Onlayn dərs paltformasında yaranmış problemlər... - Kompyütersiz və internetsiz uşaqlar neyləməlidir?
22-09-2020, 10:12
496

Onlayn dərs paltformasında yaranmış problemlər... - Kompyütersiz və internetsiz uşaqlar neyləməlidir?

Təhsil eksperti: “Mövcud vəziyyətdə təhsilin əlçatanlılığının təmin edilməsi üçün yeganə vasitə hər bir şagirdə dövlət büdcəsinin vəsaiti hesabına planşet verilməsidir”.
Sosioloq: “Bu vəziyyətdə sosial təbəqələr arasında uçurum süni şəkildə artırılır və sosial-psixoloji diskomfort yaranır. Təhsil Nazirliyi açıqca deyir ki, kasıb uşaqları təhsil almasın, təhsil ancaq varlılar üçündür”.
Azərbaycanda onlayn dərslərə start verildikdən sonra məlum oldu ki, bir çox şagirdlərin evdə kompyüterləri yoxdur. Ölkədə isə kompüterlər olduqca baha qiymətə satılır və kasıb ailələrin çoxu normal kompyüter almaq imkanında deyil. Digər tərəfdən isə ötən həftə hökümətin xaricdən onlayn alverə qoyduğu limit qüvvəyə minib. Bu da fərdi yolla xaricdən daha ucuz qiymətə ölkəyə kompyüter gətirilməsini qeyri-mümkün edir.
Xatırladaq ki, ötən tədris ilində Təhsil Nazirliyi bildirmişdi ki, pandemiya davam edərsə, onlayn dərs keçmək üçün Nazirlik şagirdləri planşetlərlə təmin edəcək. Lakin hazırda bu barədə heç kim danışmır.

Kasıb ailələrin ucuz kompüterə təlabatının kəskin artığı hazırkı vaxtda hökümətin xaricdən onlayn alverə qoyduğu limiti təsadüfü hesab etmək olar, yoxsa bu monopolistlərin qurduğu oyun kimi qəbul olunmalıdır? Onlayn dərs paltformasında yaranmış problemləri ortadan qaldırmaq üçün hökümət hansı zəruri və təcili addımları atmalıdır?
Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov və sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Kamran Əsədov: “Mən hesab edirəm ki, 2-3 gün məktəbə getməklə tam bilik və bacarıqlara malik olmaq mümkün olmasa da, ən azından onlayn darslərdən bu daha effektivdir”.
Məktəblərdə kompüterləşmə, ən əsası da hər uşağa bir kompüter və planşetlərin verilməsi prosesinin birdən deyil, addım-addım gedən prosesdir olduğunu düşünən təhsil eksperti PİA.az-a açıqlamasında bildirib ki, bu günə kimi də həmin proses davam edir. Yəni artıq bu avadanlıqlarla təchiz edilmiş bir sıra pilot məktəblər var:
“Təhlil aparsaq görərik ki, pandemiya ən çox təhsil sahəsinə ciddi təsir göstərdi. Belə ki, bu sahə fəaliyyətini davam etmək üçün 180 dərəcə bütün infrastrukturu dəyişməlidir. Tədris həftəsi əvvəllər 34 həftə idi və şagirdlər 210 gün məktəblərə gedirdilər. İndi isə bu rəqəm 68 günə qədər düşəcək ki, hesab edirəm ki, ötən tədris ilində qənaətbəxş təhsil verilməsi imkanları məhdud olduğuna görə, şagirdlərdə geriləmə tam mümkün haldır.
Mən hesab edirəm ki, 2-3 gün məktəbə getməklə tam bilik və bacarıqlara malik olmaq mümkün olmasa da, ən azından onlayn darslərdən bu daha effektivdir. Lakin bir məqam var, bu gün 4447 ort məktəbdə çalışan 151 min müəllimin 37 faizi risk qrupuna aiddir. Bu zaman onları ənənəvi yox, onlayn dərslərə cəlb etmək lazımdır.

Məsələ o deyil ki, şagirdlər 2-3 gün dərsdə olduqları üçün virusa yoluxacaqlar. O şagirdlər məktəbə gəlmək üçün ictimai nəqliyyatdan istifadə edirlər. O zama əlbətdə ki, yoluxma halları olacaq və o şagirdlər məktəbə daxil olanda ciddi yoxlanılmasalar, potensial daşıyıcıya çevriləcəklər.
Kamran Əsədov: “Texnologiyanın günbəgün inkişaf etdiyi bir dönəmdə, şagirdlərin 2023-ci ilə qədər planşetlə təmin olunması bir qədər gecdir”.
Hesab edirəm ki, Bakı və bölgələrdə şagirdləri daşımaq üçün xüsusi avtobuslar ayrılmalıdır və o avtobuslar yalnız şagirdləri daşımalıdır. Məsələ odur ki, məktəblərə dezinfeksiya işləri, şagirdlərin yoxlanılması çox ciddi aparılmalıdır.
Baxçaların fəaliyyətinə icazə verildi, amma nəzərə alsaq ki, 1675 uşaq baxçasında 110 min uşaq tərbiyə alır və onları valideyinləri aparır baxçalara, deməli təmas halları olacaq ki, bu da yoluxma hallarına təsir göstərə bilər.
İlk növbədə qeyd edim ki, təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, 2023-ci ilə qədər ümumtəhsil məktəblərində təhsil alan bütün şagirdlər planşetlərlə təmin olunacaqlar.
Etiraf edək ki, texnologiyanın günbəgün inkişaf etdiyi bir dönəmdə, şagirdlərin 2023-ci ilə qədər planşetlə təmin olunması bir qədər gecdir.
Keçmiş postsovet dövlətləri arasında Azərbaycanda təhsilə dövlət səviyyəsində ayrılan sərmayə və diqqət heç yerdə yoxdur. İndi orta məktəblərdə bu texnologiyadan istifadə edəcək kadrların hazırlanması prosesinə başlamaq lazımdır.

Məktəblərdə kompüterləşmə, ən əsası da hər uşağa bir kompüter və planşetlərin verilməsi prosesi birdən deyil, addım-addım gedən prosesdir ki, bu günə kimi də həmin proses davam edir. Yəni artıq bu avadanlıqlarla təchiz edilmiş bir sıra pilot məktəblərimiz var. Bu hal birdən-birə olmur, tədricən baş verib və davam olunur. Müasir tədrisdə yeniliklər sayəsində təlimdə də inkişafa doğru gedən sürətli biliköyrənmə prosesi yaranıb. Şagirdlər biliklərinin artırılması üçün planşetlərdən istifadə edərək, mövzuları daha asan və daha yaddaqalan səviyyədə mənimsəyirlər.
Kamran Əsədov: “Keçmiş postsovet dövlətləri arasında Azərbaycanda təhsilə dövlət səviyyəsində ayrılan sərmayə və diqqət heç yerdə yoxdur”.
Dərslərin internetin köməkliyilə keçirilməsinin də bir sıra üstün cəhətləri vardır. Misal üçün, mövzuya dair verilən tapşırıqların yerinə yetirilməsində, əlavə maraqlı məlumatların alınmasında, onlayn testlərin yerinə yetirilməsində, onlayn şagird nəzarəti və şagird nailiyyətlərinin qiymətləndirilməsində internetin rolu əvəzsizdir.Hal-hazırda artıq Gürcüstan höküməti bu layihəyə keçid edib. Bu ciddi şəkildə vəsaitə qənaət etmək deməkdir. Mövcud vəziyyətdə təhsilin əlçatanlılığının təmin edilməsi üçün yeganə vasitə hər bir şagirdə dövlət büdcəsinin vəsaiti hesabına planşet verilməsidir”.

Elçin Bayramlı: “Təhsil Nazirliyi heç olmasa yazda verdiyi açıqlamadan utansın. Demişdilər ki, pandemiya uzanarsa, onlayn təhsil üçün şagirdlər planşetlərlə təmin ediləcək. Əksər ölkələrdə belə də edilib”.
Problemin konkret həll yollarının olduğunu düşünən sosioloq Elçin Bayramlı isə PİA.az-a açıqlmasında bildirib ki, iki yoldan biri seçilməlidir. Ya şagirdləri başqa ölkələrdə olduğu kimi elektron cihazlarla təmin edəcəklər, ya da etmirlərsə, onda normal təhsilə qayıtmalıdırlar:
“Heç kimə sirr deyil ki, şagirdlərin yarıdan çoxunun evdə kompüteri və şəxsi smart telefonu yoxdur. Ona görə də, onlayn təhsilə bəri başdan necə deyərlər “bir quş”. Texnomağazalarda kompüterlərin qiymətləri əl yandırır və əhalinin 70 faizi onları almaq iqtidarında deyil, özü də indiki çətinlik, işsizlik, gəlirlərin azaldığı və xərclərin artdığı bir vaxtda.
Bu azmış kimi, vətəndaşların şəxsi istifadə üçün xaricdən onlayn aldıqları və gömrükdən ölkəyə keçən malların ümumi dəyər limitinin 3 dəfə azaldılması çox təəccüblüdür. 300 dollara nə ala bilərsən? Normal komputer dünya bazarında 500 dollardan aşağı deyil. Beləliklə, insanların borca-xərcə, sələmə, kreditə girib yerli mağazalardan 1000-1500 manata kompüter almağa məcbur edilməsi yumşaq desək həyasızlıqdır. Bu vəziyyətdə sosial təbəqələr arasında uçurum süni şəkildə artırılır və sosial-psixoloji diskomfort yaranır. Belə ki, Təhsil Nazirliyi açıqca deyir ki, kasıb uşaqları təhsil almasın, təhsil ancaq varlılar üçündür.

Təhsil Nazirliyi heç olmasa yazda verdiyi açıqlamadan utansın. Demişdilər ki, pandemiya uzanarsa, onlayn təhsil üçün şagirdlər planşetlərlə təmin ediləcək. Əksər ölkələrdə belə də edilib. Əgər bunu edə bilmirsənsə və ya etmək istəmirsənsə, ondan zəhmət çək onlayn təhsili dayandır normal təhsilə keç, keçə bilmirsənsə, onda zəhmət çək imkansız ailələrin uşaqlarını komputerlə və panşetlə təmin et.
Elçin Bayramlı: “Onlayn təhsil bizlik deyil, ən yaxşısı normal təhsilə qayıtsınlar. Əgər bunu da virus qorxusundan edə bilmirlərsə, ümumiyyətlə təhsili dayandırsınlar”.
Hazırki vəziyyət bütün sistemi dağıdıb. Bir çox valideynlər işə gedə bilmirlər, çünki əvvəl uşağı məktəbə qoyub gedirdi, indi məcburdur ki, evdə uşağın yanında qalsın, bir çoxları da öz smartfonlarını uşağa verməyə məcbur olurlar ki, bununla da onların öz işləri pozulur.
Problemin konkret həll yolları var və iki yoldan biri seçilməlidir. Ya şagirdləri başqa ölkələrdə olduğu kimi elektron cihazlarla təmin edəcəklər, ya da etmirlərsə, onda normal təhsilə qayıtmalıdırlar. Mən hələ ölkədə internetin bərbad və çox baha olmasına, əhalinin yarısının internetinin olmadığına toxunmuram. Qısa desək, onlayn təhsil bizlik deyil, ən yaxşısı normal təhsilə qayıtsınlar. Əgər bunu da virus qorxusundan edə bilmirlərsə, ümumiyyətlə təhsili dayandırsınlar”.
Nərminə UMUDLU

Oxşar xəbərlər