Paşinyan Brüssel görüşü haqda şərhlərdən Putinə şikayət etdi
1-06-2022, 18:29
7 051

Paşinyan Brüssel görüşü haqda şərhlərdən Putinə şikayət etdi

Çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər, Ermənistan hökumətinin mətbuat xidməti bildirib.
"Rusiya prezidenti demarkasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın ilk görüşünü alqışlayıb və Rusiyanın sərhədlərin demarkasiyası prosesini dəstəkləməyə hazır olduğunu təsdiqləyib. Qeyd olunub ki, əldə edilmiş razılaşmaya əsasən komissiyanın növbəti iclası Moskvada olacaq", -  məlumatda deyilir.
Nikol Paşinyan və Vladimir Putin regional kommunikasiyaların açılması mövzusuna da toxunublar, üçtərəfli işçi qrupunun fəaliyyətinin canlandırılmasına dair razılıq əldə olunub.
Öz növbəsində Ermənistanın baş naziri mayın 22-də Brüsseldə Azərbaycan prezidenti və Avropa İttifaqı Şurasının rəhbərilə son görüşündən danışıb. "O, görüşdən sonra səsləndirilən və müzakirələrin mahiyyətinə aidiyyatı olmayan şərhlərdən narahatlığını ifadə edib", - məlumatda bildirilir, lakin söhbətin hansı şərhlərdən getdiyi dəqiqləşdirilmir.
Xatırladaq ki, prezident İlham Əliyevin “Brüssel görüşü göstərdi ki, beynəlxalq birlik Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir, Ermənistan bunu etiraf etməli və Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu qəbul etməlidir” deməsi Ermənistanın narazılığına səbəb olub. 
Turan.az

Oxşar xəbərlər