65 yaş təcrübəli müəllimlərin başı üzərində bir KABUS kimi dolaşır ... - 43 ilin müəlliməsi Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etdi...
5-05-2022, 13:18
1 582

65 yaş təcrübəli müəllimlərin başı üzərində bir KABUS kimi dolaşır ... - 43 ilin müəlliməsi Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət etdi...

Nazir  Əmrullayev niyə 43 ilin müəllimini qəbul etmək istəmir... 

Biz Gündelik-Baku.com olaraq ölkədə təcrübəli, peşəkar kadr korpusunun məhv edilməsi barədə illər uzunudur ki, yazırıq. 
Bəli,  nazirliklərə, komitələrə, icra hakimiyyətlərinə, universitetlərə, xəstəxanalara, məktəblərə təyin olunan savadsız, səriştəsiz  kadrlar kresloya oturan kimi öz işini bilən, təcrübəli  kadrları gözüm çıxdıya  salır, onları işdən uzaqlaşdırıb, öz savadsız, səriştəsiz  yaxınlarını vəzifələrə təyin edirlər. 
Son illər bir məsələ də bəzi səriştəsiz  rəhbərlərin əlinə fürsət kimi düşüb. 
Söhbət 65 yaşdan gedir. 
Bəli, Əmək qanunvericiliyində  65 yaş təqaüd  yaşı sayılır. Amma...
Əmması odur ki, axı qanun imperativ olaraq  demir ki, 65 yaşı tamam olan günü vətəndaş işdən çıxarılmalıdır. 
Birincisi, 65 yaş müəllim, pedoqoq  üçün ən məhsuldar, ən təcrübəli olan vaxtdır. Yaxşı, 65 yaşlı müəllimi işdən çıxarıb, onun yerinə 25 yaşlı və heç bir təcrübəsi olmayan müəllimi təyin etmək hansı məntiqə uyğundur..? 
Həm də....
Həmdəsi odur ki,  tədris ilinin ortasında müəllimə ilə əmək müqaviləsini necə pozmaq olar..? 
Bu sözün həqiqi mənasında rüsvayçılıq və müəllim adına hörmətsizlikdir. 
Axı, ilin yarısını bir müəllim, o bir yarısını başqa müəllim tələbələrə necə dərs keçə bilər..? 
Biz əmək qanunvericiliyinə hörmətlə yanaşmağın tərəfdarıyıq, amma həyatının 43 ilini tələbələrə, tədrisə həsr edən bir insanı, sabahdan işə çıxmırsan deyib işdən çıxartmaq heç insanlığa  yaraşan məsələ deyil, siz bilirsiniz ki, hamımıza istər müəllim olaq, istərsə də ən ali təbəqənin adamı olaq bizim hər birimizin əlindən tutub ilk dəfə yazmağı, oxumağı, mövqe tutmağı öyrədən müəllimdir. Heç olmasa gəlin onlara qarşı bir az diqqətli olaq. 
Yaxşı, az qala yarım əsr  dərs demiş müəllimi hörmətlə, ehtiramla yola salmaq olmazdı..? 
Yaxud, adi kolleci bitirən Namazova Kəmalə kimi birisi necə olur ki, kollecdə söz sahibi olur, İnsan Resurları, yəni KADRO məsələsinə baxır, amma 43 ilin müəlliminə  5 ay vaxt vermirsiniz..? 
Yuxarıda qeyd etdiyimiz problemlə  bağlı Gündəlik-Bakıya müraciət edən, Azərbaycan Dövlət Neft  Sənaye Universitetinin ( ADNSU)  nəzdində  Bakı Neft – Energetika Kollecində  ( BNEK ) kimya müəllimi işləmiş  Quliyeva İradə tərəfindən Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciətini olduğu kimi dərc edirik: 
Hörmətli Mehriban xanım, yazaraq Sizə bildirirəm ki, ADNSU – nun nəzdində Bakı Neft – Energetika Kollecində 39 ildir ki, müəllim kimi fəaliyyət göstərmişəm. 
1998 – ci ildə  “Fənlərin tədrisinə dair elmi – metodik məcmuə” jurnalında   “Üzvi kimyanın tədrisində eksperiment”  adlı məqaləm və bundan əlavə 3 metodik məqaləm dərc olunmuşdur.  2006 – cı ildə “Müasir kimya dərsi, onun növləri və quruluşu” adlı metodik məcmuəm çapdan çıxmışdır.  Bakı Neft – Energetika Kollecinin 2006 – cı il  Pedaqoji şurasının qərarı ilə 15 – ci dərəcəyə layiq görülmüşəm. Qırx üç (43) illik pedaqoji fəaliyyətimin otuz doqquz (39) ilini  ADNSU – nun nəzdində Bakı Neft – Energetika Kollecinin kimya müəllimi kimi  işləmişəm. İşlədiyim müddətdə heç bir nöqsana yol verməmişəm və hər il müdiriyyət tərəfindən mükafatlandırılmışam. Kollecdaxili keçirilən “İlin müəllimi” müsabiqəsinin qalibi olmuşam və eyni adda mükafata layiq görülmüşəm. 
01.04.2022 – ci il tarixində mənim  65 yaşım tamam oldu. 43  il bu şərəfli adı daşıdığıma görə müdiriyyət tərəfindən təşəkkür gözlədiyim halda  BNEK – in məzunu – İnsan Resursları üzrə “mütəxəssis”i Namazova Kəmalə məni otağına çağıraraq mənimlə bağlanan əmək müqaviləsinin bitdiyini bildirdi.
Məni narahat edən məsələ 01.04.2022 – ci il tarixindən əvvəl mənə heç bir xəbərdarlıq olunmamasıdır. Ən azı bunu bilməyə haqqım vardı ki, məni sevən tələbələrimlə, kollektivimizin müəllimləri ilə görüşüm və onların mənim haqqımda xoş sözlərini eşidim. Çünki səhəri gün məni kollecin həyətində görən tələbələrim nədən onlara dərsim ola – ola başqasının dərs keçdiyini soruşmasınlar. Çox təəssüf ki, Həmkarlar Komitəsinin sədri Dəmirova Sərvinaz xanımdan mənimlə görüş keçirmək haqqında xahiş olunsa da o bundan imtina etmişdir. 
Hörmətli Mehriban xanım, dosent  Ata Babayev ADNSU – nun nəzdində Bakı Neft – Energetika Kollecinə müvəqqəti direktor təyin olunandan sonra kollecdə yüksək təhsildən söhbət belə gedə bilməz. Ali savadlı müəllimlər BNEK məzunu -  İnsan Resursları üzrə “mütəxəssis” Namazova Kəmalə tərəfindən hədələnir. Mənim işdən çıxarılmağımı da həmin gün bilməyimin səbəbi hər zaman həqiqətləri dediyim üçün Namazova Kəmalənin “Bu İradə müəllimə təqaüdə çıxsaydı, canımız dincələrdi” deyərək məndən qisas alması oldu. Çox təəssüf ki,  Həmkarlar təşkilatının sədri Dəmirova Sərvinaz da bütün bunlara göz yumdu. Ən pisi də dos. Ata Babayevin 43 il dövlətə şərəflə xidmət etmiş müəllimin yanında deyil, Namazova Kəmalənin yanında yer alması oldu. Çünki kollecdə tələbələr tərəfindən ödənilən təhsil haqqları Ata Babayev, Namazova Kəmalə, baş mühasib Həsənov Şərif arasında bölünür.
“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Özünü müəllimliyə həsretmiş insan ən şərəfli insandır” – deyən Ulu öndərin sözlərini hər zaman uca tutaraq 65 illik ömrümün 43 ilini bu şərəfli ada həsr eləmişəm.  Amma təəssüfki, kollecimizin müdriyyəti tərəfindən tədris ilinin sonuna qədər bu borcumu tamamlamağa icazə vermədilər.
Hörmətli Mehriban xanım, 04.04.2022 – ci il tarixində İnsan Resursları üzrə “mütəxəssis” Namazova Kəmalə katibələri vasitəsilə mənə zəng edərək əmək kitabçamı kollecdən gəlib götürməyi əmr etdi. Bununla ikinci dəfə mənim şərəf və ləyaqətimi alçaltmağa nail oldu. 
İşlədiyim müddət ərzində maddi imkanı aşağı olan tələbələrimizin təhsil haqqlarının ödənilməsində böyük xidmətlərim olub. Tələbələrimizə həm müəllim kimi yanaşmışam, həm də maddi və mənəvi cəhətdən dəstək olmuşam. Bu gün Azərbaycanda neçə - neçə neft ixtisası üzrə mütəxəssislərin yetişməsində mənim də əməyim var.
Sonda Sizdən xahiş edirəm ki, mənim 43 illik şərəfli peşəmi sevməyimi nəzərə alaraq onun səriştəsiz direktor tərəfindən tapdanmasına icazə verməyəsiz.  
Yeri gəlmişkən,  redaksiyamıza  43 illik təcrübəsi olan müəllimin  təhsil  naziri Emin Əmrullayevə də müraciəti daxil olub. Görəsən Emin Əmrullayev niyə hüququ tapdalanan müəllimini qəbul etmək istəmir..? 
Bəs ADNSU-nin rektoru Mustafa Babanlı hara baxır..? 
Mövzunu gündəmdə saxlayacağıq. 
Yazı çapa hazırlanarkən ADNSU-nun rəhbərliyi adından saat 3-ə İradə Quliyeva rektorluğa dəvət olunaraq, ona "gecikmiş təşəkkürnamə" verilir. Budur bizim təhsilimizin başında duran Mustafa Babanlılar, Ata Babayevlər, Emin Əmirullayevlər. 
P.S Bu gündən etibarən İradə Quliyeva fəaliyyətini "Gündəlik Bakı" qəzetində davam etdirməyi qərar verdi və təhsil eksperti kimi "təhsilimizin bu günü və sabahı" mövzusunda tənqidi yazıların müəllifi olacaq.
Bizi izləyin. /Gundelik-baku.com/

Oxşar xəbərlər