"İran Xameneizmdən imtina etdi, bundan sonra..." - Açıqlama
12-10-2021, 12:03
133

"İran Xameneizmdən imtina etdi, bundan sonra..." - Açıqlama

İran İslam Respublikası müsəlman ölkəsi olan Azərbaycana münasibətdə qeyri-adekvat mövqe ortaya qoyur. Prezident İlham Əliyevin xarici siyasətində ikitərəfli münasibətlər prioritetdir. Çünki ikitərəfli münasibətlər normal olanda çoxtərəfli münasibətlər də yüksək səviyyəyə qalxır. Bu münasibətlər içərisində qonşularla əlaqələr önəmli yer tutur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O qeyd edib ki, İranla münasibətlər Azərbaycan üçün prioritet təşkil edib: “Azərbaycan hər zaman bu siyasətə sadiq qalıb. Amma İran Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalda qaldığı dövrdə oradakı yaşayış məntəqələrini ermənilərlə birlikdə sökülüb dağıdılmasına, ərazinin talan edilməsində yaxından iştirak edib. İran işğal dövründə Qarabağın əkin sahələrindən də öz məqsədləri üçün istifadə edib. Ermənilər İran sahibkarları üçün icarəyə bu ərazilərdən torpaq sahələri verib. Əfqanıstandan başlayan narkotik dövriyyəsi İrana qədər gəlib çatıb. Buradan isə təyinatı üzrə işğaldakı Azərbaycan torpaqlarından tranzit kimi istifadə edilib”.

Millət vəkilinin fikrincə, əslində İranın vasitəçiliyi ilə eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan narkobarona çevriliblər: “İranın dövlət ideologiyası olan Xameneinin iki mühüm istiqaməti var. Bunlar İran İslam İnqilabının ixracı və "müsəlmanın müsəlmandan yaxın dostu yoxdur" prinsipidir. Bu məntiqlə Azərbaycan İran üçün dost, qardaş olmalı idi. Amma bunun əksinə Ermənistan İran üçün əsas “mütəffiq” dövlət kimi qəbul edilib. Bu, İranın Xameneizmdən imtinasıdır. İndiki halda bu sual İranın siyasi, ali dini rəhbəri qarşısında qoyulmalıdır”.
Elman Nəsirov hesab edir ki, 2006-cı ilə Azərbaycan İranı ABŞ-ın hücumlarından xilas edib: “Azərbaycan Prezidenti 2006-cı ildə ABŞ-da səfərdə olarkən qətiyyətlə bunun əleyhinə çıxıb. 15 il keçməsinə baxmayaraq Azərbaycan eyni mövqeyindədir. Çünki Azərbaycan ərazisindən İrana heç bir təhlükə yoxdur. Ona görə də, İran prosesləri düzgün analiz edib, doğru qərar verməlidir”.

Oxşar xəbərlər