Hadi Rəcəbli nəvəsinə toy etdiyini təsdiqlədi və əsəbiləşdi...
25-08-2020, 11:21
238

Hadi Rəcəbli nəvəsinə toy etdiyini təsdiqlədi və əsəbiləşdi...

Sabiq deputat deyir ki, nikahdan sonra 10 nəfər “Sea Breeze” restoranında açıq havada yemək yeyib; “Adımı heç yerdə çəkməyin”...
AMEA prezidenti Ramiz Mehdiyevin karantin dövründə nəvəsinə toy etməsi və vəzifəli şəxslərin, sabiq məmurların məclisdə iştirakı ilə bağlı yaşananlar, məclisin təşkilatçısı olan iki qudanın - keçmiş deputat İlham Əliyevlə iş adamı Rövşən Mustafayevin 15 sutkalıq həbs olunması, karantini pozan toy iştirakçılarının cərimələnməsi, bunun ardınca verilən sensasion açıqlamalar ölkə gündəmini elə zəbt edib ki, digər şəxslərin buna bənzər əməlləri diqqətdən kənarda qalıb.
“Yeni Müsavat” məlumat verir ki, xəbər lentlərində sabiq deputat Hadi Rəcəblinin də nəvəsinə toy etməsi ilə bağlı başlıqlar göz deşir.
Toy “Sea Breeze” restoranında təşkil edilib və mərasimdə 150 nəfər iştirak edib. Məclisdən video kadrlar sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən H.Rəcəbli bu fikirləri səsləndirib: “Uşaqlar DOST xidmətindən qeydiyyatdan keçərək, 10 nəfər ”Sea Breeze" restoranında açıq havada yemək yeyiblər.
Min nəfər adam orada çörək yeyir. Burada pis nə var axı? Nə mən özüm, nə də ailəm iştirak edib. Zəng et, həmin restorandan soruş.
Yaxud da dostlarım Hüseynbala Mirələmov və Eldar İbrahimovdan öyrən. Gör, kim olub orada? Bu qədər allahsızlıq olmaz.
Adımı heç yerdə çəkməyin. 150 nəfərlik toy olmayıb. Mən bugünkü jurnalistləri bilirəm. Siz bir az Allahdan qorxun. Allah cəzalandırır, etməyin. Səhv edib, telefonu götürdüm".

Keçmiş deputat sözlərinə belə davam edib: “İki il bundan qabaq Elgizlə şəhid ailəsinin toyunda iştirak etdiyim fotonu yayıblar. Hazırda istirahətdəyəm, heç bir siyasətə qarışmıram.
Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı heç yerdə çıxış etməmişəm. DİN öz qərarını verib, bu barədə artıq nəsə demək istəmirəm. Bir az mənə imkan verin, istirahət edim, nə olar".

Restoranın sahibi olan Emin Ağalarov isə İnstaqram hesabında yazıb ki, pandemiya ilə əlaqədar hazırkı şəraitdə restoranda toyun keçirilməsi mümkünsüzdür:
“Mətbuatda belə bir məlumat yayılıb ki, bizim məkanda toy mərasimi keçirilib. Karantin şərtlərini nəzərə alaraq restoranın terrasında cəmi 6 nəfər yerləşə bilər.
Həmçinin karantinə görə yalnız çimərlik işləyir və hovuzlarımız açıq deyil. “Sea Breeze” restoranında toy mərasimi keçirilməyib".

Oxşar xəbərlər