Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb
2-09-2022, 18:01
7 025

Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Rusiyanın atletika üzrə əməkdar məşqçisi, Dövlət Dumasının sabiq deputatı Olqa Pavlova 2 il müddətinə diskvalifikasiya olunub.

 Rusiya Antidopinq Agentliyi (RUSADA) mütəxəssisi Ümumrusiya Antidopinq Qaydalarını pozduğuna görə cəzalandırıb. Cəza avqustun 4-dən hesablanmağa başlayıb.

Məşqçiyə qarşı iş 2016-cı ildə açılsa da, deputat toxunulmazlığı statusuna görə dayandırılıb.

Pavlovanın qeyri-qanuni maddələri idman yerişi üzrə Avropa və dünya çempionu olmuş digər mütəxəssis Yevgeni Yevsyukovdan aldığı bildirilib. İdmanda qadağan olunmuş maddələrin yayılmasına görə Yevsyukova qarşı 2007 və 2011-ci illərdə iki cinayət işi açılıb. Hər iki halda o, 5 illik şərti cəza alıb.

İşə baxıldığı vaxt məlum olub ki, Pavlova həm də Rusiya Sinxron Üzgüçülük Federasiyasının vitse-prezidentidir. Bu səbəbdən, RUSADA həm də bu federasiyanı məlumatlandırmağı qərara alıb.

O, Dövlət Dumasının VII çağırışda (2016 - 2020) deputatı olub, atletika üzrə Rusiyanın əməkdar məşqçisi adını və II dərəcəli "Vətənə xidmətə görə" ordenini alıb.

RUSADA 2016-cı il yanvarın 29-da Yevgeni Yevsyukovu 4 il müddətinə idmandan uzaqlaşdırıb. Hazırda o, peşəkar fəaliyyətinə qadağa qoyulan şəxslərin siyahısında yer alıb.

Oxşar xəbərlər