YAP-çı deputatdan icra hakimiyyətləri ilə bağlı xəbərdarlıq
18-06-2022, 11:41
17 737

YAP-çı deputatdan icra hakimiyyətləri ilə bağlı xəbərdarlıq

Elman Nəsirov: “Sorğunun nəticəsi artıq müəyyən mənada siqnaldır ki, yerli icra hakimiyyətlərindən əhalinin narazılığı var”

Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirov Sosial Tədqiqatlar Mərkəzinin keçirdiy sosioloji sorğunun nəticələrini “Yeni Müsavat”a  şərh edib. Elman Nəsirov bildirib ki, Azərbaycanda “beyin mərkəz”lərindən biri olan Sosioloji Tədqiqatlar Mərkəzinin keçirdiyi son sorğunun nəticələri cari ilin ilk 4 ayını əhatə edir:
“Bu sorğunun keçirilməsi nəticəsində həm ölkə Prezidenti, həm ölkəmizin Birinci vitse-prezidenti, eyni zamanda hakimiyyətin digər qollarına münasibətdə cəmiyyətin rəyi araşdırılıb. Araşdırma nəticəsində əldə olunan nəticələr bir daha sübut edir ki, Prezident İlham Əliyevin reytinqi olduqca yüksəkdir. Cənab Prezidentin atdığı addımlar, xüsusilə də ölkəmizin milli maraqlarının müdafiəsi ilə bağlı gördüyü işlər, tarixi qələbənin əldə edilməsində müstəsna fəaliyyəti, tarixi zəfərə imza atması, həyata keçirdiyi islahatlar kursunun nəticələri cəmiyyətdə çox böyük rəğbətlə qarşılanır və Prezidentə respondentlərin  88,1 faizinin tam etimad göstərməsi dediklərimizi bir daha təsdiqləyir. Eyni zamanda respondentlər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətinə yüksək qiymət verirlər. Onların 78,9 faizi ölkənin Birinci vitse-prezidentinin fəaliyyətinə tam etibar edirlər. Əsasən etibar edənlər isə 15,6 faizdir. Bu da yüksək nəticədir. Xüsusilə, cəmiyyətimiz Mehriban xanım Əliyevanın sosial sahədə gördükləri işləri çox yüksək qiymətləndirir”. 
Hakimiyyətin digər qanadları ilə bağlı respondentlərin mövqeyinə gəlincə, Elman Nəsirov qeyd edib ki, 32,5 faiz parlamentin fəaliyyətinə tam etimad göstərildiyi məlum olub. Əsasən dəstəkləyənlərin faizi 37,7 faizdir. Heç bir etimad göstərməyənlər isə 22,2 faiz təşkil edir: “Hər halda göründüyü kimi, parlamenti əsasən dəstəkləyənlərin faizi daha yüksəkdir. O ki qaldı məhkəmə hakimiyyətinə münasibətə, hər 4 nəfərdən birinin məhkəmə hakimiyyətinə etimad etmədiyi sorğudan məlum olub.
Nazirlər Kabinetinə münasibətə gəlincə, sorğunun nəticələrinə görə, hər  4 nəfərdən biri bu hakimiyyət qoluna etimad göstərmir. Yerli icra hakimiyyətlərinə münasibətə gəlincə, burada bir qədər fərqli yanaşma var. Belə ki, respondentlərin 22,7 faizi yerli icra hakimiyyətlərinə etimad göstərir, 22,8 faizi əsasən etimad göstərir, əsasən etimad göstərməyənlər 14, 1 faiz, tam etimad göstərməyənlər isə 37,3 faizdir. Yəni bu nəticələr artıq müəyyən mənada siqnaldır ki, yerli icra hakimiyyətlərindən əhalinin narazılığı var, onlara etimad göstərməyənlər daha çoxdur, nəinki etimad göstərənlər. Bu da əlbəttə onu deməyə əsas verir ki, yəqin yerli icra hakimiyyətləri ilə bağlı islahatlar məsələsi daha da aktuallaşır. İstisna etmirəm ki, sorğuda əldə edilmiş rəqəmlər həmin istiqamətdə islahatların daha da dərinləməsi üçün əlavə ciddi əsaslar yaratmış olacaq".  

Oxşar xəbərlər