“Tükdilli ökələrin əməkdaşlıq şurasının üzvləri Azərbaycanın sədrliyi müddətində gördüyü işləri yüksək qiymətləndirdilər” – Elman Nəsirov
14-11-2021, 10:21
166

“Tükdilli ökələrin əməkdaşlıq şurasının üzvləri Azərbaycanın sədrliyi müddətində gördüyü işləri yüksək qiymətləndirdilər” – Elman Nəsirov

“Məlum olduğu kimi, noyabr ayının 12-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) sayca 8-ci sammiti keçirildi. Bu sammitin ən yaddaqalan və mühüm hadisələrindən biri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan dövlət rəhbərlərinin imzası ilə təsdiqlənmiş Türk Şurasının Ali Ordeninin Azərbaycan Prezidenti cənab İlham Əliyevə təqdim edilməsi oldu. Həmin təqdimat mərasimini isə qardaş Türkiyə dövlətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan həyata keçirdi. Həm də izah elədi ki, nəyə görə türkdilli dövlətlər içərisində məhz Azərbaycan Prezidenti bu Ali Orden ilə təltif olunur. İlk növbədə səbəb bununla bağlıdır ki, sadəcə Azərbaycan dövlətinin prezidenti bu mükafatı almır. Müzəffər prezident olaraq bu mükafata layiq görülür. 44 gün müddətində 30 il ərzində işğal altında qalan torpaqları azad edən dövlətin rəhbəri kimi bu şərəfli ada layiq görülür. Eyni zamanda, vurğuladı ki, türkdilli dövlətlər arasında əməkdaşlığın daha da yüksəlməsinə, möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə bu ada layiq görülür”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.
Elman Nəsirov deyib ki, Azərbaycan 2 il müddətində Türk Şurasına sədrlik edirdi. Bu, həm də elə bir zamana təsadüf etmişdi ki, bütün dünya çox böyük təhlükə mənbəyi ilə üz-üzə qalmışdı:
“Söhbət pandemiya ilə mübarizədən gedir. Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev 2020-ci ilin aprel ayında Türk Şurasının sammitini keçirdi. Bu sammitdə pandemiyaya qarşı mübarizədə təcrübə mübadiləsi, milli səylərin birləşdirilməsi istiqamətində çox mühüm addımlara imza atıldı. Bu bəlaya qarşı mübarizədə türkdilli ölkələrin qazandığı töhfəyə Azərbaycan Prezidentinin çox böyük xidmətləri var. Cənab prezident də bu tədbirdə çıxış etdi. Bir daha vurğuladı ki, türkdilli ölkələr arasında əməkdaşlıq mühitinin daha da dərinləşdirilməsi və inkişaf etdirilməsi əsas məqsəddir. Bu məqsədin həyata keçirilməsi prosesində möhkəm və ciddi adımlar atılır. Bu addımların içərisində xüsusilə də cənab prezident Vətən müharibəsində qazanılan tarixi qələbələrə diqqəti cəlb etdi. Qeyd etdi ki, Azərbaycan bu tarixi qələbəsi ilə həm ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, eyni zamanda erməni faşizminin başını əzdi. Nəticədə yeni reallıq yaratdı və bunun da nəticəsində Zəngəzur dəhlizinin işə düşməsilə nəticə etibarilə coğrafi baxımdan parçalanmış, bölünmüş türk dünyasının birləşməsi istiqamətində çox mühüm addım atılacaq. Bu prosesin yaxın zamanlarda baş verəcəyinə isə heç kəsin şəkk-şübhəsi qalmasın”.
Milli Məclisin deputatı qeyd edib ki, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycandan ayrı düşdü. Nəticədə türk dünyasının birliyində çox böyük çatlar əmələ gəldi:
“Bu birlik coğrafi baxımdan pozuldu. Ancaq bu günlər məhz qələbənin nəticəsində yeni şərait yaranır və bu da kommunikasiyaların və iqtisadi əlaqələrin bərpasını tələb edir. Elə bu konteksdə də Zəngəzur dəhlizinin işə salınması ilə Azərbaycanla Naxçıvan arasında kommunikasiyalar bərpa olunur. Türk dünyasının birləşməsi istiqamətində çox möhtəşəm bir addım atılmış olur. Bütün bunlar çox sevindiricidir və tükdilli ökələrin əməkdaşlıq şurasının üzvləri də Azərbaycanın sədrliyi müddətində gördüyü işləri yüksək qiymətləndirdilər. İndi sədrlik Azərbaycandan qardaş dövlət Türkiyəyə keçir. Bu da çox əhəmiyyətlidir. Bu 2 il ərzində qazanılmış böyük uğurlara söykənərək Türkiyə həmin siyasəti daha da yüksəldəcək. Türkdilli ölkələrin arasında bütün sahələrdə – iqtisadi, ticarət, mədəniyyət, elm, humanitar, siyasi dialoq sahələrində əlaqələr yeni inkişaf mərhələsinə keçəcək. Buna inanırıq”.
Elman Nəsirov sonda bildirib ki, bu tədbirdə ən yadda qalan hadisələrdən biri də türk şurasının təşkilatanması istiqamətində mühüm addımın atılması oldu:
“Türkdilli Dövlətlərin Təşkilatı kimi adı formalaşdı ki, bu da gələcəkdə qurumun fəaliyyəti üçün yeni imkanlar pəncərəsi açacaq”.

Oxşar xəbərlər