Ekonazirliyin Milli Hidrometeorologiya Xidmətində Xəlil Ramazanovun, Əkbər Həsənovun “ənənə”ləri davam edir- Xidmətin rəhbəri Umayra Tağıyeva etimadı doğrultmur
8-04-2021, 20:33
236

Ekonazirliyin Milli Hidrometeorologiya Xidmətində Xəlil Ramazanovun, Əkbər Həsənovun “ənənə”ləri davam edir- Xidmətin rəhbəri Umayra Tağıyeva etimadı doğrultmur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin adı uzun müddət mətbuatda  korrupsiya mənbəyi kimi hallanıb. Hətta Bakı Ağır Cinayətlər Məhkəməsində Departamentin direktoru  Əkbər Həsənovun, digər şəxslərin uzun müddət məhkəmə prosesi  olub. Uzun sürən istintaq prosesində 100-lərlə şəxsin adına maaş kartı açıldığı, 451 min manat dövlət vəsaitinin mənimsənildiyi üzə çıxıb. Bu təkcə bir faktdır. Düzdür departamentin direktoru  300 min manat pulu qaytarıb, amma baş mühasib məhkəmədə pulların nazir Hüseynqulu Bağırova verildiyini deyərək zərəri ödəməyib. 
Ümumiyyətlə, bu departamentin adı həmişə korrupsiyada və qalmaqallarda hallanıb. 
Əkbər Həsənovdan əvvəl direktor olan  Xəlil Ramazanovun da əməlləri həmişə mətbuatın bəzəyi olub. 
Kənardan baxanda çoxları düşünə bilər ki, axı hava proqnozu verən bu qurumda necə maxinasiyalar, korrupsiya ola bilər. İlk baxışdan belə görünür. Amma…
Bəlkə də çoxları bilmir ki, bu departamentin regional idarələri, az qala hər rayonda stansiyaları və s fəaliyyət göstərir. Yüzlərlə işçisi olan bu quruma dövlət kifayət qədər maliyyə vəsaiti ayırır. 
Bir məsələni də xüsusi olaraq qeyd edək ki, hətta dövlət başçısının  ölkədaxili səfərləri zamanı departament rəsmi hava proqnozunu təqdim edir. Yəni qurum çox böyük məsuliyyət daşıyır. Xırda bir səhv ciddi nəticələrə səbəb ola bilər. 
Amma çox təəssüf ki, keçmiş nazir Hüseynqulu Bağırovun zamanında, o cümlədən departamentə müxtəlif vaxtlarda rəhbərlik etmiş  Xəlil Ramazanovun, Əkbər Həsənovun vaxtında departament  ancaq korrupsiya mənbəyi olub. Yəni qurum üzərinə düşən  işləri lazımi səviyyədə yerinə yetirə bilməyib. Hətta rayonlardakı idarələrdə, stansiyalarda yüzlərlə “ölü can”lar  olub. 
Bir faktı da qeyd edək ki, bir neçə il əvvəl Qubada ölən 3 alpinistə görə, departament məsuliyyət daşımalı idi. Amma..
Amması odur ki, departamentin rəisi 300 min manat pulu gətirib ödəyəndə soruşan olmadı ki, bu pul səndə haradandır ? Sən dövlətdən konkret maaş alırsan. 
Departamentin Hava proqnozu şöbəsi olub. Və həmin şöbənin rəhbəri uzun müddət Umayra  Tağıyeva olub. Bir neçə dəfə işdəki nöqsanlara görə, vəzifəsindən kənarlaşdırılıb. Və yeni nazir Muxtar  Babayevin  təşəbbüsü ilə  Departament Milli  Hidrometeorologiya Xidmətə çevrilib, səlahiyyətləri də artıb, işçilərin sayı da. Və Umayra  Tağıyeva  Xidmətin rəhbəri olub. 
Ancaq  daxil olan məlumatlara görə, Umayra xanım da Xəlil Ramazanovun, Əkbər Həsənovun “ənənələri”ni davam etdirir. Yenə əmək müqaviləsi  olmadan işçilər çalışır, yenə rayonlarda maaş kartları kimlərin cibindədir bilinmir. Təkcə bir məsələni qeyd edək. Xidmətin tabeçiliyində olan  Şahdağ  Elm Mərkəzində baş verən maxinasiyalardan Umayra Tağıyevanın xəbəri yoxdur ?
Yoxdursa,  niyə ? 
Xəbəri varsa, niyə tədbir görmür ?
Xidmətdə baş verənlərlə bağlı araşdırmalarımız davam edir. Bizi izləyin.

Oxşar xəbərlər