Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev
10-05-2022, 14:19
1 663

Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev

Avropa və şərqin siyasi-fəlsəfi fikir tarixinin görkəmli simaları əsrlər boyu liderlik institutunun tarixdəki rolunu obyektiv surətdə aydınlaşdırmağa çalışmış, bir-birindən maraqlı və cəlbedici qənaətlərə gəlmişlər. Müasir dövrün qəlibləşmiş politoloji nəzəriyyələri də liderliyin təsnifatını apararaq onu fəaliyyətin xarakteri və idarəçilik metoduna görə müxtəlif qruplara bölürlər. Liderlik məfhumu ilə bağlı ən fərqli mülahizələr, elmi-nəzəri baxışlar bir ümumi nöqtədə qovuşur: Liderlik -tükənməz optimistik, yüksək xarizmatik, fitri idarəçilik, dəmir iradəsi, geniş siyasi dünyagörüşü kimi keyfiyyətləri ilə seçilən bir şəxsiyyətin kütlələri konkret ideya, məram və məqsədlər ətrafında səfərbər edib inandırmaq, öz ətrafında toplamaq, arxasınca aparmaq bacarığıdır.
     Ulu Öndər Heydər Əliyev də məhz belə liderlərdən biri olaraq bütün varlığı ilə haqqın və ədalətin carçısı, düzgünlüyün tərəfdarı olmuşdur. Dürustlük, zəiflərin haqqını müdafiə etmək, humanizm, insanpərvərlik kimi ali insani keyfiyyətlər onun müdrik rəhbər obrazının qabarıq görünən cizgiləridir. Məhz bu keyfiyyətlər Ulu Öndər Heydər Əliyevi dünya miqyasında azərbaycanlıların ümummilli lideri kimi qəbul edilməsinə əsas vermişdir.
    Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin ölkəmizin minilliklər boyu davam edən dövlətçilik tarixində rəhbərlik etdiyi 35 illik zaman kəsiyinin mahiyyətində xalqımızın intizarda olduğu arzular, niyyətlər və məramlar gerçəkliyə çevrildi. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi, daimi dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişinə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millət kimi mövcudluğuna qədər inkişafı kimi misilsiz tarixi prosesi əhatə edir. Ulu Öndər bütün bu uğurlara məhz xalqın böyük mənəvi dəstəyi, etimadı və inamına söykənərək nail oldu.
     Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin ilk illərində milli dövlətçiliyimizi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq da onun yüksək liderlik əzmini bir daha nümayiş etdirdi, xüsusən də 1992-1993-cü illərdə xalqı, dövləti yaşanan sarsıntı və təlatümlərdən bacarıqla çıxarması təsdiqlədi ki, yalnız tükənməz optimistik, yüksək xarizmatik, fitri idarəçilik, dəmir iradə, geniş siyasi dünyagörüşü kimi keyfiyyətlərə malik olan Heydər Əliyev fenomeni Azərbaycanın dövlət  müstəqilliyini qorumaq və yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Buna görə də müdrik xalqımız canı-qanı hesabına əldə etdiyi müstəqillik nemətini növbəti dəfə itirmək təhlükəsi ilə üzləşəndə nicat axtarışına köklənən nəzərlərini Ulu Öndər Heydər Əliyevin üzərinə yönəltdi. Ulu Öndər çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək, xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu.
     Heydər Əliyev müdrik rəhbər olaraq, hər bir fərdin azad, təhlükəsiz yaşaması naminə ilk növbədə ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpasına nail oldu.
      Azərbaycan Respublikasının dövlət müstəqilliyini təmin etmək, onun dönməzliyini möhkəmləndirmək üçün hər şeydən əvvəl ölkənin Əsas Qanununu-Konstitusiyasını qəbul etmək lazım idi. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası dövlət müstəqilliyimizin məqsəd və vəzifələrinə cavab vermirdi. Digər tərəfdən, müstəqillik şəraitində Azərbaycan Respublikasının iqtisadi, siyasi və ideoloji sisteminin əsaslı surətdə dəyişməsi hüquq sisteminin də dəyişdirilməsini zəruri edirdi. Buna görə dövlətin qarşısında ilk növbədə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını hazırlamaq və tezliklə qəbul etmək vəzifəsi dururdu.    
      1993-cü ildə Ulu Öndər H.Əliyev qarşıya qoyulan bu taleyüklü vəzifəni belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
      Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. “Dövlət-dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarizəyə başlanıldı.
       Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may qərarı ilə konstitusiya layihəsini hazırlayan komissiyanın 34 nəfərdən ibarət tərkibi təsdiq edildi. 1995-ci il 5 iyunda komissiyanın ilk iclası keçirildi. Komissiyanın həmin iclasına sədrlik edən Ulu Öndər Heydər Əliyev öz çıxışında Konstitusiyanın layihəsində əks edilməli olan müddəalara və rəhbər başlanğıclara diqqət yönəltdi. O, Konstitusiyada “hakimiyyətin bölünməsi” prinsipinin qabarıq əks olunmasını tövsiyə edirdi. Ulu öndər öz çıxışında qeyd etmişdi ki, “hakimiyyətin bölünməsi qanunvericilik, ali icra və məhkəmə hakimiyyətləri-bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin edilməlidir”. Dahi rəhbər qeyd olunan Komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında demişdi: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd-siyasi, hüquqi sənəd yaratmışıq”.  
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi və 1995-ci il 27 noyabrdan qüvvəyə mindi.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1918-ci ilin 28 mayda Azərbaycan Milli Şurası tərəfindən qəbul edilmiş Istiqlal Bəyannaməsinin müddəalarını və prinsiplərini özündə əks etdirir. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin bu tarixi nailiyyətinə Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 noyabr tarixli iclasında qiymət verərək demişdir: “Yeni Konstitusiya Azərbaycanda demokratik hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.
Ulu öndərin bu çıxışında qeyd etdiyi vəzifələrin yerinə yetirilməsində məhkəmə sisteminin də böyük rolu vardır. Məhz bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasının VII fəsli məhkəmə hakimiyyətinə həsr olunmuşdur. Bu fəsildə məhkəmə hakimiyyətinin təşkili və həyata keçirilmə prinsipləri təsbit olunmuşdur.
        Bu gün Azərbaycan Respublikası möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır.
        Azərbaycan dövlətçiliyi tarixində “İlham Əliyev dövrü” qızıl hərflərlə yazılmağa layiqdir. Təkcə bunu demək kifayətdir ki, 28 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarımız onun komandanlığı ilə inanılmaz bir müddətdə-cəmisi 44 gün ərzində işğaldan azad edilmiş, dövlətimizin ərazi bütövlüyü təmin edilmişdir. 28 il məğlubiyyət acısından əziyyət çəkən Azərbaycan xalqı qalib və məğrur bir xalqa çevrilmişdir.
         Ömrünün son günlərində 2003-cü il oktyabrın 1-də Ulu Öndər Azərbaycan xalqına müraciətində İlham Əliyev barədə demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək”.
         Böyük iftixar hissi ilə qeyd etmək olar ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin arzularını və vəsiyyətlərini müvəffəqiyyətlə həyata keçirir.
                               
                                                                      
Bakı şəhəri Qaradağ Rayon 
Məhkəməsinin hakimi  
Kamran Əsədov

Oxşar xəbərlər