Qana yeni malyariya peyvəndini təsdiqləyən ilk ölkə oldu
14-04-2023, 21:53
9 669

Qana yeni malyariya peyvəndini təsdiqləyən ilk ölkə oldu

Qərbi Afrika ölkəsi Qana Oksford Universiteti tərəfindən hazırlanmış yeni malyariya peyvəndini təsdiqləyən ilk ölkə olub.
Bu barədə Qana Qida və Dərman İdarəsindən (FDA) açıqlama verilib.
Bildirilib ki, qurum tərəfindən Oksford Universitetinin hazırladığı R21 malyariya peyvəndi ilə bağlı yekun sınaq məlumatları qiymətləndirilib. Peyvəndin beş aydan üç yaşa qədər olan uşaqlarda istifadə ediləcəyi qeyd edilib.
Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da bu peyvəndi təsdiqləmək niyyətində olduğu nəzərə çatdırılıb.
Xatırladaq ki, Oksford Universitetindən verilən açıqlamada universitet komandası tərəfindən 400-dən çox uşaq üzərində sınaqdan keçirilən peyvəndin ÜST-nin təsdiq meyarlarına cavab verdiyi vurğulanıb. Həmçinin peyvəndin heç bir yan təsir göstərmədiyi, yüksək doza qəbul edənlərdə 2 il ərzində 80 faiz, aşağı dozada isə 70 faiz nisbətində qorunmanın təmin edildiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, parazit ağcaqanadların dişləməsi ilə ötürülən və orta hesabla 7 günlük inkubasiya dövründən sonra baş qaldıran malyariya qızdırma, titrəmə, tərləmə, başağrısı, ürəkbulanma, qusma, əzələ ağrısı, zəiflik kimi qripə bənzər əlamətlərlə özünü göstərir.
Ən ölümcül xəstəliklərdən biri olan və hər 2 dəqiqədən bir uşaq ölümünə səbəb olan malyariya daha çox Afrikada müşahidə edilir.
Qitədə hər il orta hesabla 500 min insan malyariya səbəbi ilə dünyasını dəyişir. Ölənlərin yarısını isə uşaqlar təşkil edir.
Mənbə: Haber Global

Oxşar xəbərlər