Azərbaycanda neçə əcnəbi təhsil alır?
12-11-2022, 12:00
3 924

Azərbaycanda neçə əcnəbi təhsil alır?

2022-2023-cü tədris ilində Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində 111 ölkədən 8819 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, İraq, Şri-Lanka, Suriya və digər ölkələri təmsil edirlər.
Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti yer alır.
Cari tədris ili üzrə şəxsi vəsaiti hesabına ölkəmizdə təhsil almaq istəyənlərlə yanaşı, dövlət büdcəsi hesabına təhsil almaq üçün də əcnəbi vətəndaşların qəbulu həyata keçirilib. Belə ki, ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 40 vətəndaşı (hər bir qrant proqramı üzrə 20 nəfər) müxtəlif yerli təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Eyni zamanda, hökumətlərarası sazişlər çərçivəsində Çinin 41, Qazaxıstanın 4, Tacikistanın isə 1 nəfər vətəndaşı ölkəmizdə təhsil imkanından yararlanıb.

Oxşar xəbərlər