Livanlı xristianların problemləri və kölgədə qalan azlığın mübarizəsi...
28-08-2020, 17:00
335

Livanlı xristianların problemləri və kölgədə qalan azlığın mübarizəsi...

Hazim Sagiye
“The Independent” qəzeti, 27 avqust 2020-ci il

Beyrutda baş verən dəhşətli partlayışdan bir müddət əvvəl Joşelin Xeyri adlı xristian bir qadın uzun müddət davam edən xəstəlikdən sonra vəfat etmişdi. Bu ölüm xristian mühitində gözlənilməz nəticələrə səbəb oldu. Gənclik illərində “İki İllik Müharibə”də vuruşan bu qadının ölümündən sonra həmin dövrdə çəkilmiş əli silahlı şəkilləri yayımlandı.
Daha sonra isə partiyalarının şəhid adlandırdıqları insanlar haqqında müxtəlif hekayələr ortaya çıxdı. Bunlardan bəziləri həqiqi, bəziləri də bu cür hadisədə olduğu kimi yenə şişirdilmişdi.
Bu vəziyyət onu göstərir ki, Livanda xristianların da nəsildən-nəslə miras qoyduqları şəhidlərı var və onlar da qadınların qoşulduğu silahlı mübarizəyə can atırlar.
Liman partlayışı xüsusilə xristianların yerləşdiyi yaşayış sahələrini dağıtdığı üçün həmin mühitə “biz əzab içində doğulduq və belə də ölürük”, düşüncəsi hakim olmağa başlayıb. Livanın inşasında xristianlar çox təsirli olsalar da, digər tərəfdaşları bu təsirə çox ciddi yanaşmırlar. Çünki Livanda xristiaların İsraillə və ya başqa bir düşmənlə müharibə etmələrini istəyən, lakin günün sonunda onların varlığını qiymətləndirməyən bir düşüncə sistemi var.
Digər tərəfdən, xristianlar da silahın onlara qarşı yönəldiyini düşünməyə başlayıblar. Bəlkə də bütün livanlılar bu faciədə eyni aqibəti bölüşdülər, amma xristianlar daha çox əziyyət çəkiblər və üstəlik, keçmişlərindən gələn iztirabları da var.
Onlar seçkilərdə böyük əksəriyyətin istədiyi nəticələrə və düşüncələrə tabe olmağa məcbur edilən bir ideologiya sahib deyillər və ya siyasi azlıq da deyillər. Livandakı xristianlar dini azlıqdırlar. Lakin siyasi platformada onları eynilə kürdlər kimi etnik azlıq adlandıra bilərik. Çünki hər ikisi də fərqli mədəni və etnik irsə sahib olsalar belə, çoxluğa dəyər qazandıra bilirlər. Məsələn, kürdlər ərəblərə Səlahəddin Əyyubini bəxş ediblər. Xristianlar isə Livana Mişel Valakı və Corc Habaşı qazandırıblar.
Hamımız bilirik ki, bir vətən qurmaq istəyiriksə, vətənin övladı olan azlıqları görməzlikdən gəlməklə bir şey əldə edə bilmərik. Onlara öz vətənlərində “artıq adam” kimi yanaşmaq heç vaxt obyektiv addım olmayıb, çünki bu davranışın nəticələrinə tarixən tez-tez rast gəlinib.
Məsələn, 2003-cü ildən əvvəl İraqda yaranmış vəziyyət indi Livanda da baş verə bilər. Livan xristianları zamanla özlərini kürdlərin nümayəndəsi kimi görən “Cuhuş” peşmərgələrinə bənzər bir təşkilat qura bilərlər. Yaxud da keçmişdə olduğu kimi, Suriyanın Livan üzərindəki qəyyumluğu ilə bir neçə xristian siyasətçinin hakimiyyəti altında ola bilər.
Azlıq və çoxluq anlayışındakı hüquqlar və paylar yalnız saylarla müəyyən edilmir. Əslində, güc bölgüsü və qərar mexanizmləri bu məsələdə daha müəyyənedici rol oynayır. Məsələn, Suriyadakı əksəriyyətin sünni olmasına baxmayaraq, güc və qərar qəbuletmə mexanizmləri baxımından yanaşdıqda azlıq təşkil edirlər, halbuki sayca çoxluğu təmsil edirlər.
2003-cü ildən əvvəl İraqdakı şiə əhalisi çoxluq təşkil etdiyi halda, güc və qərar baxımından azlıqda idilər. Vəziyyətə necə baxmağımızdan asılı olmayaraq, bu gün birlikdən və onun yaratdığı zərərlərdən bezən Livan xristianları arasında güclü bir ayrılıq hissi və azadlıq arzusu var.
Onlara qarşı aparılan bir mübarizəyə görə vətənlərindən didərgin salındılar, sonra daxili anlaşmazlıqlar nəticəsində öz aralarında vətəndaş müharibəsinə sürükləndilər və sonda da başqa bir mübarizənin içinə düşdülər.
Lakin bu dəfə bu müqavimətin nəticələri vətəndaş müharibəsindən belə daha dəhşətli və ağır oldu. Hər hansı bir məzhəb mübahisəsi olan kimi o dəqiqə silahlarla birlikdə “Fələstin üçün azadlıq” şüarları da ortaya çıxır.

Maruni patriki Bişara əl Rainin tərəfsizlik üçün davam edən və daha da güclənən kampaniyası, Avn kütləsinin Hizbullah tərəfdarı olmaqda günahlandırılaraq getdikcə daha da pisləşən sosial bazası və Livan Qüvvələri partiyasının prezidentin istefasını tələb etməsi kimi hadisələr möhkəmlənmiş bir siyasi ənənənin artıq pozulduğunu göstərir.
Hamısı Livan xristianlarının artıq əvvəlki kimi olmadığını ortaya qoyur. Bütün bunlar, əslində onlara fikir vermədən həyata keçirilən siyasətin nəticəsi idi. Əslində, onlar bütün livanlılarla birləşərək 2005-2019-cu illərdə prinsipial siyasət apardılar.
Daha sonra isə “azlıqlar qanadı”na rəğbət göstərərək prinsipsiz siyasəti də sınadılar və daha sonra Avn-Bazil-Əsəd qanadına yönəldilər: nəticədə, heç birindən fayda gəlmədi. Bu vəziyyət bizə tarixən baş vermiş kütləvi bir fəlakəti xatırladır...
Fransız inqilabı və onun nailiyyətləri yəhudilərə Drefyus işi ilə məlum cəzaları ləğv etmək üçün kifayət etmədi. Bolşevik inqilabı və kommunistlərin vədləri onları Stalindən və onun zülmündən qoruya bilmədi. Üstəlik, bütün bu keşməkeşlər nasizmin zəfərlərlə güclənib yəhudiləri qırmasından əvvəl baş vermişdi. Sionistlər də məhz bu bu əlverişli mühitdən istifadə edərək “elə isə bizim olan torpaqlar vətənimiz olsun” dedilər.
Livanda bu hisslərlə yaşayan böyük bir xristian kütlə var. Bəlkə də, belə bir arzunu həyata keçirmək imkanları yoxdur və bəlkə, yəhudilər qədər konkret coğrafi və etnik əsasları da yoxdur, amma bir şey dəqiqdir ki, “Çağdaş Ərəb Livanı” layihəsi artıq çöküb. Yəni rəngli və plüralist iştiraka əsaslanan bir azadlıq modeli kimi təqdim olunan bu layihə artıq çöküb.
Bütün bunlara baxmayaraq, çoxlarının inandığı sözlərlə yazını bitirək: “Bütün bunların heç bir fərqi yoxdur, əsas odur ki, Hizbullah mübarizəyə davam edir!”

Oxşar xəbərlər