Koronavirus qadağaları qayıdır
4-01-2022, 18:19
140

Koronavirus qadağaları qayıdır

Yeni ilin ilk bazar ertəsi bir sıra ölkələrdə məktəblərin bağlanması, kruiz gəmilərinin lövbər salması, təyyarə uçuşlarının təxirə düşməsilə yadda qalıb. Omikron ştammına yoluxmalar sürətlə artmaqdadır.
“Sunami”yə hazırlıq
Kanadanın sıx məskunlaşmış Ontario vilayətinin başçısı yanvarın 3-də məktəblərin qapadıldığını, onlayn tədrisə keçdiklərini bəyan edib. Duq Ford vilayətin omikrona yoluxmalar “sunami”sinə hazırlaşdıqlarını, restoranların, idman zallarının, kinoteatrların da bağlanacağını sözlərinə əlavə edib.
Qadağalar yanvarın 5-dən qüvvəyə minir. Ontarioda pərakəndə satış mağazalarında eyni vaxtda 50 adama xidmət göstəriləcək, qapalı məkanlarda sosial toplantılarda maksimum 5 nəfərin iştirakına icazə veriləcək.
Niderlandda da qismən lokdaun bərpa olunur. Baş nazir Mark Rutte dekabrın 18-də bildirib ki, həyati əhəmiyyətli mallar satılmayan mağazalar, restoranlar, barlar, kinoteatrlar, teatr və muzeylər yanvarın 14-cən, məktəblər isə yanvarın 9-can bağlı qalacaq.
Kruiz gəmiləri
Braziliyada kruiz gəmiləri xidməti dayandırıb. Dünya üzrə 5 minə yaxın uçuş təxirə salınıb. Omikronun yayılması yanvarın 21-dək ölkə sahillərində durğunluğa səbəb olacaq.
Səhiyyə orqanı tövsiyə ilə çıxış edərək “son günlər gəmilərdə COVID-19-a yoluxmaların spiralvari artdığını” bildirib.
Qurum cəmi 9 gün ərzində kruiz gəmilərində 800-dək yoluxmanın aşkarlandığını açıqlayıb. Bu, öncəki 55 günlə müqayisədə 25 dəfə çoxdur və omikronun yayılmasından qaynaqlandığı bildirilir.
Hökumət həmçinin kruiz gəmilərində COVID-19 qaydalarının pozulması haqda məlumatları araşdırır.
Yanvarın 3-də omikronun hava nəqliyyatında yaratdığı pozuntular davam edib. Xəstəlik ucbatından işçi çatışmazlığı bayram günlərində xeyli uçuşun təxirə salınmasına səbəb olub.
ABŞ-da 3 mindən çox, dünyada isə 4 min 900-a yaxın uçuş təxirə salınıb. Bəzilərinə qış tufanı səbəb olub.
Afrika, Asiya
Botsvananın Prezidenti Mokqvitsi Masisinin COVID-19 testi müsbət çıxdığından özünü təcrid edib. Noyabrın sonunda omikron ştammı Cənubi Afrika ilə yanaşı Afrika qitəsinin bu ölkəsində də aşkarlanmışdı.
“Prezidentdə hər hansı simptomlar yoxdur, həkimlərin sıx monitorinqi altındadır”, – hökumətin bəyanatında deyilir.
Avstraliyada yoluxmalar yanvarın 4-də yeni həddə yüksəlib, sıx məskunlaşmış Viktoriya və Nyu Saus Uels ştatlarında omikrona yoluxmalar rekord qırır.
Çində isə Sian vilayətində Kommunist Partiyasının iki yerli rəsmisi işdən çıxarılıb. Ötən ay vilayətdə onlarla məmur virusun yayılmasına qarşı “adekvat sərtlik” göstərmədiyinə görə cəzalandırılıb. /Azadliq.org

Oxşar xəbərlər