvi qapalı suallarla əvəzlənməsi, müxtəlif səbəblərdən buraxılış imtahanında iştirak etməyən şagirdlər üçün əlavə imtahanların keçirilməsi, plan yerlərinin sayının 1,79 faiz, dövlət sifarişli yerlərin sayı 8 faiz artması, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlərin nəşri, qəbul prosesinin infeksiyasnın profilaktikasına dair metodiki göstərişlərə uyğun təşkil edilməsi, lazımi sosial məsafənin saxlanılmasının təmin olunması, DİM sədri tərəfindən valideynlər və abituriyentlərə çağırış edilməsi və s. Göstəricilər bu il zəif olar, növbəti il yüksələr. Əsas olanı optimist əhval-ruhiyyəni saxlamaqdır.

Oxşar xəbərlər