Qazaxda Uşaq polikilinikası necə satıldı?
30-04-2021, 11:36
175

Qazaxda Uşaq polikilinikası necə satıldı?

Qazax Rayonunda Qadın məsləhətxanası və Uşaq polikilinikasının yerləşdiyi ikimərtəbəli binanın satılması ilə bağlı regionnews.az-a məlumat daxil olub. Məlumatda göstərilir ki, Qadın məsləhətxanası və Uşaq polikilinikasını Qazax rayonu icra hakimiyyətinin başçısı  Rəcəb Babaşov, Qazax  RİH başçısının Qazax şəhər  inzibati dairəsi üzrə nümayəndəsi Akif Vəliyevin adına özəlləşdirilib. Həmçinin Qadın məsləhətxanası və Uşaq polikilinikasının tibbi personalı binadan çıxarılıb və avadanlıqları tələm tələsik boşaldılıb. Bildirilib ki, binaya koronaviruslu xəstələr yerləşdiriləcək. 
Maraqlıdır koronavirusa yoluxmanın artdığı, eləcə də boş çarpayıların olmadığı, modul tipli xəstəxanalara ehtiyacın yarandığı bir vaxtda xəstəxana binası hansı zərurətdən satılıb? 
Məsələ ilə bağlı danışan Qazax Uşaq Polikilinikasınən müdiri Mehriban Nəsibova faktı təsdiqləyib. Bildirib ki, ikimərtəbəli həmin binadan hər iki idarə çıxarılıb: 
"Biz indi Ailə Sağlamlıq Mərkəzinin binasına yerləşmişik. Həmin binanı alıb, özəlləşdiriblər. Hələ ki,  binada təmir işləri aparılır". 
Qeyd edək ki, Qazax  RİH başçısının Qazax şəhər  inzibati dairəsi üzrə nümayəndəsi Akif Vəliyevlə bir neçə dəfə əlaqə saxlamaq istəsək də, zəngimizə cavab vermədi. Regionnews.az olaraq TƏBİB-dən açıqlama almaq cəhdlərimiz alınmadı. TƏBİB-in mətbuat katibi Elnarə Baxışlı ilk öncə məsələnin araşdırılacağını söyləsə də sonradan zənglərə cavab vermədi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər