Azərbaycanla münasibətlərin korlanmasında bütün məsuliyyət İran rəhbərliyinin üzərinə düşür
12-10-2021, 12:56
195

Azərbaycanla münasibətlərin korlanmasında bütün məsuliyyət İran rəhbərliyinin üzərinə düşür

zərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bu siyasəti ölkə Prezidenti İlham Əliyev müəyyən edir. İkitərəfli münasibətlər yüksək səviyyədə olanda üçtərəfli, dördtərəfli, beştərəfli, hətta altıtərəfli münasibətlərin formalaşması üçün də münbit şərait yaranır. İkitərəfli münasibətlərin içərisində isə prioritet istiqamət Azərbaycan dövləti üçün qonşularla əməkdaşlıqdır. Bu nöqteyi-nəzərdən qonşu İranla münasibət Azərbaycanın xarici siyasəti üçün prioritet istiqamətlərdən biridir.
Azərbaycan İran ilə mehriban qonşuluq münasibətlərinə sadiqdir və hər zaman da bu siyasəti həyata keçirib. Son zamanlar Azərbaycan –İran münasibətlərində yaranmış gərginlik ciddi narahatlıq yaradıb. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, son zamanlar İran tərəfi bu mehriban qonşuluq münasibətlərinin, zidd addımlar atmaqdadır. Xüsusilə, rəsmi Tehranın Azərbaycanın sərhədləri boyunca 2 dəfə irimiqyaslı hərbi təlimlər keçirməsi və əzələ nümayiş etdirməsi bunu bir daha təsdiqləyir. İranın xarici işlər naziri Moskvaya səfəri zamanı rusiyalı həmkarı ilə danışıqların gedişatında və mətbuat üçün müsahibəsində də vurğulayıb ki, guya, Azərbaycan sərhədlərində sionist rejim formalaşmaqdadır və sərhədimizə İsrail gəlib, oradan İrana təhdidlər var, sərhədlərin dəyişdirilməsi prosesi gedir və s. Bu kimi nonsens hesab edilə biləcək bəyanatlar səsləndirib. Burada, təbii ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da fikirlərindən sitat gətirmək yerinə düşər. O bildirib: “Siz bu fikirləri söyləyərkən, onu da bilin ki, Azərbaycan tərəfi onun sərhədləri boyunca hərbi təlimlər keçirməyinizdən çox narahatdır”.
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə də bu məsələyə toxundu . Dövlətimizin başçısı dedi ki, bu ərazilərdən, deyirlər, İsrail İrana təhdid yaradır, burda hər şey dağıdılıb, məhv edilib və insan da yoxdur. Sübutlar və dəlillər göstərin. Heç bir sübut və dəlil yoxdursa, buna deyirlər yalan, böhtan, şayiə, qaralama. Məsələnin mahiyyəti də budur. Ölkə başçısı haqlı olaraq vurğuladı ki, 30 il ərzində torpaqlarımız işğal altında qalarkən, bir dəfə də İran tərəfi bu sərhədlər boyunca hərbi təlimlər keçirmədi, əzələ nümayiş etdirmədi, işğalçıya öz gücünü göstərmədi. Elə ki, torpaqlarımızı işğaldan azad etdik, İran tərəfi başlayıb belə addımlar atmağa. İran bizi əsassız, faktsız, arqumentsiz ittiham etmək istəyir ki, guya biz İsrail üçün şərait yaradırıq ki, İrana təhdid yaratsın.
Xatırladım ki, 2006-cı ilin aprel ayında Prezident İlham Əliyevin ABŞ-a ilk rəsmi səfəri oldu. O səfər elə bir dövrə təsadüf edirdi ki, istənilən gün ABŞ-ın İrana qarşı hava zərbələri endirəcəyi ilə bağlı məlumatlar yayılırdı. Hətta, bəzi hallarda saatı, günü və dəqiqəsi göstərilirdi. Eyni zamanda, Azərbaycan ərazisindən istifadə etməklə, İrana zərbələr endirilməsi çox məqbul variant kimi nəzərdən keçirilirdi. Ağ evdə Corc Buş ilə danışıqların gedişatında Azərbaycan Prezidentinə bu istiqamətdə təzyiqlər göstərilmişdi ki, ərazinizdən istifadə etməyə icazə verin. Lakin Azərbaycan Prezidenti, məhz mehriban qonşuluq münasibətlərindən və İranla strateji tərəfdaşlıqdan çıxış edərək söyləmişdi ki, heç bir 3-cü dövlət Azərbaycanın ərazisindən istifadə etməklə İrana müdaxilə edə və zərbə endirə bilməz. Buna biz imkan vermərik.
Axı, bizim orada 35-40 milyon soydaşımız yaşayır. Azərbaycan və İran dövlətlərini din, tarix birləşdirir, ənənələrimiz var. Eyni zamanda, möhtərəm Prezidentimiz bu fikirləri Ağ evin qarşısında keçirdiyi brifinqdə də bir daha səsləndirdi və dedi ki, imkan vermərik kimsə İrana Azərbaycan ərazisindən plasdarm kimi istifadə edərək hücuma keçsin.
Bu hadisədən 15 il keçib və dövlətimizin başçısı öz sözünün sahibidir. İmkan verməyib ki, İrana qarşı Azərbaycan ərazisindən bu təzyiq və təhdidlər baş tutsun. İndi İranın siyasi və dini rəhbərliyinə üzümü tutub söyləyirəm ki, İsrail böyük dövlətdir, yoxsa ABŞ? ABŞ dünyanın ən qüdrətli fövqəldövlətidir. Dünyada, təxminən, 800-ə qədər hərbi bazası var. Dünyanın elə bir ölkəsi yoxdur ki, maraqları orada cəmləşməsin. Fövqəldövlətin təzyiqlərinə tab gətirib İrana hücuma imkan verməyən Azərbaycana İsrail necə təzyiq göstərə və ölkəmizin mövqeyini necə dəyişə bilər? Bunlar qeyri-mümkündür. Ona görə də hesab edirəm ki, İranın elitası və xalqı bunu çox gözəl bilir. Bütün bunlar xalqın yaddaşındadır. Azərbaycan Prezidenti faktiki olaraq 2006-ci il reallığında İranı xilas etdi. Bu məqamı qonşu ölkənin siyasi elitası, siyasi hərbi rəhbərliyi gərək yaddan çıxarmasın. Unutmasın ki, Azərbaycan İranla həmişə mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətlərinə sadiq qalıb. Bunun qarşılığında görün bizi nədə ittiham edirlər və hansı addımlar atırlar. İranın bütün davranışları hakim ideologiya olan xomeynizmlə daban-dabana ziddir.
Xomeynizm ideologiyasının 2 istiqaməti var. Birincisi, İran İslam İnqilabının ixracı. Yəni o ölkələr ki, İslam dəyərlərindən uzaqlaşıb və Qərbin əlində alətə çevrilib, həmin ölkələrə İran İslam inqilabının ixracı. İkinci istiqamət isə müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. Bu, xomeynizmin baş prinsipləridir. Belə olan vəziyyətdə, İran üçün müsəlman Azərbaycanı hamıdan yaxın olmalıdır. Bəs, onda nə baş verir? Yoxsa, İran xomeynizmidənmi imtina edib? Belə olan halda, rəsmən elan etsinlər ki, xomeynizm ideologiyası bizdə daha yoxdur. Ondan imtina etmişik, biz də işimizi bilək. Ona görə də baş vermiş hadisələrə görə, bütün məsuliyyət İran tərəfinin üzərinə düşür və onlar buna görə məsuliyyət daşıyırlar. Bu davranış, İranın özünün də milli dövlətçilik maraqları üçün daban-dabana ziddir. İran üçün xeyli problem yarada bilər və artıq yaratmaqdadır.
Regionda həllini gözləyən məsələlərdən biri də 3+3 formatıdır: 3 Cənubi Qafqaz ölkəsi – Azərbaycan, Ermənistan, Gürcüstan və 3 region dövləti – Rusiya, Türkiyə, İran. Bu davranışı şübhəsiz ki, artıq İranın tənzimləmə və sülh prosesində, Cənubi Qafqazda təhlükəsizlik mühitinin formalaşmasında səmimi iştirakçı olacağına şübhələr yaradır. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz son çıxışlarında qeyd etdi ki, əvvəla, Azərbaycan və Ermənistan arasında həlli gözlənilən məsələləri 2 dövlətin özü həll edə bilsə, bu, əla olardı. Yaxud da Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə dövlətlərinin 2+2 danışıqları çox effektli olardı. Bu cür formulalar artıq düşünülməkdədir. Azərbaycan Prezidenti bunu səsləndirib. Yəni, bu o deməkdir ki, İran düşünsün ki, bu davranış onların region siyasətinə də, milli maraqlarına da zərbədir. Onsuz da İrana beynəlxalq aləmdə münasibət mənfidir. Nüvə silahı əldə etməyə cəhd edən ölkə statusuna malikdir. ABŞ İranı beynəlxalq terrorizmi himayəçilikdə ittiham edir. Bu rəsmi Vaşinqtonun mövqeyidir. Belə olan vəziyyətdə sanksiyalar altında olan bir dövlət üçün Azərbaycan kimi dost ölkəni itirmək bu qədərmi dəyərli, qiymətli və faydalıdır? Bu sualların cavabını İran tapsa, öz yeritdiyi indiki yanlış siyasətindən imtina edər.
Azərbaycanın rəsmi ideologiyası azərbaycançılıqdır, İranda isə xomeynizmdir. Doğrudanmı, özlərinin 1979-cu il inqilabından bəri xidmət etdikləri xomeynizm ideologiyasından imtina ediblər? Bu, baş veribsə, onda İran dövlətinin mahiyyəti dəyişməkdədir. İranın siyasi seqmentində ağıllı, düşüncəli, geniş dünyagörüşə malik insanlar var. Düşünürəm ki, gec-tez onlar ölkənin ali dini liderinə məsləhət görəcəklər ki, atılmış bu ziyanlı addımlar tarixi, ənənəvi Azərbaycan – İran dostluğuna və qardaşlığına xələl gətirir. Bu hala son qoymaq üçün İran özündə güc tapmalı və addımlar atmalıdır ki, nəticə etibarilə münasibətlərimizə dəymiş bu ziyan aradan qalxsın və etimad mühiti formalaşsın. Onun pozulmasında bütün məsuliyyət İranın siyasi, hərbi və dini rəhbərliyinin üzərinə düşür.
Elman NƏSİROV,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

Oxşar xəbərlər