Müharibə olarsa, deputatlarımız döyüşə gedərmi? - Cavablar
10-03-2022, 13:39
7 697

Müharibə olarsa, deputatlarımız döyüşə gedərmi? - Cavablar

"Zərurət yaranarsa, əmin olun ki, birincilər sırasında özüm olacağam”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Latviya Seyminin üzvü Yuris Yuraşsın Ukraynaya döyüşməyə getməsi fonunda, azərbaycanlı deputatların da Ermənistanla yenidən müharibə alovlanacağı təqdirdə anoloji addım atıb-atmayacaqları ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, deputat statusu haqqında qanunla millət vəkilinin belə bir addım atması əslində qadağandır:

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıyıq. İşlər də bu istiqamətdə gedir. Təbii ki, Azərbaycan dövləti hər zaman öz müdafiəsini təşkil etməyə qadirdir. Amma müharibə deyil, sülh bağlamaq niyyətindəyik. 

Hipotetik baxımdan belə bir müharibə yenidən başladığı təqdirdə deputatların da döyüşə getmək məsələsinə gəldikdə, məsələyə deputatın statusu ilə bağlı qanun çərçivəsində baxsaq, bu qadağandır. Səbəb də odur ki, müharibə dövründə parlament üzvləri mühüm strateji qərarlar qəbul edir. Belədə deputatlar müharibəyə yollanarsa, bu, nəticə etibarı ilə müharibə dövrünün qanunlarının qəbuluna imkan verməz. 

Amma deputatların əlinə silah alıb müharibəyə getməsi zərurəti yaranarsa, əmin olun ki, birincilər sırasında özüm olacağam. Artıq əsgərəm. Ermənistanla real müharibədə olmasaq da, faktiki olaraq informasiya müharibəsi getməkdədir. Özümü də həmin informasiya müharibəsinin əsgəri hesab edirəm”.  

"Həmişə hazıram”, - bu fikirlər isə deputat Elşad Mirbəşiroğluna məxsusdur:

"Qarabağda müharibə olsa, Vətənimi canımla, qanımla qorumağa hazıram. Hər bir ölkə vətəndaşı tutduğu vəzifə, malik olduğu statusdan asılı olmayaraq, vətəni, torpağı uğrunda birmənalı olaraq canından keçməyə həmişə hazır olmalıdır. 

Amma latviyalı deputatın Ukraynadakı müharibəyə qoşulması normal hal deyil”.  

"Füzulinin yarı yolundan qaytardılar”, - bunu isə deputat münasibət bildirərkən Razi Nurullayev deyib: 

"44 günlük müharibə zamanı bir neçə deputat könüllü olaraq müharibədə iştirak etmək istədiyini bildirmişdi. Məni isə Füzulinin yarı yolundan qaytardılar. Demirəm ki, əlimə silah götürmək üçün gedirdim. Cəbhəyə gedib, dəstək olmaq istəyirdim. Birinci Qarabağ müharibəsi zamanı da könüllü olaraq döyüşlərə getmək istəyirdim. Amma aparmadılar. Bu gün müharibə yenidən başlasa, torpağı, vətəni qorumaq üçün düşünmədən, müzakirə etmədən əlimə silah götürüb cəbhəyə gedərəm”. 
 
"Ukraynada vəziyyət gərgindir və müdafiə məqsədilə bütün vətəndaşlara silah paylanılıb. Vəzifəli şəxslər, o cümlədən millət vəkilləri də Vətənin müdafiəsində yaxından iştirak edirlər. 44 günlük Vətən müharibəsində də bizim qəhrəman əsgər və zabitlərimiz döyüşdülər, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək zəfər çaldılar. Məndə olan məlumata görə, Vətən müharibəsi ərəfəsində, təxminən 10 millət vəkili ordu sıralarına könüllü yazılmışdı. Yəni, zərurət yaranacağı təqdirdə deputatlar da döyüşməyə hazır idi. Həmin məlumatlar aidiyyəti qurumlarda qorunub saxlanılır”, - bunu isə Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, Vətən uğrunda şəhid olmaqdan şərəfli heç nə yoxdur: 

"Təəssüf ki, 44 günlük Vətən müharibəsində bu zirvəni fəth etmək bizə nəsib olmadı. Əsas odur ki, torpaqlarımız işğaldan azad edildi. Düşünürəm ki, zərurət yaranacağı halda vəzifəsindən, kimliyindən asılı olmayaraq hər bir azərbaycanlı döyüşməyə, vuruşmağa, Prezidentin əsgəri olaraq əmrləri, tapşırıqları yerinə yetirməyə hazırdır.

Şükürlər olsun ki, ötən müddət ərzində ordumuzu gücləndirə və qura bilmişik. Ümumiyyətlə, Azərbaycan bütün sahələrdə nümunədir. Hər an 44 günlük Vətən müharibəsində olduğu kimi güclü olmalıyıq. Güclü olacağımız təqdirdə isə, əlbəttə ki, regionun diktəedən və aparıcı dövlətlərindən biri olaraq qalacağıq”.

Oxşar xəbərlər