Deputat Sabir Rüstəmxanlının mövqeyi illüziyalara əsaslanır və heç bir tənqidə dözmür
16-12-2021, 11:05
138

Deputat Sabir Rüstəmxanlının mövqeyi illüziyalara əsaslanır və heç bir tənqidə dözmür

Elman Nəsirov,
Millət vəkili, professor
Parlamentdə istənilən deputatın qaldırdığı məsələ illüzuyalara deyil, obyektiv reallığa əsaslanmalı, təkzibedilməz faktlara və arqumentlərə söykənməlidir. Ucuz populizm qisamüddətli eyforiya effekti yaratsa da, az keçmədən sabun köpüyü aqibətini yaşamağa məhkumdur. Məsələyə bu xüsusda yanaşdıqda, Milli Məclisin 14 dekabr tarixli iclasında deputat Sabir Rüstəmxanlının çıxışında səsləndirdiyi əsassız fikirlər haqlı olaraq həmkarları tərəfindən qınaqla qarşılanmış, təəccüb və təəssüf hissi doğurmuşdur. Bəs səbəb nədir?
Birincisi, Sabir Rüstəmxanlının parlamentdə müzakirə olunan qanun layihələrini, xüsusilə də Prezident İlham Əliyevin imzası ilə müzakirəyə çıxarılan qanunvericilik təşəbbüslərini “kosmetik sənəd” adlandırması,-yumşaq desək,-heç bir tənqidə dözmür. Qərəzlidir. Qeyri-etikdir.
  İkincisi, onun “rayonlarda iş yerləri yoxdur deyə, hamı Bakıya köçür” ifadəsi də reallığa tərs mütənasibdir. Sabir müəllim bilməmiş deyildir ki, dünyada ümumi bir urbanizasiya problemi var və bütün dünya dövlətlərinin paytaxtları bu reallığın təsir dairəsindədir. Bəli, Bakı şəhərinə rayonlardan köçənlər vardır, lakin hamının paytaxta köçməsi ilə bağlı səslənən mövqe tamamilə əsassızdır və sadəcə şair təxəyyülünün məhsulu kimi dəyərləndirilə bilər. Bu gün ölkədə əks-urbanizasiya prosesinin getməsi üçün müvafiq addımlar atılır, kəndlinin məşğul olduğu istər bitkiçilik, istərsə də heyvandarlıq sahəsinin inkişafı üçün dövlət kifayət qədər güzəştlər tətbiq edir, subsidiya verir, texniki təminat imkanları yaradır.
 Üçüncüsü, Sabir Rüstəmxanlının “parlamentdə gurultulu adlar altında qanunlar qəbul edilir, lakin ortada heç nə yoxdur” fikri təkcə həqiqətə kölgə salmaq cəhdi olmayıb, eyni zamnada qərəz və nihilizmin parlament auditoriyasına uğursuz daşınması davranışı kimi də xarakterizə oluna bilər. Bu məqamda Milli Məclisin sədri, hörmətli Sahibə xanım Qafarovanın məlum əsassız və qərəzli fikirlərə qarşı,- “Elə danışırsınız, guya hər yer dağılıb, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur? Ölkədə bu qədər iş görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə ortada yoxdur?! Qanun layihəsinin qəbulu ilə insanların rifah halı yüksələcək”,-kimi həqiqətə, ədalətə və hüquqa söykənən mövqe ortaya qoyması haqlı olaraq deputatların alqışları ilə müşaiyət olundu və eyni zamanda bu davranış onların qərəzə və nahaqa qarşı yekdil etirazının ifadəsi kimi səsləndi. Bu halda qınaq tərəfinin qeyri-adekvat davranışı-həmkarlarını “tərbiyəsiz” adlandırması millət vəkili kimi uca və şərəfli ada yaraşmayan hərəkətdir. Məlum hadisə ilə bağlı mətbuata müsahibəsində isə gün ərzində iki dəfə mövqe fərqi ortaya qoyması, yəni bir dəfə parlamentin sədrinin onu “şantaj” etməkdə ittiham etməsi, növbəti dəfə isə xanım sədri “yerində olan şəxs” adlandırması əsl özünüinkar nümunəsidir. Bu reallıq fonunda şair-deputatın illüziyalardan yoğrulmuş fikirlərinə həmkarlarının, eləcə də cəmiyyətin etimad faizi nə qədər ola bilər? Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.

Oxşar xəbərlər