Meşə yanğınlarının şiddətləndiyini görən yanğınsöndürənlər ərazidən qaçdı
25-08-2021, 20:10
170

Meşə yanğınlarının şiddətləndiyini görən yanğınsöndürənlər ərazidən qaçdı

Sibirdə baş verən meşə yanğınlarından sonra gələn qeyri-adi bir istilər Rusiyanın mərkəzi bölgələrində "ekstremal" meşə yanğınlarına səbəb olub. 
Hazırda Sverdlovskın Ural bölgəsində 15 meşə yanğını ilə mübarizə aparılır. 
Avropa və Asiya sərhəddində yerləşən bölgələr istilik dalğası səbəbilə "həddindən artıq yanğın təhlükəsi" ilə üz-üzə qalıb.
Sosial mediada yayılan görüntülərə görə, bölgənin paytaxtı Yekaterinburq ilə Uralın Perm şəhəri arasındakı federal magistral yolunun hər iki tərəfindəki alovlar, günün əksər saatlarında  yolun bağlanmasına səbəb olub. 
Bildirilib ki, Moskvanın cənub-şərqindəki Mordoviya bölgəsində yanğınlar o qədər şiddətli olub ki, yanğınsöndürənlər "yanğın halqası"ndan qaçmağa məcbur olub. 
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, səlahiyyətlilər alovu söndürmək üçün 1200 yanğınsöndürən cəlb ediblər. Həmçinin hazırda 50-yə yaxın meşə yanğınının olması qeyd olunub. 
Bununla bağlı çərşənbə axşamı günü çıxış edən ölkə prezidenti Vladimir Putin, ölkənin meşələrini qorumaq üçün yüz milyonlarla dollar ayıracağını və xalqın Sibir ərazilərini bürüyən "görünməmiş" meşə yanğınlarından dərs almalı olduğunu qeyd edib. 
Rusiya Meşə Təsərrüfatı Agentliyi bildirib ki, bu il baş verən yanğınlar 173 min kvadrat kilometrdən çox ərazini əhatə edib.

Oxşar xəbərlər