Dünya liderlərinin İlham Əliyevə etimadı – Ermənistan hansı dərsi çıxarmalıdır? – Deputatdan ŞƏRH
17-03-2022, 11:36
2 309

Dünya liderlərinin İlham Əliyevə etimadı – Ermənistan hansı dərsi çıxarmalıdır? – Deputatdan ŞƏRH

Daim inkişaf istiqamətində irəliləyən Azərbaycana, onun Prezidenti İlham Əliyevə dünya liderləri tərəfindən göstərilən diqqət getdikcə artmaqdadır.
Bunun sübuti olaraq son bir ayda dünyanın aparıcı dövlət və hökumət başçılarının Prezident İlham Əliyevə ünvanladığı məktubları, telefon danışırlarını, görüşləri göstərmək olar. Bütün bunlar Azərbaycan Prezidentinin dünyada böyük nüfuz sahibi olmasının, Azərbaycanın beynəlxalq arenada yeri və rolunun daha da yüksəlməsinin göstəricisidir.
Son bir ayda Türkiyə və Azərbaycan prezidentləri arasında 3 dəfə telefon danışığı, bir dəfə isə görüş keçirilib. Bundan başqa Azərbaycan Prezidenti ilə NATO-nun Baş katibi, Polşa Prezidenti Anjey Duda, Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron , Moldova Prezidenti Maya Sandu, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Rumıniya Prezidenti Klaus Yohannis və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Bunlarla yanaşı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consondan, Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən, Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan Prezident İlham Əliyevə məktublar daxil olub.
Bəs görəsən dünya liderlərinin Azərbaycan Prezidentinə bu münasibəti, böyük etimad göstərməsi nə ilə bağlıdır?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, ““Azərbaycan dünya miqyasında elə də böyük dövlət olmasa da, onun sözünün mənası və çəkisi böyükdür” - bu cənab Prezidentin sözüdür.

“Azərbaycanın sözünün məna və çəkisini böyük edən şəxs də elə dünya səviyyəli siyasətçi olan Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Bu dediyimiz reallığı beynəlxalq aləm və beynəlxalq birliyin subyektləri, onların liderləri çox gözəl dərk edirlər. Rusiya dövlətinin lideri, Türkiyə Prezidenti, Amerika Birləşmiş Ştatlarının dövlət katibi, Fransanın Prezidenti, NATO-nun Baş katibi, Avropa İttifaqı Şurasının Prezidenti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri və başqa dünya liderlərinin Azərbaycan Prezidenti ilə telefon danışıqları, görüşləri, göndərdikləri məktublar bir daha təsdiqləyir ki, Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzu kifayət qədər böyükdür.
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin İlham Əliyevə zəng edərək Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparması, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə etməsi onu göstərir ki, Azərbaycan təkcə lokal, regional səviyyəli deyil, beynəlxalq səviyyəli problemlərin, məsələlərin həllində geniş imkan və potensiala malikdir. Azərbaycan Prezidentinin sözü və siyasi iradəsi qəbul edilir. Xüsusilə də pandemiya ilə mübarizə dövründə beynəlxalq birlik və böyük dövlətlərin liderləri bir daha əmin oldular ki, Azərbaycan dövləti, onun rəhbəri çox qlobal addımlara imza atır, pandemiyaya qarşı beynəlxalq səyləri birləşdirir, bu prosesdə lider dövlət olduğunu ortaya qoyur. Bunu dünya görür, bütün bunlar dünyanın gözü qarşısında baş verir.
Eyni zamanda beynəlxalq birlik, beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentini müzəffər prezident, müdrik dövlət xadimi, mahir diplomat kimi qəbul edir. Bütün bu reallıqlar fonunda Azərbaycan Prezidentinə dünya liderlərinin zəng etməsi, məktublar göndərməsi onu göstərir ki, Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin siyasi iradəsi hər zaman nəzərə alınır. Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi töhfələr vermək iqtidarında olan bir dövlətdir”.

Azərbaycanın sülhə və təhlükəsizliyə töhfə vermək potensialı
Azərbaycanın Ukrayna yardımından, İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqlarına toxunan deputat bildirib ki, Azərbaycan dövlətinin və Prezidentinin nüfuzu ondan ibarətdir ki, Azərbaycan dövləti öncəliklə öz maraqlarından çıxış edərək addım atır və beynəlxalq sülhə öz töhfəsini verir:
“Bunu Ukrayna Prezidentinin Azərbaycan Prezidentinə zəngi də təsdiqlədi. Rusiya və Ukrayna arasındakı müharibənin qarşısının alınmasında da iki dövlətin çox ciddi potensiala malik olduğu hər kəsə bəllidir. Bu qardaş Türkiyə dövləti və Azərbaycan dövlətidir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu gün Avropanın mərkəzində gedən müharibənin qarşısını almaq istiqamətində çox ciddi töhfələr verir və konkret əməli addımlara imza atır. Ukrayna ilə bizim münasibətlərimiz strateji tərəfdaşlıq münasibətləridir. Bundan çıxış edərək Azərbaycan dövləti humanitar missiyasını həyata keçirir. İki dəfə Ukrayna dövlətinə, xalqına humanitar yardım göstərib. Eyni zamanda Azərbaycan Rusiya ilə də müttəfiqlik münasibətlərinə malikdir. Bu reallıqdan çıxış edərək, Azərbaycan dövləti Türkiyə dövləti ilə birlikdə bu müharibənin qarşısını almaq üçün səylər göstərir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Antalya Diplomatik Forumu öncəsi Türkiyə səfəri və Türkiyə Prezideti ilə danışıqlarında da bu məsələlər ciddi müzakirə olundu. Həm Rusiya, həm də Ukraynanın Prezidenti timsalında Türkiyə və Azərbaycanın regionda sülhə və təhlükəsizliyə töhfə vermək potensialı yüksək qiymətləndirilir. Eyni mövqedən Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya da çıxış edir, bütün bunlar heç bir halda təsadüfi sayılmamalıdır”.
Ermənistana mesaj
Elman Nəsirov bildirib ki, dünya liderlərinin Azərbaycan Prezidetinə belə münasibəti, etimad göstərməsi Ermənistan üçün bir mesajdır:
“Ermənistanda eyforiya və revanşizm hislərinin bir-birini əvəz etdiyini görürük. Bu gün ümumiyyətlə, Ermənistanda eyforiyadan söz gedə bilməz, ancaq revanşizm məsələləri var. Hadisələrə ayıq başla qiymət verməlidirlər. Görməlidirlər ki, Azərbaycan dövləti çoxdan regional səviyyəni aşmış bir dövlətdir. Azərbaycan bu gün beynəlxalq təhlükəsizlik məsələlərinə çox böyük töhfələr vermək potensialını ortaya qoyub. Ermənistan tərəfi görməlidir ki, dünya liderləri Azərbaycan Prezidentinə necə böyük hörmətlə yanaşır, onun mövqeyini öyrənir, eləcə də İlham Əliyevin mövqeyi ilə hesablaşırlar. Regional və regiondan kənar təhlükəsizlik problemlərinin həllində Azərbaycanın kömək göstərməsini xahiş edirlər. Analoji yanaşma heç bir zaman Ermənistana yoxdur. Ermənistan dövlətinə və Ermənistanın siyasi rəhbərliyinə heç bir halda dünya liderlərinin belə yanaşmasını görmək mümkün deyil. Onlar görürlər ki, Azərbaycanın potensialı nədir, Ermənistanın potensialı nədir. Ermənistan dövləti bütün bunları təhlil edib dərs çıxarmalıdır. Real əməkdaşlıqla bağlı konkret və ciddi addımlar atmağa başlamalıdır”.

Oxşar xəbərlər