Qıtlığın istismar etdiyi ekspertlər
7-08-2021, 13:32
195

Qıtlığın istismar etdiyi ekspertlər

"Hər bir mütəxəssis konkret sahə üzrə ixtisaslaşmalıdır”
 
Media mənsubları olaraq gün ərzində müxtəlif mövzulara dair məqalələr, sorğular, araşdırmalar, reportajlar, həmçinin ictimai-siyasi, iqtisadi sahələrə dair təhlillər hazırlayırıq. Bu zaman ekspertlərin, siyasətçilərin, politoloqların, iqtisadçıların da fikirlərini dinləmək, fərqli mövqeləri öyrənmək, ictimailəşdirmək zərurəti yaranır. Adətən belə hallarda hər bir sahənin öz mütəxəssisini axtarmalı oluruq. Lakin əksəriyyət hallarda axtarışlar heç də müsbət nəticə vermir. Naəlac qalıb eyni ekspertin qapısını döyür, fikrini öyrənir, bununla kifayətlənirik. Kimsə bunu jurnalistin tənbəlliyi, mövzunu dərindən mənimsəməməyi, əlavə axtarışlar aparmamağı kimi qələmə verə bilər, ancaq bu bir reallıqdır ki, 10 milyonluq Azərbaycanda ekspert qıtlığı yaşanır. Bu qıtlıq üzündən eyni adam ABŞ, Avropa, Yaxın və Uzaq Şərqdə, regionda baş verən proseslər barədə təhlil aparır, mediaya bu barədə münasibət bildirir. Yaxud eyni ekspert səhiyyə, təhsil, iqtisadiyyat sahələrindən, sosial siyasətdən danışır, "hərşeyşünas alim” kimi ad qazanır, müxtəlif media qurumlarına açıqlamalar verir. Mediada tez-tez rast gəlinən bu mənzərəyə səbəb nədir? Nə üçün ölkəmizdə ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış ekspertlər, politoloqlar, analitiklər azdır?
 

 
"Kadrların bilik və səriştələrində problemlər var"

Mövzuya dair fikirlərini "Kaspi” qəzetinə bölüşən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər doktoru, professor Elman Nəsirovbildirdi ki, ölkəmizdə beynəlxalq məsələlər üzrə ekspertlər məhdud saydadır. Millət vəkilinin fikrincə, politologiya və beynəlxalq münasibətlər ixtisasları üzrə bir çox ali təhsil müəssisələrində tədris həyata keçirilməsinə, məzunlara müvafiq qaydada diplomlar verilməsinə baxmayaraq, mediada, xüsusən də efir məkanında hər hansı aktual beynəlxalq məsələ müzakirəsi olunan zaman ekspert qıtlığı özünü dərhal büruzə verir: "Aktual beynəlxalq məsələlərlə bağlı ciddi rəyi, analitik düşüncəsi olan ekspertlər azdır. Kəmiyyət baxımından politoloq, beynəlxalq münasibətlər diplomuna sahib vətəndaşlar çoxdur. Amma keyfiyyət baxımından çatışmazlıq göz önündədir. Bunun nəticəsində eyni şəxslər müxtəlif mövzular və regionlar üzrə danışır, fikir yürüdürlər. Misal üçün, eyni şəxslər Afrikadan, Avropadan, Amerikadan və Asiyadan danışırlar. Müxtəlif regionlarla bağlı suallara cavab verirlər. Təbii ki, bu zaman keyfiyyət aşağı düşəcək. Şəxsən mənim özümə gəldikdə, Bakı Dövlət Universitetini Amerika və Avropa ölkələri istiqaməti üzrə bitirmişəm. Bu seçimim təsadüfi olmayıb. ABŞ fövqəldövlətdir və dünyanın istənilən regionunda onun həyati, ümumi maraqları cəmlənib. Düşündüm ki, ABŞ-ı öyrənim, tədqiq edim. Namizədlik və doktorluq dissertasiyalarım ABŞ-la bağlıdır. Bu fövqəldövləti, dünya ölkələrindəki maraqlarını yaxşı öyrəndikcə, istər-istəməz həmin ölkələr barədə də əhatəli bilgi əldə edirsən. Bu məntiqlə ABŞ-ı özüm üçün istiqamət seçmişdim. Bu sahədə biliklərini, mütaliəsini daim artıran biri kimi deyə bilərəm ki, ciddi təhlilləri olan ekspertlər çox azdır. Media nümayəndələrinin beynəlxalq və regional proseslərlə əlaqədar suallarını ölkədə cəmi bir neçə nəfər cavablandırır. Halbuki bizim əhalimizin sayı 10 milyondan çoxdur, 50-dən artıq ali təhsil müəssisəsi müvafiq ixtisaslar üzrə kadrlar yetişdirir. Deməli, diplom sahibi olan kadrların bilik və səriştələrində problemlər var. Yaxşı olardı ki, keyfiyyət kəmiyyəti üstələyəydi”.
 

 
"Alimlərimiz ümumi proseslərdən geridə qalırlar"

"525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid deyib ki, ekspert qıtlığı medianın yaralı yeridir: "Medianın İnkişaf Agentliyinin ADA Universiteti ilə birgə təşkil etdiyi seminarlarda jurnalistlərin ixtisaslaşması məsələsi qaldırılmışdı. Çünki vaxtilə olub, indi isə ixtisaslaşma yoxdur. Hazırda bu problemə başqa bir problem – ekspert qıtlığı da əlavə olunub. Bəzən bir jurnalist 3-4 fərqli sahədən yazır. Ekspertlərlə bağlı mənzərə də eynidir. Bu problem medianı, xüsusən də televiziya rəhbərlərini ciddi narahat edir. Əslində ekspert Azərbaycan Milli Elmlər Akademiyasında yetişməlidir. Akademiyanın, müxtəlif sahələri öyrənən ayrı-ayrı institutları var. Həmin institutlarda ixtisaslaşmış elm adamları da var. Məhz onlar daha fəal olmalı, gündəmi bilməli, ictimai fəaliyyət kimi daha çox üzdə olmalı, öz ixtisaslarına uyğun fikirlərini bildirməlidirlər. Təəssüf doğuran haldır ki, bir çox hallarda alimlərimiz ümumi proseslərdən geridə qalırlar. Hətta elələri var ki, gündəlik mütaliə ilə məşğul olmur, qəzet oxumurlar. Nəticədə də beynəlxalq aləmdə cərəyan edən proseslərdən məlumatsız olurlar. Düşünürəm ki, Akademiyanın strukturunda xeyli fəallaşma olmalıdır. Ali məktəblərdə də ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış müəllimlər var. Təəssüf ki, onları da mediada görmürük. Ya özləri çəkingənlik edirlər, ya da yuxarıdan hansısa təzyiqlə qarşılaşıb hər hansı addım atmır, media ilə əlaqələr qurmurlar. Ümumi mənzərə bundan ibarətdir ki, öz sahəsinin peşəkarı olan istənilən adam media ilə əlaqə qursa, dərhal məşhurlaşa bilir”.
 

 
"Hər şey barədə danışan, mütəxəssis ola bilməz"

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru, Əməkdar jurnalist Vüqar Zifəroğlu bildirib ki, hər şey barədə danışan, mütəxəssis ola bilməz. Onun dediyinə görə, mütəxəssis konkret bir sahənin bilicisidir və həmin sahə üzrə də danışa, fikir bildirə, düzgün proqnoz verə bilər: "Hər bir mütəxəssis konkret sahə üzrə ixtisaslaşmalıdır. Misal üçün, mən özüm Yaxın Şərq üzrə 20 ilə yaxındır araşdırma aparır, bilgilərimi daha da dərinləşdirirəm və bu istiqamət üzrə ixtisaslaşmışam. Yaxın Şərqdən kənar danışdığım sahə Ermənistan və ya Qarabağla bağlı ola bilər. İstər Avropa ölkələri, ABŞ ilə münasibətlər, istər Uzaq Şərq və sair regionla əlaqədar heç vaxt mediaya açıqlama vermirəm. Jurnalistlər tərəfindən bu barədə müraciət olunanda danışmaqdan imtina edirəm. Bu ondan irəli gəlir ki, mən özümə hörmət edir, dəyər verirəm. Əgər media, mütəxəssis kimi sənə müraciət edirsə, deməli, səndən hər hansı bir təhlil, yeni fikir və ya söz gözləyir. Yeni söz demək çox önəmlidir. Yəni başqalarının demədiyi, auditoriyanın marağına səbəb olacaq, yaxud baş vermiş hər hansı hadisəyə aydınlıq gətirə biləcək rəydən söhbət gedir. Bu mənada, bir şəxsin Amerika, Avropa, Yaxın Şərq və sair regionu dolğun təhlil etməsi absurddur”.
 

 
Media öz seçimində daim diqqətli olmalıdır

Əməkdar jurnalistin sözlərinə görə, ekspert qıtlığına səbəb olan əsas məsələ politoloq, siyasi şərhçi, iqtisadçı və sair sahədə  mütəxəssis kimi yetişən gənclərin öz üzərilərində çalışmamağıdır: "Bir mütəxəssis hər hansı bir sahə üzrə yetişmək üçün daim öz üzərində işləməlidir. Bu o deməkdir ki, həmin şəxs öz sahəsi üzrə daim yeni bilik və məlumatlar əldə etməyə həvəs göstərməli, davamlı mütaliə etməli, informasiya bazasını daha da genişləndirməlidir. Təhlil etdiyi sahə ilə əlaqəsi olan ən xırda detallara dair məlumatlar əldə etməlidir. Bununla yanaşı, media sektorunda çalışan həmkarlarıma da bəzi tövsiyələrim var. Hər bir jurnalist hər hansı sahəyə dair araşdırma apararkən, mütləq o sahənin mütəxəssisini arayıb tapmalı, danışdırmalıdır. Bir sahə üzrə yaxşı danışan mütəxəssisi başqa bir sahə üzrə danışdırmağın özü də doğru deyil. Mövzu var deyə, danışdırmaq, yazını və ya süjeti bununla yekunlaşdırmaq xətrinə ekspert danışdırmaq işə doğru yanaşma sayılmır. İnsanın hər bir şeyi yaxşı bilməsi qeyri-mümkündür. Bu, mümkün deyil. Hər bir fərd özünü yalnız bir sahə üzrə yetişdirə bilər. Bu mənada media da öz seçimində daim diqqətli olmalıdır. Bilməlidir ki, hansı mövzu üzrə hansı mütəxəssisi danışdırmaq üçün düzgün seçim edilməlidir ki, hazırlanan material uğurlu alınsın”.

Oxşar xəbərlər