Cənubi Qafqazda yaradılmış yeni tarixi reallıqlar Brüsseldə dünya ictimaiyyətinə çatdırıldı
20-12-2021, 14:03
239

Cənubi Qafqazda yaradılmış yeni tarixi reallıqlar Brüsseldə dünya ictimaiyyətinə çatdırıldı

Müsahibimiz Milli Məclisin deputatı, professor Elman Nəsirovdur
– Elman müəllim, Prezident İlham Əliyevin Avropa İttifaqı­nın Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Brüsselə səfəri və ora­da keçirdiyi görüşlər, mətbuat konf­ransında səsləndirdiyi fikirlər böyük maraqla izlənildi. Azərbaycanın beynəlxalq aləmin maraq dairəsində olmasının səbəbi nədir?
– Bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsində 44 gün ərzində Ermənistanın 30 illik işğalçılıq siyasətinə Azərbaycanın son qoy­ması və düşməni diz çökdürməsidir. Bilirsinizmi, bu vaxtadək dünyada çox müharibələr olub. Ancaq heç bir ölkə bu qədər qısa vaxtda düşməni kapitulyasiyaya məcbur edə bilməyib. Bunu tarixdə ilk dəfə bizim ölkəmiz etdi. Nəzərə alsaq ki, 30 il ərzində dünyanın qüdrətli dövlətləri, nü­fuzlu beynəlxalq təşkilatları, hətta ATƏT-in Minsk qrupu da münaqişəni tənzimləməkdə aciz idilər. Ancaq möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz münaqişəyə son qoyduq və ərazi bütövlüyümüz bərpa olundu. Müharibədən bir həftə sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə səfər etdilər. Həmin ərazilərdə Azərbaycan bayrağı qal­dırıldı, yenidənqurma, bərpa-abadlıq işlərinin təməli qoyuldu. Bu gün həmin ərazilərdə bərpa işləri geniş vüsət alıb. Görülən işlər dünya ictimaiyyətini heyrətə salıb. Çünki qısa müddətdə nəhəng işlər görülüb. Əlbəttə, bütün bunlar diqqətdən yayınmır.
Digər tərəfdən, möhtərəm Prezidentimiz ilk dəfə idi ki, Brüsselə qalib ölkənin başçısı kimi gedirdi. Elə buna görə də Avropada yaşayan soy­daşlarımız Prezident İlham Əliyevi bö­yük coşqu ilə qarşıladılar. Bu, xaricdə yaşayan həmvətənlərimizin Prezident İlham Əliyevin siyasi kursuna göstərdikləri dəstəyin bariz nümunəsi idi. Bu səfər, həm də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbə, habelə Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərin, o cümlədən müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edirdi.
– Səfər zamanı müharibədən sonrakı dövrlə bağlı geniş müzakirələr aparıldı və həllini gözləyən məsələlərlə bağlı razılaş­ma əldə olundu.
– Ermənistanın siyasi və hərbi rəhbərliyi artıq dərk etməyə başla­yıb ki, bundan sonra Azərbaycanın qarşısında tab gətirə bilməyəcək. Ölkəmiz getdikcə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən qüvvətlənir. Ona görə də Ermənistan Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmaq məcburiyyətindədir. Bu səfər zamanı Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli, daha sonra isə Ermənistan baş naziri ilə ikitərəfli görüş keçirdi. Bu, postmüharibə dönəmində ikitərəfli formatda keçilirən ilk görüş idi. Eyni zamanda, müharibədən sonrakı dövrlə bağlı geniş müzakirələr aparıldı və həllini gözləyən iki mühüm məsələ ilə bağlı razılaşma əldə olundu: birincisi, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün eks­pert qrupunun yaradılması ilə bağlı razılaşma. İkincisi isə Azərbaycanla Naxçıvanı birləşdirəcək kommunika­siya dəhlizlərinin açılması. Bu məsələ Ermənistanın öhdəliyi kimi bir daha təsdiqləndi. Belçikada elan olunan nüanslar buna qədər Soçi görüşündə də razılaşdırılmışdı.
Ümumiyyətlə, Brüssel görüşü, 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il razılaşmalarına sadiqliyi nümayiş etdirən mühüm addım kimi qiymətləndirilməlidir. De­kabrın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Pre­zident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçiril­miş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda da bu məsələyə toxundu. Şarl Mişel bildirdi ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq, Avropa İttifaqının gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub.
Avropa İttifaqı Şurası prezidentinin bəyanatında, həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demar­kasiyası və delimitasiyası məsələsində Avropa İttifaqı tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vur­ğulanıb. Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyi bir daha təsdiqlənib. Şarl Mişel, həmçinin bütün ölkələrin suverenliyinə tam hörmət edilərək Ermənistan və Azərbaycan arasında, xüsusilə də Cənubi Qafqaz kommu­nikasiya infrastrukturunun bərpasının vacibliyini vurğulayıb.
Brüssel görüşündə tərəflərin açıq şəkildə müzakirələr aparması üçün əlverişli şərait yaradıldı. İki dövlətin rəhbəri həllini gözləyən məsələlərlə bağlı ətraflı və dərin təhlil aparmaq, eyni zamanda, müəyyən məsələlərdə razılığa gəlmək üçün önəmli imkan əldə etdi. Bundan başqa, dövlət başçı­mız Ermənistanın Zəngəzur dəhlizində gömrük yaratmaq fikrinə də münasibət bildirdi.
NATO-nun baş katibi Yens Stoltenberqlə Prezident İlham Əliyevin birgə keçirdiyi mətbuat konfransında dövlət başçımızın qəti mövqe ortaya qoyması bir daha təsdiqlədi ki, bu dəfə də diktə edən tərəf Azərbaycandır. Möhtərəm Prezidentimiz Zəngəzur dəhlizinin hüquqi rejiminə aydın­lıq gətirən zaman dedi ki, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçı­van Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisini israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq.
Regional nəqliyyat əlaqələrinin inteqrasiyasının region üçün böyük imkan olduğu diqqətə çatdırıldı. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. bundan əlavə, Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi yarada bilir. Hazırda Ermənistanın belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada və hər kəsin xeyrinə ola bilər.
NATO-nun baş katibi Yens Stol­tenberqin bu qurumun Azərbaycanla tərəfdaşlığında dialoqun və qarşılıqlı anlaşmanın önəmli olduğunu vurğula­ması, uzun illər ərzində Azərbaycanla güclü əməkdaşlıq etdiklərini, hazırda bu əməkdaşlığın bir çox sahələri, bacarıqların inkişafından tutmuş enerji təhlükəsizliyinə qədər olan sahələri əhatə etdiyini bildirməsi bu nüfuzlu qu­rumun Azərbaycana əlaqələrinin daha da möhkəmləndirilməsinə maraqlı olmasından xəbər verir.
– Ermənistan rəhbərliyi, deyəsən, bu dəfə konstruktiv möv­qe nümayiş etdirdi...
– Həqiqətən də belə oldu. Bu görüşlərdə Ermənistan rəhbərliyinin konstruktiv mövqe nümayiş etdirməsi diqqətdən yayınmadı. Prezident İlham Əliyevin bütün təşəbbüsləri Ermənistan rəhbərliyi tətəfindən də qəbul edildi. Müxtəlif mənbələrdən verilən məlumatlara görə, Nikol Paşinyanın öz ölkəsində hökumətin iclasında çıxışı zamanı “Azərbaycan Prezidenti ilə dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmaların icrası regiondakı siyasi, iqtisadi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək” fikirlərini səsləndirməsi də bun­dan xəbər verir. Artıq hiss edirlər ki, Azərbaycan bütün sahələrdə Ermənistandan qat-qat üstündür və irəli sürülən təkliflərlə razılaşmaq məcburiyyətindədir. Bu, həm də onla­rın ölkələrinin də dirçəlməsinə kömək edə bilər.
Hesab edirəm ki, Brüssel görü­şü daha əvvəl Rusiyanın vasitəçiliyi ilə imzalanmış bəyanatların möhkəmləndirilməsinə, götürülən öhdəliklərin yerinə yetirilməsinin təmin olunmasına xidmət edən bir görüş idi. Bu baxımdan Brüssel müzakirələri irəliyə doğru bir addım kimi qiymətləndirilməlidir.

Oxşar xəbərlər