İlham Əliyev: Adını ölkə və dünya hərb tarixinə həkk etmiş müzəffər sərkərdə
28-09-2021, 14:40
296

İlham Əliyev: Adını ölkə və dünya hərb tarixinə həkk etmiş müzəffər sərkərdə

Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03 faizinin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdir, səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son 3 ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakteizə olunur.
Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-itisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir.
Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmalı lider amilinin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarında olsun. Elə bir lider ki, xalqı və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Elə bir lider ki, sözü və əməli üst-üstə düşsün. Belə liderləri tarixə bəxş edən xalqlar və dövlətlər bö­yük, əzəmətli və bəxtəvərdir. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgi­sini qazanmış liderlər isə xoşbəxtdir. Məsələyə bu konteksdə yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalq ona görə cənab Prezidenti sevir ki, o, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalq ona görə pre­zidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqla­rından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü or­dusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. 2018-ci il 11 aprel prezident seçkilərindən sonra cənab İlham Əliyevin bəyan etdiyi və tətbiqinə başladığı genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişməkdədir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünya meridian­larında daha ucadan eşidilməkdədir. Heç bir fors-major vəziyyət arxasında xalqının dayandığı Prezident İlham Əliyevin hadisə və proselərə prinsipial və qətiyyətli yanaşma tərzinə, preven­tiv, profilaktik, ardıcıl və sistemli qərar qəbuletmə məharətinə və sarsılmaz iradəsinə təsir edə bilməz. Bu həqiqət bütün dünya dövlətlərini öz əsarətinə almış COVID-19 pandemiyası ilə qlobal mübarizə şəraitində tam çılpaqlığı ilə özünü biruzə verdi. Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyat və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiya­sı sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər sırasında­dır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprel ayında Türk­dilli Dövlətlərin Əməkdaşlıq Şura­sının, may ayında isə Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas qrupunun videoformatda keçirilən Zirvə görüşləri məhz milli, regional və qlobal səviyyələrdə pandemiyaya qarşı səylərin birləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi məsələlərini özündə ehtiva etmişdir. Sonuncu tədbirdə dövlətimizin rəhbəri qlobal təhdid mənbəyinə – CO­VİD-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsinə və gücləndirilməsinə xidmət edən uni­kal təşəbbüslə – BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxış etdi. Cənab prezidentin bu təşəbbüsü ötən ilin may ayında Nyu-Yorkda Qoşulmama Hərəkatının Koor­dinasiya Bürosunda müzakirə olunmuş, yekdilliklə dəstəklənmiş və Qoşulmama Hərəkatının adından BMT Baş katibinə müraciətin qəbul edilməsi qərara alın­mışdır.
Bunun ardınca möhtərəm Prezidentimiz İlham Əliyev mayın 13-də Qoşulmama Hərəkatının sədri olaraq BMT Baş katibinə müraciət etmişdir. Həmin müraciət əsasında BMT Baş katibi təşkilatın Nizamnaməsinin 20-ci maddəsindən çıxış edərək mayın 28-də BMT Baş Məclisinin xüsusi sessiyanın çağırılması məqsədilə üzv dövlətlərə müraciət etmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki, BMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən 3 halda təşkilatın Baş Məclisinin xüsusi sessiyası çağrıla bilər. Birincisi, bunu BMT Təhlükəsizlik Şurası daimi üzvləri tələb etməlidir, ikincisi, BMT Baş Məclisinin mütləq əksəriyət üzvləri bu tələbdə israrlı ol­malıdır və nəhayət, BMT-nin üzvü olan istənilən dövlətin təşəbbüsü qurumun əksəriyyət dövlətləri tərəfindən müdafiə olunduqda haqqında bəhs olunan xüsusi sessiyanın çağrılması mümkün olur.
Prosedur qaydalarına əsasən, bu müraciətin baxılma müddəti 30 gündür. Həmin müddət Azərbaycanın təşəbbüsü ilə bağlı məsələdə iyunun 27-də başa çatmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyəvin bu təşəbbüsünü BMT Baş Məclisinin 150-dan çox üzvü birmənalı olaraq dəstəkləmişdir. Həmin dövlətlər sırasında Qoşulmama Hərəkatının 120 üzvü ilə yanaşı, Avropa İttifaqının, Asiyanın, Afrikanın və Latın Ameri­kasının da aparıcı dövlətləri vardır. Bu unikal təşəbbüsə qarşı çıxış edən yeganə dövlət məhz işğalçı Ermənistan olmuşdur. Bununla da Ermənistan dövləti öz mahiyyətini ortaya qoymuş və dünya miqyasında özünü rüsvay etmişdir. Əslində faşizmi və terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir “psevdodövlət”in belə davranışı təəccüb doğurmur. Ermənistan dünyanın yeganə ölkəsidir ki, COVID-19-un yanında yer aldı. Onun müttəfiqi kimi çıxış etdi. Ermənistanın bu antibəşəri davranışı­na postpandemiya dövründə siyasi və hüquqi qiymət verilməsi məsələsi də olduqca vacibdir.
Burada bir məqamın da üzərində xüsusi olaraq dayanmağa dəyər. Prezident İlham Əliyevin beynəlxalq rezonansa səbəb olmuş təşəbbüsü bir daha təsdiqlədi ki, Azərbaycan dünya miqyasında elə də böyük dövlət olma­sa da, lakin onun sözünün mənası və çəkisi böyükdür. Bu, bir həqiqətdir ki, Azərbaycan dövlətinin sözünün məna və çəkisinin dünya miqyasında böyük­lüyünü şərtləndirən həlledici amil onun liderinin – Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır. Dünyanın pandemiya tərəfindən hədəfə alındığı, təhdid olunduğu bir reallıqda hər bir dövlət və hər bir lider öz siması­nı nümayiş etdirir və bu çətin günlərdə Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev, sözün həqiqi mənasında, bütün dövlətlər və onların liderləri üçün bir nümunədir.
Milyonları ölümlə hədələyən və bunu icra edən qlobal pandemiya şəraitində mütləq əksəriyyət insanlar düşünürdülər ki, beynəlxalq təhlükəsizliyə xüsu­si cavabdehliyi olan dövlətlər, yəni BMT TŞ-nın daimi üzvləri birlikdə, ya da əlahiddə olaraq bu ümumi bəlaya qarşı beynəlxalq səylərin birləşdirilməsi məsuliyyətini üzərlərinə götürəcək və BMT Baş Məclisini xüsusi sesiya­sını çağıracaqlar. Həqiqət isə budur ki, məlum təşəbbüslə BMT TŞ-nın heç bir daimi üzvü çıxış etmədi. Bu təşəbbüsü dünyanın müxtəlif qitələrinin heç bir aparıcı dövləti irəli sürmədi. Bu təşəbbüslə BMT TŞ-nın 2 il qeyri-daimi üzvü olmuş, 2 dəfə dünyanın ən böyük və universal təşkilatının TŞ-na sədrlik etmiş Azərbaycan Respublikası və onun rəhbəri cənab İlham Əliyev çıxış etmiş­dir. Əslində cənab Prezident bu unikal addımı ilə həm də BMT-nın nüfuzunun qaldırılamsı məramına xidmət edən bir davranış ortaya qoymuşdur.
Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qar­şı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, bu məqsədlə dün­ya miqyasında birliyin, həmrəyliyin və məsuliyyətin gücləndirilməsinə hədəflənmiş təşəbbüsünün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq dəstəklənməsi bir daha göstərdi ki, Azərbayacan dövlətinin və onun lideri cənab İlham Əliyevin nüfuzu və reytinqi olduqca yüksəkdir. Azərbaycan pre­zidenti qlobal baxışlı lider kimi qəbul olunur.
“Əsrin müharibəsi” hesab edilən COVID-19 pandemiyasına qarşı mübarizə məsələlərində dövlətlərin, xalqların və liderlərin hansı mövqedə dayandıqlarının geniş müzakirə məsələsinə çevriləcəyi və müvafiq qiymətləndirmələrin aparılacağı labüd görünür. Artıq bu istiqamətdə ilkin ad­dımlar atılmaqdadır. İstisnasız söyləmək olar ki, həmin müzakirələrin nəticəsi olaraq bütün beynəlxalq ictimaiyyət etiraf edəcəkdir ki, pandemiyadan qlobal qurtuluşun əldə edilməsi naminə beynəlxalq səyləri bir yumruq kimi birləşdirən dövlət Azərbaycan Respubli­kası, lider isə Prezident İlham Əliyevdir. Həmin səylər sayəsində Pandemiya­ya qarşı dünya dövlətlərini iqtisadi, sosial, humanitar və xüsusilə də tibbi sahələrdə əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçməsi və bunun nəticəsi olaraq bəşəriyyətin intizarla gözlədiyi COVID-19 əleyhinə peyvəndin əldə edilməsi strateji əhəmiyyətli məsələyə çevrilmişdir. Eyni zamanda həmin peyvəndə hər bir dünya dövlətinin əlçatanlığının təmin olunması da kifayət qədər aktuallıq kəsb edən məsələdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev sentyabrın 23-də BMT Baş As­sambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri za­manı çıxışında bir daha bu məsələyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edərək demişdir ki, “Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyacla­rından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib. Biz davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğula­yırıq. Belə hərəkətlər inkişaf etməkdə olan ölkələrin öz əhalisini qorumasını əngəlləyir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, aşağı gəlirli ölkələrdə isə peyvəndlənmə 2 faizdən azdır.”
Onu da qeyd edək ki, bu məsələyə beynəlxalq diqqətin cəlb edilməsi məqsədilə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışı­nın təmin edilməsinə dair qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilmişdir.
Bu reallıqda dövlətlərin pandemiya dövründə belə bir-birinə qarşı geosi­yasi ambisiyalardan əl çəkməməsi, sərhədlərin bağlanmasından belə iqti­sadi təzyiq elementi kimi istifadə etməsi acınacaqlı haldır. Heç şübhəsiz, bütün bu və digər olduqca aktual məsələlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin 3 dekabr tarixində reallaşdırılan BMT Baş Məclisinin xüsusi sessiyasının gündəliyini müəyyən etmişdir.
Yuxarıda qeyd olunan istiqamətlər üzrə dövlət başçısının rəhbərliyi altın­da atılan irimiqyaslı addımlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Təsadüfi deyildir ki, hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısının qətiyyətinə, tələbkarlığına, peşəkarlığına, humanizminə, xeyirxah­lığına, qayğısına və şəfqətinə heyran qaldıqlarını dilə gətirir, öz rəhbərləri ilə fəxr və qürur hissi keçirdiklərini vurğula­yırlar. Bu məktubların letytmotivini təşkil edən əsas ideya odur ki, cənab İlham Əliyev öz güc mənbəyi olan xalqının hər bir nümayəndəsinin prezidenti olduğunu 18 ildir ki, hər gün, hər saat, hər saniyə konkret əməli addımları ilə sübut edir, xüsusilə pandemiya dövründə hər bir azərbaycanlının sağlamlığını və həyatını hifz etməyi, əhalinin sosial müdafiəsini təmin etməyi, paralel olaraq iqtisadi fəallığı həyata keçirməyi öz fəaliyyətinin bir nömrəli vəzifəsi kimi müəyyən edib və bu istiqamətdə mərhələli şəkildə kompleks tədbirlər həyata keçirir.
Eyni məntiqlə pandemiyadan ziyan çəkən sahibkarlıq subyektlərinə, mikro sahibkarlara, yəni təxminən 600 min nəfərə dövlət tərəfindən 644 milyon manata qədər ciddi maliyyə dəstəyi göstərilmişdir. 2021-ci ilin dövlət büdcəsində isə 261 milyon manat nəzərdə tutulmuşdur. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə 4 dəfə 190 manat birdəfəlik ödəniş edilmişdir. Bu qəbildən xərclər 450 milyon manata bərabər olmuşdur. Bütövlükdə indiyədək COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilmişdir.
Təsadüfi deyildir ki, pandemiya ilə mübarizə sahəsində Azərbaycanın atdığı səmərəli addımlar beynəlxalq səviyyədə qəbul edilir. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pande­miya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır. Onu da xüsu­si olaraq qeyd edək ki, Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirmiş­dir. Ölkəmiz həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə dəstəyi göstərmiş, 30-dan artıq ölkəyə koro­navirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etmişdir. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişdir.
Eyni zamanda Prezident İlham Əliyev BMT Baş Məclisinin 76-cı sessi­yası çərçivəsində çıxışı zamanı növbəti unikal təşəbbüslə çıxış etmişdir: “Hesab edirik ki, COVID-19-dan sonra daha yaxşı bərpa üçün güclü, əlaqələndirilmiş və məqsədyönlü qlobal addımlara ehti­yac var. Bu mənada biz pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlayacaq BMT-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif edirik.”
Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı daya­nır. Təsadüfi deyildir ki. 2020-ci ilin əvvəlində bütün pensiyalar ölkə üzrə 16,6 % indeksasiya olunaraq artırıl­mışdır. Orta pensiyanın məbləği 13% artaraq 300 manata, yaşa görə pensi­yanın orta məbləği də 13% artaraq 330 manata çatmışdır. Bütövlükdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20% artmışdır. Ölkəmizdə ötən il ərzində Prezident təqaüdləri 25%, sosial müavinətlər isə 15% artmışdır. Ümumən, bu ödənişlər 2 milyondan çox vətəndaşı əhatə etmişdir. Həm mini­mum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qorumuş­dur.
Dövlət başçısının müəyyən etdi­yi sosial yönümlü siyasi kursa uyğun olaraq 2020-ci ildə 77 min ailəyə, yəni 322 min nəfərə ünvanlı sosial yardım göstərilmişdir. Bu göstərici 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur. Orta aylıq ödənişin məbləği 240 manat təşkil etmişdir.
Xüsusi həssas kateqoriyadan olan insanlar–şəhid ailələri, müharibə əlilləri və müharibə veteranları Prezident İlham Əliyevin böyük diqqət və qayğısı ilə əhatə olunmuşlar. Belə ki, cənab Prezidentin 2020-ci il 31 dekabr tarixli sərəncamı ilə həmin tarixdən etibarən şəhid ailələrinin təqaüdü 500 manata çatdırılmışdır. Müharibə əlillərinə verilən təqaüdlərin məbləği də artırılmışdır. I qrup müharibə əlillərinə 400 manat, II qrup müharibə əlillərinə 350 manat, III qrup müharibə əlillərinə isə 300 manat məbləğində təqaüdlər müəyyən edil­mişdir. Milli qəhrəmanların təqaüdü 1800 manata, Vətən müharibəsi qəhrəmanlarının təqaüdü isə 2000 manata bərabərdir. Beləliklə, təqaüdlərin artırılması 100 minədək insanı əhatə etmişdir.
2020-ci ildə 1500 şəhid ailəsi və müharibə əlili mənzil və evlərlə təmin olunmuşdur. İndiyədək bu kateqoriya­dan olan insanlara 9200-ə yaxın mənzil və evlər verilmişdir. 2021-ci ildə isə bu göstəricinin əvvəlki illə müqayisədə 2 dəfə artırılaraq 3000 minə çatdırılması planlaşdırılır.
Müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilmişdir.
Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi istiqamətində növbəti addım olaraq “Yaşat fondu” yaradılmış­dır. İndiyədək sözügedən fondda 62 mil­yon manatdan çox vəsait toplanmışdır.
Ötən il ərzində Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq məşğulluq proqramları çərçivəsində 100 min nəfər işlə təmin olunmuşdur. 12 min ailə isə özünüməşğulluq proqramlarına cəlb edilmişdir. 2021-ci il ərzində isə 16 min ailənin müvafiq proqramlara cəlb olunması planlaşdırılır.
İctimai işlər proqramına gəldikdə isə, ötən il 38 min daimi, 50 min ikiay­lıq müvəqqəti iş yerləri yaradılmışdır. Cari ildən ictimai iş yerləri də DOST İŞ Mərkəzləri vasitəsilə təmin olunacaqdır.
Xalqının qürür mənbəyinə çevrilmiş Prezident İlham Əliyevin müəllifi olduğu dayanıqlı inkişaf siyasətinin təntənəsi təkcə Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində deyil, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Ötən il müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Hələ 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğal ilə barışmayacağını bütün dünyaya nümayiş etdirdi.
Eyni zamanda Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışında ən mötəbər kürsüdən beynəlxalq ictimaiyyətə xəbərdarlıq etdi ki, Ermənistan rəhbərliyinin düşmən, azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir.
Bu xəbərdarlıqdan 3 gün sonra, sent­yabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Nəticədə hərbi qulluqçularla yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququn­dan istifadə edərək, öz ərazisində bütün cəbhə boyu işğalçılara əks-hücuma keçdi.
30 il ərzində Ermənistanın işğalı altında olan və vandalizm aktına məruz qalan ərazilərimiz azad olunmağa başladı. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olmuşdu. Ordumuzun əldə etdiyi tarixi zəfər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quru­culuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Təsadüfi deyildir ki, bəzi Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müdafiə Kollecinin (Nati­onal War College) və Seton Hall Uni­versitetinin Diplomatiya və Beynəlxalq münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Bu tarxi zəfərin digər mühüm nəticələri də vardır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında yekun nitqində qeyd etdiyi kimi, “müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə möv­zusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizi istiqamətində fəal işlər apa­rılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır.” “Zəngəzur dəhlizi” məsələsinə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyev cari ilin 31 mart tarixində keçirilən Türk­dilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə demişdir ki, “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünya­sının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşdirəcək. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommuni­kasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yara­dacaq, o cümlədən Ermənistan üçün”.
“Müasir dünyada hüququn gücü de­yil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”,-deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir. Dövlətimizin başçısı hələ vaxtilə böyük uzaqgörənliklə vurğulamışdır: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan ordusu nəinki bölgədə, həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərbi yolla həll edə bilərik”.
Təsadüfi deyildir ki, ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollara bərabər idisə, 2020-ci ildə bu göstərici 1,9 milyard dollar təşkil etmişdir. 2021-ci ildə isə müdafiə xərcləri artaraq 2.7 milyard dollara yüksəlmişdir. Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM-də hərbi xərcləri 4 % və ondan çox olan 10 dövlət sırasında yer almış­dır. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfra bərabər hesab olunmuş­dur. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən də aşağı göstəriciyə (78-ci yer) malik olmuşdur. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.
Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi ölkəmizə təkcə hərbi deyil, həm də siyasi dividentlər gətirmişdir.
Ordumuzda döyüş ruhu və hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilmişdir. Ordumuz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız moti­vasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur. “Yenilməz” erməni ordusunun gücü isə yalnız əliyalın dinc insanlara çatır. Müharibə dövründə Ermənistan hakimiyyəti növbəti hərbi cinayətlərə imza atmış­dır. Ali Baş Komandan İlham Əliyevin BMT-nin yuxarıda qeyd olunan sessi­yasında çıxışında vurğuladığı kimi, “44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən ra­yonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tu­turdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sur­satlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib”. Bu zərərin qiymətləndirilməsi və gələcəkdə kom­pensasiya edilməsi məqsədilə Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Dövlət komissiyası yara­dılmışdır. 11 şəhər və rayonda 13 işçi qrupu yaradılmışdır. Bu işlərə 200-dək məsul şəxs cəlb olunmuşdur. 10300-dən çox obyektə baxış keçirilmiş və qiymətləndirmə aparılmışdır.
İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Belə ki, 13 dünya əhəmiyyətli (6 memarlıq, 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq, 173 arxeolo­ji) və 330 yerli əhəmiyyətli (270 memar­lıq, 22 arxeoloji, 23 bağ, park, monu­mental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri erməni vandalizminin qurbanı olmuşdur.
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində ekosid-ətraf mühitə qarşı genosid törətmişdir. Meşələrimizin 60 min hektarı məhv edilmiş, torpaq­larımız və çaylarımız çirkləndirilmiş və zəhərlənmişdir.
Onu da qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması işlərinə 2,2 mil­yard manat vəsait ayrılmışdır. Həmin işlərin mərkəzləşmiş qaydada həlli üçün Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Əlaqələndirmə Qərargahı (ƏQ) yara­dılmşdır. ƏQ-nın tərkibində 55 dövləqt qurumunu, təmsil edən 160 nəfərlik 16 işçi qrupu fəaliyyət göstərir. ƏQ artıq Strateji Fəaliyyət Planını (SFP) hazır­lamışdır. SFP əsasında Tədbirlər Planı da hazırlanmışdır. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması işlərinin konseptual əsasları da müəyyən edil­mişdir. 4 mərhələdə fəaliyyət nəzərdə tutulmuşdur: İdarəetmə və təhlükəsizlik; infrastruktur məsələlərinin həlli; sosial xidmətlər; iqtisadiyyatın yenidən qurul­ması və inkişafı.
Yeni reallıqda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi bir nömrəli məsələyə çevrilmişdir. Düşmən tərəf son 30 il ərzində işğal altında sax­ladığı torpaqlarımızı kütləvi şəkildə mi­nalamışdır. Bunun nəticəsində müharibə başa çatdıqdan sonra indiyədək 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Azərbaycan dünyada ərazilərini ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur oldu­ğu mina xəritələrinin dəqiqliyi 25 faizdir.
Beləliklə, 10 noyabr üçtərəfli bəyanatı ilə müharibəyə son qoyulsa da. Ermənistanın Azərbaycana qarşı “mina müharibəsi” davam etməkdədir. Bu isə beynəlxalq hüququn norma və prinsiplərinə qarşı Ermənistanın həqarətli davranışının növbəti ba­riz nümunəsidir. Birbaşa müharibə cinayətidir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini ölkəmizə təqdim etsin.
Beləliklə, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmış­dır. Bu xüsusda Prezident İlham Əliyev BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi ba­xımdan qərəzli və manipulyasiya xarak­terli adların istifadəsinə yol verməməyə çağırış etmişdir.
Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumu­zun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında ol­ması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır oldu­ğunu bəyan etməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovu­şanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytarmışdır.
Yaşasın Xilaskar Ali Baş Koman­danımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!
Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!

Elman NƏSİROV,

 Milli Məclisin deputatı,

 siyasi elmlər doktoru,

professor

Oxşar xəbərlər