Uşaqlar üçün qadağan olunmuş siqaretlər satılır
20-09-2019, 21:00
841

Uşaqlar üçün qadağan olunmuş siqaretlər satılır

Tək-tək satış, xüsusən üzərində böyük miqdarda pul olmayan uşaq və yeniyetmələrin siqaret arzularını reallaşdırır.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Sakin: "Çəkən adam qutu ala bilmir. Məcburdur tək-tək alsın və yaxud satıcı öz malını satmaq üçün üzdə də olmasa, aşağıda tək-tək satacaq. Bunun qarşısını ala bilmirik. Ən yaxşısı odur ki, ümumiyyətlə, çəkməyin qarşısı alınsın".

1 ədədi 10-20 qəpiyə satılır. Qiymətin belə olması bir çox gəncin siqaret çəkməyə meylini artırır.
Nabil Seyidov - Ekspert: "Tək-tək alan, əlbəttə ki, uşaqlardır, 18 yaşa qədər və gənclərdir. Onların aralarında tələbələr də çoxluq təşkil edir. Uşaqlara siqaretlərin, tütün məmulatlarının əlçatanlılığını biz məhdudlaşdırmalıyıq. Və bunun da yollarından biri odur ki, siqaret-tütün məmulatları tək-tək satıla bilməz. İlk növbətə, uşaqlara, ikinci növbədə isə, ümumiyyətlə, tək-tək satıla bilməz".

"Tütün və tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunda Azərbaycanda siqaretlərin ədədlə satışı qadağandır.

Musa Quliyev - Deputat: "Bu qanuna görə, siqaretlərin ədədlə, yəni qutusundan kənar çıxarıb, bir-bir satılması qadağandır. Uşaqların tütün məmulatlarına əlçatanlılığının azaldılması nəzərdə tutulur. Çünki uşaqlarda adətən pul çox olmur ki, onlar bötüv qutu alsınlar. Ona görə də bəzən görürsən ki, yeniyetmələr tək-tək siqaret almağa üstünlük verirlər".

Köşklərdə siqaretin ədədlə satışı daha çox tələbə və məktəblilərin olduğu ərazilərdədir.

Nabil Seyidov - Ekspert: "Burada çox mühüm məqam cərimələrin artırılmasıdır. Bundan əlavə tütün məmulatlarının qiymətlərinin daha da artırlması vacibdir ki, nə tək-tək, nə də qutu kimi də ala bilməsinlər".

Musa Quliyev - Deputat: "Ümumiyyətlə, "Tütün və tütün məmulatları haqqında" qanun layihəsi uşaqların, yeniyetmələrin gənc nəslin qorunmasına xidmət edir. Qanunun əsas məqsədi ölkədə tütünsüz mühit yaratmaq, uşaqlar və yeniyetmələrin tütünlə və tütün tüstüsü ilə təmasda olmamasıdır".

Qeyd edək ki, siqaretlərin ədədlə satışına görə, İnzibati Xətalar Məcəlləsində 30 manatdan 50 manata qədər cərimələr nəzərdə tutulub.

Oxşar xəbərlər