Bu problem təkcə bizim yox, bütün dünyanın problemidir - Elman Nəsirov
5-05-2022, 17:28
7 017

Bu problem təkcə bizim yox, bütün dünyanın problemidir - Elman Nəsirov

“Bu gün müzakirə etdiyimiz məsələ sözün həqiqi mənasında ən qlobal məsələlərdən biridir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Elman Nəsirov deyib.
Onun sözlərinə görə, bu problem təkcə bizim yox, bütün dünyanın problemidir: “Son təhlillər onu göstərir ki, bu qlobal problem dünyada ən çox gəlir gətirən sahələrdən biri insan alveridir. İnsan alverindən gələn gəlirin həcminin il ərzində 150 milyard dolların ötdüyü BMT-nin hesabatlarında görünür. Hörmətli Seyfulla Əzimovun məlumatından bir daha qənaət hasil oldu ki, ölkəmizdə bu sahədə vəziyyət qənaətbəxşdir. Rəqəmlərin özü bunu təsdiqləyir.
2021-ci ildə ölkəmizdə 31 min 131 cinayət faktı qeydə alınıb. Onun içərisində insan alveri ilə bağlı rəqəm 0,6% təşkil edir. Burada bizim mənəvi-əxlaqi dəyərlərimiz öz rolunu oynayır. Hər halda bir şeyi bilmək lazımdır ki, bu ümumbəşəri bir bəladır. Heç bir dövlət bu bəladan sığortalanmayıb. Hətta nə qədər qəribə səslənsə də, bəlkə də çox geniş yayılmış və çox böyük gəlir gətirən bu sahəyə qalib gəlmək bəlkə də mümkün deyil. Bu qədər səylər göstərilsə də, amma nəticə elə də ürəkaçan deyil”.

Oxşar xəbərlər