Azərbaycan tərəfinin əsas hədəfi o idi ki... - Elman Nəsirov
3-09-2022, 11:04
17 896

Azərbaycan tərəfinin əsas hədəfi o idi ki... - Elman Nəsirov

Avqustin 31-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla 4-cü görüşü keçirilib.  Hafta.az-a müsahibə verən Milli Məclisin deputatı Elman Nəsirov maraqlı nüanslara diqqət çəkib.
-Elman müəlllim, Azərbaycan, Avropa İttifaqı Şurası Prezidentləri və Ermənistanın Baş naziri arasında keçirilən 4-cü Brüssel görüşünü necə şərh edərdiz?
- Əvvəla qeyd edim ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan bu görüş 4 saat çəkib. Şarl Mişelin verdiyi bəyanatda da qeyd olunur ki, “açıq və məhsuldar” danışıqlar aparılıb. Görüşün vaxtı və verilən bu açıqlama onu göstərir ki, danışıqlar kifayət qədər gərgin keçib.   
Danışıqlara gedərkən Azərbaycan tərəfinin əsas hədəfi o idi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün işçi qrupları formalaşdırılsın və artıq sülh müqaviləsinin mətni hazırlansın. Məlumdur ki, Azərbaycan tərəfi əsas 5 baza prinsiplərini Ermənistana təqdim edib və əks tərəf bu sənədi qəbul edib.  Burda bir sıra texniki detallar var ki, bu da ümumi görüşün nəticələrinə qiymət vermək üçün əsas yaradır.  Belə ki, görüş başa çatdıqdan sonra Nikol Paşinyan qapıdan birinci çıxır və tələm-tələsik maşınına doğru irəliləyir, Azərbaycan Prezidenti ondan sonra çıxır və çox yüksək əhval-ruhiyyə ilə getdiyini Brüsseldə hadisələri şərh edən siyasi müşahidəçilər qeyd edirlər. Danışıqların gedişatında Azərbayacan tərəfinin  əldə etdiyi əsas nailiyyət odur ki, artıq sülh sazişinin imzalanmasına dair dəqiq vaxtın qoyulmasından söhbət gedir. Yəni 1 ay ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşməlidirlər və yaradılan işçi qruplar bundan sonra sülh müqaviləsinin mətninin üzərində işə başlamalıdır. Yeri gəlmişkən Azərbaycan üçün işçi qrupunu formalaşdırmağa ehtiyac yoxdur. Bundan öncə keçirilən  Brüssel danışıqlarına uyğun olaraq Azərbaycanda işçi qrup formalaşıb.  İşçi qrupun formalaşdırılması şərti Ermənistan tərəfinin qarşısında qoyulub. Əgər başqa formatlarda aparılan danışıqlarda zaman göstərilmirdisə, bu da siyasi manipulyasiya üçün Ermənistana bəhanə etməyə imkan yaradırdı. Həm də noyabr ayına qədər yenidən eyni formatda növbəti dəfə Brüsseldə danışıqlar keçirilməsinə dair bir müddət də göstərilib.  Növbəti görüşdə  işi qrupunun yaradılması, sülh sazişi ilə bağlı mətnin hazırlanması və sair işlərin necə getməsi müzakirə olunacaq. Belə çıxır ki, artıq sentyabr ayının 15-ə qədər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olmalıdır. Hesab edirəm ki, Azərbaycan bu məsələdə də qarşıya qoyduğu hədəfə çatıb.
İkinci əsas diplomatik uğurlarımız onunla bağlıdır ki, Ermənistan baş naziri və yanındakı xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi -Ararat Mirzoyan, Armen Qirqoriyan ciddi cəhdlə çalışırlar ki, “Qarabağ”, “status” məsələsini, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizlik məsələsini qabartsınlar. Amma Azərbaycan Prezidentinin israrlı, qətiyyətli və prinsipial mövqeyi qələbə çalıb, Şarl Mişel də Azərbaycanın mövqeyini müdafiə edib. Bu da ondan ibarətdir ki, Qarabağ məsələsi bizim üçün yoxdur. Bu məsələ bizim üçün beynəlxalq məsələ yox, daxili məsələdir. Və Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün heç bir predmet yoxdur. Azərbaycan Ptezidenti  dəfələrlə qeyd edib ki, Azərbaycan çoxmillətli dövlətdir və Azərbaycanda bütün etnoslar bərabər hüquqludur və digər millətlər hansı hüquqa malikdirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etmiş ermənilər də eyni hüquqa malik olacaqlar. Burada heç bir başqa siyasi manipulyasiyadan söhbət gedə bilməz. Yəni ötən Brüssel danışıqlarında olduğu kimi, budəfəki danışıqların gedişatında və razılaşdırılmış sənəddə Qarabağla bağlı məsələ öz əksini tapmayıb. 
Eyni zamanda görüşdə humanitar xarakterli məsələlər də müzakirə olunub. Azərbaycan prezidenti bütün beynəlxalq kürsülərdən istifadə edərək, növbəti dəfə Avropa İttifaqının paytaxtından vurğuladı ki, Ermənistan I Qarabağ müharibəsinin gedişatında 4 minə yaxın itkin düşmüş Azərbaycan vətəndaşının fəaliyyəti ilə bağlı heç bir məlumat vermir. Həmin insanlarımız itkin və əsir düşmüş hesab edilir və onlara qarşı işgəncələr tətbiq edilir. Kütləvi məzarlar haqqında Azərbaycana heç bir məlumat verilmir. Bu da qəbul edilməzdir. Eyni zamanda danışıqlarda minalanmış ərazilərlə bağlı məsələlər və etimad mühitinin formalaşdırılması müzakirə edildi.  Bütövlükdə Şarl Mişelin vasitəçiliyi ilə keçirilən bu danışıqları Azərbaycan diplomatiyasınn növbəti uğuru kimi səciyələndirmək olar.
Azərbaycan Prezidenti danışıqlara növbəti qələbəyə imza atdıqdan sonra getmişdi. Yəni Laçın şəhəri, Zabux, Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarılmışdı, “Qisas” əməliyyatını uğurla həyata keçirdib starateji hədəflərə nail olmaqla qələbə əhval-ruhiyəsi ilə getmişdi. Ermənistan baş naziri və onun komandası məğlub ovqatda idi.
-Bu danışıqlar, nəticədə Ermənistan üçün nə dərəcədə uduşlu ola bilər?
- Ermənistanda daxili situasiya kifayət qədər gərgindir. Bilirsiz ki, sabah erməni separatçılar Xankəndində qondarma Artsaxın ildönümünü qeyd etmək istəyirlər. Və çox ciddi qarşıdurmalar olacağı ilə bağlı proqnozlar verilir. Yəqin ki, bütün bu reallıqlar Ermənistan baş nazirinin davranışına təsir edirdi. Amma hər halda Brüssel danışıqları bütün tərəflər üçün uduşludur. Bu Avropa İttifaqının vasitəçiliyi ilə getdiyi üçün onun üçün uduşludur, Azərbayacan da öz hədəflərinə mütəmadi olaraq ardıcıl şəkildə çatmaqdadır, elə Ermənistan üçün də müsbət haldır. Ermənistan bu danışıqları özlərinə məğlubiyyət hesab etməməlidir. Çünki söhbət əməkdaşlıq mühitindən, bu mühitin formalaşmasından gedir. Sülh müqaviləsinin imzalanması Ermənistan üçün çox vacibdir, çünki onun alternativi müharibədir. Müharibə isə Ermənistan üçün faciə ola bilər. Ona görə də hesab edirəm ki, bu danışıqlarda bütün tərəflər uduşlu vəziyyətdədir.
-Elman müəlllim, bəllidir ki, bir neçə gün əvvəl ABŞ və Fransa səfirləri Şuşada keçirilən beynəlxalq konfransda iştirak etməkdən imtina etdi və bunun arxasında gizlənən niyyətləri də sirr deyil.  Bu gün Avropa İttifaqının təşəbbüsü ilə keçirilən danışıqlarda “Qarabağ”, “status”, Minsk Qrupu” -nun dilə gətirilməməsi, eləcə də  Brüssel  danışıqlarında əldə olunan nəticələr, Qarabağ və ATƏT-in Minsk Qrupu formatını dirçəltmək istəyən bu dövlətlərə hansı mesajlarını vermiş oldu?
-Məlumdur ki, Şuşada keçirilən beynəlxalq konfransa 160-dan çox diplomat, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirdilər. Və çox paradoksal, anlaşılmaz haldır;  məntiqlə ABŞ, Fransanın diplomatları Şuşaya gedənlərin sırasında ön cərgədə dayanmalı idi. Çünki Şuşanın da daxil olduğu Qarabağın problemi ilə həmin o həmsədr dövlətlər də məşğul idilər. Onlar isə bu səfərdən imtina etdilər.  Deməli, ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyinin siyasi rəhbərliyi öz səfirlərinin Şuşaya getməsini istəməyiblər. Axı Birləşmiş Ştatların səfirliyi məlumat yaydı ki, Ağdama, Zəngilana, Füzuliyə və digər ərazilərər səfərə gedirlər. Bəs onda sual yaranır; Şuşaya niyə getməmisiz. Hər şey aydındır.  Ona görə getməyiblər ki, Şuşa keçmiş “Dağlıq Qarabağın” ərazisidir. Onlar isə “Dağlıq Qarabağ” problemini gündəmdə saxlayırlar. Onlar “Dağlıq Qarabağ”ın “statusu”ndan bəhs edirlər. Şuşaya getmək onların bu istəyinin qarşısında bir şlaqbaum olardı. Şuşaya getməməklə demək istəyirlər ki, bizim üçün bu münaqişə bitməyib.  Demək istəyirlər ki, bizim üçün “status” məsləsi qalır.  Demək istəyirlər ki, həmsədrlik institutu ləğv olunmayıb,  var.
Eləcə də, bu günlərdə ABŞ Dövlət Departamentinin ATƏT-in Minsk Qrupuna səfir təyin etməsi dediklərimizi bir daha təsdiqləyir. Avropa paytaxtında isə məsələlərə praqmatik yanaşma var. Şarl Mişel kifayət qədər təcrübəli siyasətçidir. Brüsseldə bitərəf mövqedə dayanıb və həqiqətin, adalətin, beynəlxlaq hüququn yannda yer alıb. Beynəlxalq hüquq isə bizim mövqeyimizi müdafiə edir. Ona görə də hesab edirəm ki, qısa bir müddət keçməmiş Fransa, ABŞ dərk edəcəklər ki, artıq qatar gedib, sülh müqaviləsinin mətni hazırlanır. Azərbaycanın mövqeyi bəllidir və biz ikitərəfli danışıqlara üstünlük veririk. Əgər Avropa İttifaqı, Rusiya və digərləri prosesə töhfə vermək istəyirlərsə, buyursunlar. Zatən onlar bu prosesdə iştirak edirlər. Amma bizim yeni bir müşahidəçi mexanizminə ehtiyacımız yoxdur.
-Siz də qeyd etdiniz, sülh sazişi Azərbaycanın Ermənistana təklif etdiyi 5 baza prinsipi əsasında hazırlanacaq. Növbəti 5-ci görüş noyabr ayında olmalıdır. Həmin hazırlanan sülh sazişi sənədində Xankəndi məsələsi öz yerini hansı aspektdə tutur?
-Əvvəlla qeyd edim ki, 5 baza prinsipinin birinci müddəası odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını tanıyır və Azərbaycana qarşı ərazi iddialarından imtina edir. Bu çox vacib məsələdir. Bunu diplomatik dildən adi məişət dilinə çevirsək mənası odur ki, Ermənistan Xankəndinin də Azərbaycan ərazisi olduğunu etiraf edib, hüquqi baxımdan da rəsmiləşdirmiş olur. Sülh sazişini hazırlayarkən deyilən o “5 baza prinsipi”ni əsas götürməklə detallar haqqınada mövqe ortaya qoyulacaq. Əsas odur ki, Ermənistan o baza prinsiplərini qəbul edib. Bu baza prinsiplərini Avropa İttifaqı, onun siyasi rəhbərliyi qəbul edib. Elə olan surətdə üçüncü tərəflərin prosesə mane olmamağı kifayətdir. Hər halda prosesin gedişatı onu göstərir ki,  tərəflər sülh müqaviləsinin imzalanmasına həmişəkindən daha çox yaxındırlar. Sevindirici hal oldur ki, Avropa İttifaqı rəhbərliyi bu danışıqlarda dəqiqliyə üstünlük verir. Yəni “Azərbaycan və Ermənistan tərəfləri sülh müqaviləsinə razılaşdırılır və onun üzərində işə başlanacaq”-  yox, “1 ay müddətində hər iki ölkənin xarici işlər nazirləri görüşməlidirlər” deyilir. Fikir verirsizə, danışıqlarda Şarl Mişelin təklifi ilə Ermənistanın da xarici işlər naziri iştirak edib, Azərbaycanın da. Əvvəllər belə olmayıb. Ermənistanın Təhlükəsizlik Şurasının katibi, Azərbaycan Prezidentinin Xarici məsələlər üzrə köməkçisi də danışıqlarda iştirak edir. Fikir verirsizsə, formata dəyişiklik edilib və bu artıq konkretliyin ifadəsidir. Biz inanırıq ki, sülh müqaviləsinin mətni hazıranarkən çox detallar nəzaırə alınacaq, ən başlıcası Qarabağ məsələsi gündəmdə olmayacaq. Status məsələsi sənəddə əksini tapmayacaq. Artıq o, ATƏT-in Minsk Qrupundan söhbət belə getməyəcək. Söhbət ondan gedir ki, iki qonşu dövlət əbədi qonşu olmağa məhkmdirlar, məhz bu məntiqlə çıxış edərək əbədi düşmən də olmaq olmaz. Əməkdaşlıq mühiti yeganə variantdır. Və bu ideyalar çərçivəsində də sülh müqaviləsi işlənib hazırlabacaqdır.
- Həmişə Brüsseldən sonra Moskva da görüş təşəbbüsü ilə önə çıxırdı. Maraqlıdır, bu görüşdən sonra Rusiya nə ilə aktivləşə bilər?
-Fikir verirsinizsə, Brüssel görüşündən öncə Rusiya Prezidenti Putinin, Ermənistan baş naziri Nikol Paşinyana telefon zəngi oldu. Danışıqlar bitdikdən sonra isə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın qiymətləndirməsi oldu və o, Avropa İttifaqının indiyə qədər əldə olunmuş razılaşmaları öz adına yazma niyyətinə işarə vurdu. Deyildi ki, Avropa İttifaqı tənzimləmə prosesində əldə edilmiş nailiyyətləri getdikcə öz adına çıxmağa çalışır. Rusiyadan bu və ya digər şəkildə Brüssel görüşünə müəyyən etimadsızlıq qeydləri öz əksini tapdı. 
Amma hər halda Azərbaycanın mövqeyi bəllidir. Biz ikitərəfli danışıqlara üstünlük veririk və bu prosesdə Rusiya da dəstək vermək istəyirsə, Avropa İttifaqı da dəstək verəcəklərsə, versinlər, bu bizizm xeyrimizədir.

Oxşar xəbərlər