“Şuşa həm də siyasi bir mərkəzdir” – siyasilər Zəfər qurultayından danışdı
21-04-2022, 11:09
2 660

“Şuşa həm də siyasi bir mərkəzdir” – siyasilər Zəfər qurultayından danışdı

22-23 aprel tarixlərində dünyanın diqqəti mədəniyyət paytaxtımız Şuşaya yönələcək. Həmin günlərdə burada Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcək. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultay iştirakçıları artıq Bakıdadır. Onlar aprelin 20-də Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.
"Report" xəbər verir ki, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra I və II Şəhidlər xiyabanları ziyarət olunub.
Dünya Azərbaycanlılarının V Qurultayı Zəfər Qurultayı kimi tarixə düşəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev məlumat verib. O bildirib ki, bütün qurultaylarda həmişə növbəti qurultayın Şuşada keçirilməsini arzu edirdik: “Bu, Zəfərdən sonra keçirilən Dünya Azərbaycanlılarının ilk Qurultayıdır. Şuşada keçiriləcək Qurultay Zəfər Qurultayı olacaq. Azərbaycanın, Türk Dünyasının mədəniyyət paytaxtında keçiriləcək Qurultayda bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarlar qəbul ediləcək”.
Yaponiyanın “ajmedia.jp” saytı Dünya Azərbaycanlılarının Şuşada təşkil ediləcək V Qurultayı barədə məlumat yayıb. AZƏRTAC-a istinadla yapon və ingilis dilində yayımlanan məlumatda qeyd edilir ki, qurultay Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun erməni işğalından azad etdiyi Şuşa şəhərində təşkil ediləcək. Vurğulanır ki, böyük musiqiçilər yetişdirən Şuşa şəhəri Azərbaycanın qədim mədəniyyət paytaxtı hesab edilir.
Bildirilir ki, qurultayın gündəliyinə əsasən rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin aparılması nəzərdə tutulur.
Məlumatda Dünya Azərbaycanlılarının V Qurultayının beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacağı da əksini tapıb. Vurğulanıb ki, bütün dünyaya səpələnmiş Azərbaycan diasporu son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirir.

Tural Abbaslı: “Bu müsbət addımdır və alqışlayırıq”

 

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında olduqca önəmli bir tarixi hadisəyə şahidlik edəcəklərini bildirdi:
“Şuşada keçirilən istənilən tədbirin xüsusi əhəmiyyəti var. Çünki Şuşa Qarabağın tacıdır, Vətən müharibəmizin simvoludur. Əgər I Qarabağ savaşında Şuşa məğlubiyyətimizin simvoluna çevrilmişdisə, II Qarabağ savaşından sonra Şuşa qələbəmizin, qürurumuzun simvoludur. Belə bir məkanda təbii ki, Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi önəmli hadisədir. Ümumiyyətlə, Milli Məclisin də komitə iclaslarının Şuşada keçirilməsi əlamətdar hadisələrdən biri sayılmalıdır. Bu gedişatı da müsbət qiymətləndirirəm. Simvolik addımlardır və bu addımların atılması çox vacibdir. Çünki dövlət və dövlətçilik ənənələrinin formalaşması belə ənənələrdən yaranır və davam edir. Bir anlıq düşünün. Şuşaya dünyanın hər yerindən azərbaycanlılar gələcək. Tanınmış, öz sahəsində uğurlar qazanmış insanlar Şuşada toplaşacaq. Şuşa artıq nisbətən olsa da, azərbaycanlılar çərçivəsində olsa belə dünyanın diqqət mərkəzində olacaq. Ona görə də, təbii ki, bu müsbət addımdır və alqışlayırıq”.
T.Abbaslı belə tədbirlərdə müxalifətin də iştirakını vacib sayır:
“Onu da qeyd edim ki, iqtidar belə prosesləri çalışıb tək inhisara almamalıdır. Bu proseslərdə bütün siyasi camiənin iştirakı təmin edilməlidir. Çünki bu iqtidara yaxın olanların deyil, dünya azərbaycanlılarının qurultayıdır. Daxildə dünyadan dəvət olunan insanların belə siyasi baxışlarına baxılmamalıdır. Müxalifət düşərgəsindən olan təmsilçilərin də orada olması çox yaxşı olardı. Bununla dünyaya verəcəyimiz mesaj daha konkret olardı. Hər addım dünyada dostlara, eyni zamanda, düşmənlərə belə bir mesajdır. Dediyim nüanslar nəzərə alınarsa, daha effketiv olar deyə düşünürəm. Amma istənilən halda bu addımı yüksək qiymətləndirirəm”.

Fəzail Ağamalı: “Tamamilə yerinə düşən seçimdir”

 

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı yerinə düşən bir seçimin edildiyini söylədi:
“44 günlük Vətən Müharibəsində bütün dünya azərbaycanlıları, soydaşlarımız bütün ölkələrdə ciddi fəallıq göstərdilər, vətəndaşlıq mövqeyi ortaya qoydular. Eyni zamanda, yaşadıqları yerlərdə erməni avantürasına qarşı iradə və fədakarlıq nümayiş etdirdilər. Bütün bunların nəticəsi kimi Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi tamamilə yerinə düşən seçimdir. Dünya azərbaycanlıları bu qurultaydan sonra daha möhkəm və sıx şəkildə birləşərək, Azərbaycanın taleyüklü məsələlərinin beynəlxalq aləmdə reallaşmasında öz töhfələrini verəcəklər. Bu çox ciddi hadisədir. Azərbaycanın ən əhəmiyyətli tədbirləri Şuşada keçirilir. Şuşa mədəniyyət mərkəzi ilə yanaşı, həm də siyasi bir mərkəzdir. Dünya azərbaycanlılarının hər birinin düşüncələrində sevgi ilə yaşayan bir şəhərdir. Bütün mənalarda qurultayın orada keçirilməsi həm milli-mənəvi, həm siyasi baxımdan simvollaşmanın bir ifadəsidir. Ümidvaram ki, bu qurultaydan sonra dünya azərbaycanlıları Azərbaycan dövləti ətrafında daha da sıx birləşərək, dünyadakı erməni diasporalarına qarşı fəal olacaqlar, ciddi nailiyyətlərini ortaya qoyacaqlar”.

Elman Nəsirov: “Azərbaycanın diaspora tarixinə qızıl hərflərlə yazılacağına inanırıq”

 

YAP-çı deputat Elman Nəsirov bu tədbirin siyasi əhəmiyyətinin daha yüksək olduğuna işarə etdi:
“Şuşa şəhərində keçiriləcək dünya azərbaycanlılarının sayca beşinci qurultayının çox böyük əhəmiyyəti və mənası var. Məsələ ondadır ki, Qarabağın incisi sayılan Şuşa təkcə Azərbaycanın, türk dünyasının mədəniyyət paytaxtı deyil, həm də ölkəmizin siyasi paytaxtına çevrilməkdədir. Doğrudur, Xarıbülbül festivalı keçirilməklə, Vaqif Poeziya Evi təşkil olunmaqla Şuşa şəhəri özünün mədəniyyət paytaxtı olduğunu sübuta yetirib. Amma ilk dəfədir ki, Şuşamız həm də siyasi mərkəz olmaqla bütün dünyaya özünü nümayiş etdirmiş olacaq. Həqiqətən də bu qurultayın orada keçirilməsi bütün dünyaya bəyan edəcək ki, Şuşa Qədim Azərbaycan şəhəridir. Onun 270 illik tarixini qeyd etməyə hazırlaşırıq. Şuşa ermənilərin bütün iddialarına baxmayaraq, hər zaman Azərbaycan şəhəri olub, bu gün də belədir, gələcəkdə də belə olacaq. Dediyim kimi, bu qurultayın orada təşkil olunması çox böyük siyasi əhəmiyyət kəsb edir. I qurultay ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. Bu hadisə dünya azərbaycanlılarının həmrəyliyinin əldə edilməsində müstəsna rol oynadı. Bundan sonra isə daha üç qurultay keçirildi. İndiyə qədər keçirilən dörd qurultayın hər biri Bakıda təşkil olunub. Amma bu dəfə çox doğru olaraq başqa bir məkan seçilib. Bu qurultay çərçivəsində çox ciddi məsələlər müzakirə olunacaq. İlk növbədə, cənab prezident İlham Əliyevin diasporalar qarşısına qoyduğu çox mühüm bir vəzifə var. O da ondan ibarətdir ki, yaşadığınız ölkələrdə siyasi amilə çevrilməlisiniz, Azərbaycan həqiqətlərini dünyaya yaymalısınız, buna töhfə verməlisiniz. Bu günləri həm də ilk dəfədir ki, dünyada yaşayan soydaşlarımız, Azərbaycan icmalarının nümayəndələri qalib dövlətin təşkil etdiyi qurultaya toplanırlar. İndiyə qədər keçirilən qurultaylarda biz hər zaman söyləyirdik ki, bir gün gələcək dünyada yaşayan azərbaycanlılar qürur, fəxarət hissi ilə bir yerə toplaşacaq, tarixi qələbəmizi qeyd edəcəyik, torpaqlarımız işğaldan azad olunacaq. Bu gün o həqiqətə çevrilib. Müzəffər prezidentimiz, onun formalaşdırdığı yenilməz ordu və Qüdrətli Azərbaycan xalqı tarixi zəfərə imza atmaqla həmin arzuları gerçəkləşdirib. İşğaldan azad olunan Qarabağ torpağında, onun incisi olan Şuşa şəhərində bu tədbirin keçirilməsi misilsiz bir hadisədir. Bu qurultayda müzakirə edilən məsələlərin və qəbul ediləcək qərarların Azərbaycanın diaspora tarixinə qızıl hərflərlə yazılacağına inanırıq. Ən azından o səbəbdən ki, qalib dövlət özünün mədəniyyət və siyasət paytaxtında belə qərarlar qəbul edir. Təbii ki, bu tədbirin keçirilməsində Diasporlarla İş Üzrə Dövlət Komitəsinin də fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Xeyli müddət idi ki, bu qurultaya hazırlaşırdılar. Dünyada fəaliyyət göstərən diaspora təşkilatları ilə sıx, intensiv işlər görürlər, onların siyasi amilə çevrilmələri üçün səylər göstərirlər. Nəticə də göz önündədir”.

Oxşar xəbərlər