Partiyalar haqqında yeni qanun layihəsi mürtəce xarakter daşıyır, müxalifətçilər belə hesab edirlər
9-09-2022, 10:17
1 824

Partiyalar haqqında yeni qanun layihəsi mürtəce xarakter daşıyır, müxalifətçilər belə hesab edirlər

Siyasi partiyalar haqqında yeni qanun layihəsi ölkənin müxalif təşkilatlarının tənqidinə səbəb olub. Sənəd mürtəce xarakter daşıyır və ölkədə siyasi fəaliyyətin məhdudlaşdırılmasına yönəlib, Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi belə hesab edir.
"İlk növbədə, bu, partiya təsisçilərinin mütləq son 20 il ərzində ölkə ərazisində yaşaması tələbidir. Bir halda ki, prezidentliyə namizəd üçün bu hədd cəmi 10 il təşkil edir", deyə Həzi Turan Agentliyinə bildirib.
Bu norma müəyyən müddət təhsil, elmi fəaliyyət, biznes məqsədilə xaricdə yaşayan şəxslərin siyasi həyatda fəal iştirakdan kənarlaşdırılmasına yönəlib.
Eyni zamanda, partiya üzvlərinin siyahısının dövlət reyestrinə təqdim edilməsinin icbariliyi haqqında norma mürtəce xarakter daşıyır, belə ki, bu, müxalifət üzvlərini təqib etməyə imkan verir.
Dövlət qeydiyyatı olmayan siyasi partiyaların fəaliyyətinin yolverilməz olması haqqında norma da məhdudlaşdırıcıdır, çünki bu, birləşmək azadlığını məhdudlaşdırır.
Qanun layihəsi faktiki olaraq Azərbaycanda ÇXR modeli üzrə birpartiyalı sistemin qurulmasına yönəlib, deyə Seymur Həzi qeyd edib.
"Respublikaçı Alternativ" Partiyasının siyasi komitəsinin üzvü Natiq Cəfərli qanun layihəsini tamamilə qəbuledilməz adlandırıb. Belə ki, partiyaların fəaliyyəti sərt rəqəmlərə bağlı normalara tabe tutulur, sanki söhbət hansısa istehsalat müəssisələrinin tənzimlənməsindən gedir.
Partiyaların fəaliyyəti rəqəmlil göstəricilər və partiya üzvlərinin sayı ilə deyil, ideologiya, dünyagörüşü ilə müəyyən edilməlidir. "Partiyaların qeydiyyatı onların say tərkibi ilə əlaqələndirilməməlidir. Partiyaların cəmiyyətdəki mövqeyini seçkilərdə yığılan səslərin sayı müəyyən edir", deyə Cəfərli Turan Agentliyinə bildirib.
Məsələn, ABŞ-da demokratların və respublikaçıların rəsmi üzvlərinin sayı çox deyil, amma seçkilərdə onlar 70-80 milyon səs yığır. Böyük Britaniyada 55 funt ianə ilə partiya üzvü olmaq olar.
Cəfərli hesab edir ki, qanun layihəsi bu formada qəbul edilməyəcək. "Hakimiyyətin ilkin olaraq maksimum sərt tələblər müəyyən etmək ənənəsi var ki, sonradan onların bir hissəsini ləğv edərək, özünü "konstruktiv" qələmə versin", deyə Cəfərli qeyd edib.
Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli də sənədi tənqid edib, "partiyaları icra hakimiyyətinin nəzarəti altına vermək" məqsədi daşıdığını qeyd edib.
O da hesab edir ki, partiyaların son 20 il ərzində ölkədə yaşayan şəxslər tərəfindən təsis edilməsi tələbi sağlam düşüncəyə ziddir.
Bütün partiya üzvlərinin siyahısının Ədliyyə Nazirliyinə təqdim edilməsi və yeni daxil olan üzvlər haqqında müntəzəm olaraq məlumat verilməsi haqqında norma da mürtəcedir. "Azərbaycan reallıqlarında bundan vətəndaşların təqibi üçün istifadə oluna bilər", deyə Hacıbəyli Turan Agentliyinə bildirib.
"Ümid" partiyasının lideri İqbal Ağazadə də facebook-da yerləşdirdiyi postda sənədi tənqidi qiymətləndirib.
O, dövlət qeydiyyatından keçməyən partiyaların fəaliyyətinin yolverilməz olması haqqında normanın konstitusiyaya zidd olduğunu hesab edir. Siyasi partiyada birləşən bir qrup şəxs siyasi fəaliyyət həyata keçirirsə, buna görə onları təqib etmək olmaz. Bu, Konstitusiyada zəmanət verilən azadlıqlara, birləşmə azadlığına ziddir, deyə Ağazadə qeyd edib.
Partiyalar ardıcıl olaraq iki dəfə seçkilərdə iştirak etmədiyi təqdirdə onların dövlət qeydiyyatından məhrum edilməsi haqqında norma da yanlışdır. "Partiyalar həm seçkilərdə iştirak etmək, həm də seçkiləri boykot etmək hüququna malikdir. Onlar hansı hüquqlarından istifadə edəcəklərinə özləri qərar verməlidir. Seçkilərdə iştirak inzibati metodlarla tənzimlənməməlidir", Ağazadə belə hesab edir. 
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Elman Nəsirov isə Turana bildirib ki, «Siyasi partiyalar haqqında» Qanunun qəbul edilməsindən 30 il vaxt keçib. «Cəmi 4 fəsildən və 20 maddədən ibarət bu qanun o dövrünün reallıqlarını əks etdirirdi. 30 il keçib, Azərbaycanda artıq yeni reallıqlar yaranıb, yeni siyasi konfiqurasiya formalaşıb. Azərbaycan inkişaf dinamikasına adekvat olan «Siyasi partiyalar haqqında» Qanun qəbul edilməlidir».
Partiya rəsmisi qeyd edib ki, ölkədə çoxpartiyalı sistem inkişaf edib, siyasi dialoq mədəniyyəti tərəqqi edib. «Həm də ictimai sifariş var ki, «Siyasi partiyalar haqqında» qanun dəyişsin. Parlamentdə təmsil olunan partiyalar bununla bağlı spikerə müraciət etmişdilər, 39 siyasi partiyalar öz təkliflərini verib, onlar da nəzərə alınıb».
Onun sözlərinə görə, sentyabrın 28-də qanun layihəsi ilə bağlı parlamentdə ictimai müzakirələr aparılacaq. «Daha sonra layihə komitələrin və plenar iclasların müzakirəsinə çıxarılacaq. Yəni, bu layihənin ilkin versiyadır».
E.Nəsirov bildirib ki, qanun layihəsində təklif olunan partiya təsisçiləri 20 il daimi ölkədə yaşaması ilə bağlı müddəada təəccüblü heç nə yoxdur. «Bu hazırlanarkən 20-dən çox ölkələrin təcrübəsi öyrənilib. Bununla bağlı Venesiya Komissiyasının 2010 və 2020-ci ildə irəli sürdüyü yanaşmaları əsas götürülüb. Ölkəyə yaşamaya-yaşamaya və ölkədə siyasi proseslərdən xəbəri olmaya-olmaya gəlib bir siyasi partiya yaradıb fəaliyyət göstərmək məntiqli deyil. Burada müddətin göstərilməsi anlaşılandır».
Deputat iki dəfə seçkilərdə ardıcıl olaraq iştirak etməyən siyasi partiyaların fəaliyyətinin dayandırılması müddəasına da münasibət bildirib. «Bizim üçün yalançı say lazım deyil. Partiya fəaliyyətində əsas məsələlərdən biri  hakimiyyəti uğrunda mübarizədir. Varsansa, gücün, potensialın, arxanda sosial bazan varsa, zəhmət çək seçkilərdə iştirak elə. İştirak etmirsənsə, onda niyə fəaliyyət göstərirsən? Kənardan suyu bulandırmaqla məşğul olmaqdan, hər şeyə ağız büzməkdən, tənqid etməkdən asan bir şey yoxdur».
Partiya rəsmisi hesab edir ki, ölkədə partiyaların sayı həddindən artıq çoxdur. «Məsələn, Qazaxıstanda 6, Özbəkistanda 5 siyasi partiya var. Biz özümüzü Ermənistanla müqayisə edəsi deyilik ki, orada 84 siyasi partiyala var. Onların böyük əksəriyyətinin İctimai-siyasi proseslərdə heç bir fəaliyyəti yoxdur. Əsas keyfiyyət məsələsidir».
Onun fikrincə, partiyanı təsis edərkən 10 min üzvün olması ilə bağlı tələb çox önəmlidir. «Bu deməkdir ki, 10 min və ondan artıq üzvü olan partiya ciddi siyasi qüvvəyə çevrilir və ölkənin ictimai-siyasi həyatında onun təsiri qabarıq şəkildə özünü göstərir. O partiyalar bundan qorxur ki, onların sosial bazası yoxdur».
O, yeni qanun layihəsini mütərəqqi adlandırıb.

Oxşar xəbərlər