Ərzaq qıtlığı qlobal çağırışdır
20-04-2022, 17:17
6 784

Ərzaq qıtlığı qlobal çağırışdır

Elman Nəsirov
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor
Cari ilin 24 fevral tarixində  Rusiya-Ukrayna müharibəsinin başlanması dünyanın təkcə geosiyasi arxitekturasını dəyişməmiş, eyni zamnada planetimizin geoiqtisadi mənzərəsini də tanınmaz hala salmışdır. Bu müharibənn birbaşa nəticəsi olaraq ABŞ başda olmaqla kollektiv Qərb Rusiyaya qarşı total sanksiyalar rejmini tətbiq etmişdir. Bu proses davam etməkdədir və Rusiya iqtisadiyyatını tam çökdürməyi hədəfləmişdir. Medalın isə iki üzü olur. Dünya taxıl ixracında birinciliyi qoruyub saxlayan Rusiyanın iqtisadi kollapsının  özüylə qlobal aclıq və səfalət gətirəcəyi də ciddi narahatlıqlar üçün zəmin  yaradır. Fikrimizi faktların və arqumentlərin dili ilə əsalandıraq.
Son onilliklərdə ərzaq təhlükəsizliyi problemi heç vaxt indiki qədər aktual olmamışdır. Təkcə cari ilin mart ayında buğda məsulunun qiyməti 20% artmışdır. BMT-nin son hesablamalarına görə,  Ukrayna böhranı planetin 1,7 milyard nəfərini aclıq  təhlükəsi ilə təhdid edə bilər. Bu, dünya əhalisinin  beşdə biri deməkdir.
Məsələn, Misirdə, Yəməndə, Livanda və Liviyada, sözün həqiqi mənasında, kütləvi aclıq baş verə bilər. Bu ölkələr özlərinin taxıl məhsullarna olan tələbatının, demək olar ki, 100%-ni müharibə vəziyyətində olan Rusiya və Ukraynanın hesabına ödəyirlər. Nəzərə alaq ki, 2020-ci ilin statistikasına görə, Rusiya dünya buğda ixracında 5%-lik paya malik olmaqla 1-ci mövqedə dayanır və il ərzində 37, 2 milyon ton bugda satışını həyata keçirmişdir. Müqayisə üçün qeyd edək ki, müvafiq göstəriciyə görə Ukrayna dünyada 5-ci yerdədir və 18,1 milyon bugda ixrac etmişdir. Rusiyanın Aqrosənaye kompleksinin (ASK)  dünya ərzaq bazarında bir sıra parametrlər üzrə üstün mövqeyə malik olması, onun iri həcmli  gəlirlərində də ifadə olunur.  Məsələn, 2021-ci ildə Rusiyanın  ASK məhsulları ixracdan gəlirləri  37 milyard dolları ötmüşdür. Bu gəlirlərin  11 milyard dollardan cox hissəsi  yalnız buğda ixracından əldə edilmişdir.
Ukrayna böhranı fonunda yaranan yeni reallıq zəngin Avropa İttifaqı ölkələrini belə ərzaq böhranı ilə təhdid etməkdədir. Məsələnin qəlizliyi ondadır ki, total sanksiya hədəfinə çevirdikləri Rusiyadan 2021-ci ildə ən çəx kənd təsərrüfatı məhsulu alan  məhz Avropa İttifaqı ölkələri olmuşdur. Bu göstərici 4,7 milyard dollara bərabərdir. Müqayisə üçün qeyd edək ki, bu sferada ikinci mövqedə dayanan Türkiyədə müvafiq göstərici 4,3 milyard dollar, üçüncü yerdə qərarlaşan Çində isə bu rəqəm 3,5 milyard dollar təşkil etmişdir.
Formalaşmış mürəkkəb reallıqlar fonunda iri buğda istehsalçıları olan ABŞ və Kanadanın buğda becərilməsində üzləşdikləri əlverişsiz iqlim şəraitinin doğurduğu çətinlikləri, habelə digər mühüm taxıl tədarükçüsü olan  Qazaxıstanın cari ilin 15 iyun tarixinədək buğda ixracını məhdudlaşdırması və kvota tətbiqi ilə bağlı qərar qəbul etməsini nəzərə alsaq, vəziyyətin kifayət qədər dramatik olduğu diqqətdən yayınmır.  Bu kvotaya əsasən, buğda ixracı 1 milyon ton, buğda unu ixracı isə 300 min tonadək məhdulaşdırılmışdır.
Basqa sözlə, Rusiya-Ukrayna müharibəsinin birbaşa nəticəsi olaraq, Kiyevin dünya bazarına 2 dəfə az taxıl  məhsulu ixrac edəcəyi proqnozlaşdırılır. Bu, qlobal ərzaq bazarında təxminən 9,5 milyon ton taxıl məhsulunun əskik olması anlamını yaradır. Ukraynadan buğda ixracına görə iki dəfədən çox böyük olan Rusiyanın sanksiyalar ucbatından buğda və un məhsullarını vaxtında  və qədərincə ixrac etmək imkanlarından məhrum olması dünyanın çoxsaylı xalqlarını ən böyük imtahanla-çörəklə sınağa çəkmək reallığını labüd edə bilər. Bu vəziyyətin isə zəncirvari olaraq hansı sosial-iqtisadi və siyasi kataklizmlərə yol aça biləcəyini proqnozlaşdırmaq elə də  çətin deyildr.
Qlobal ərzaq qıtlığı problemi Azərbaycanı da narahat edən məsələdir. Məsələnin qəlizliyi ondadır ki, Azərbaycan 40% buğdanı xarici istehsalçılardan almaq məcburiyyətindədir. 2021-ci ildə Azərbaycanda 1,9 milyon tona yaxın buğda istehsal edilmişdir. Bu, 2020-ci illə müqayisədə təxminən 1% çox olsa da, ölkənin tələbatından azdır. Belə ki, Azərbaycanın buğdaya olan illik tələbatı 3 milyon tondan bir qədər çoxdur. Son nəticədə ölkə hər il 1 milyon tondan çox buğda idxal etməlidir. Bunun isə 90%-dən çoxu Rusiyadan, cüzi hissəsi isə Qazaxıstandan gətirilir.Məsələn, ötən il. ölkəmiz Rusiyadan 780 min tondan çox taxıl idxal etmişdir.
Bu il 1 milyon hektardan çox ərazidə payızlıq dəmyə əkinləri həyata keçirilmişdir Bunun 602 min hektarı buğda, 400 min hektarı isə arpadır. 
Ərzaq qıtlığının getdikcə qlobal çağırışa çevrildiyini nəzərə alaraq ölkə Prezidenti cənab İlham Əliyev ərzaq təhlükəsizliyi problemlərinin həllinə xüsusi prioritet sahə kimi yanaşır. Təsadüfi deyidir ki, 12 aprel tarixində keçirilən ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı qlobal ərzaq qıtlığı məsələlərinə xüsusi diqqət ayırmış və bu xüsusda ölkəmizdə buğda istehsalının genişləndirilməsinin vacibliyini vurğulamışdır: “Biz, ilk növbədə, ərzaqlıq buğdanın istehsalını artırmalıyıq. Əlbəttə ki, ehtiyatları yığmalıyıq. Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək.” 
Zənnimizcə, Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün ilk növbədə yerli fermerləri taxıl əkməyə stimullaşdırmaq və bu məqsədlə həmin məhsulun istehsalına ayrılmış subsidiyanın həcmini artırmaq vacibdir.

Oxşar xəbərlər