Deputat: Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə də prioritet sahə kimi yanaşır
22-04-2022, 10:29
1 151

Deputat: Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə də prioritet sahə kimi yanaşır

Bu il fevralın 24-də Ukraynada müharibənin başlanması dünyanın təkcə geosiyasi arxitekturasını dəyişməyib, eyni zamanda, planetimizin geoiqtisadi mənzərəsini də tanınmaz hala salıb. Bu müharibənin birbaşa nəticəsi olaraq ABŞ və Qərbin dünya taxıl ixracında birinciliyi qoruyub saxlayan Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi qlobal aclıq və səfalətlə bağlı ciddi narahatlıqlar üçün zəmin yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Elman Nəsirov qeyd edib ki, son onilliklərdə ərzaq təhlükəsizliyi problemi heç vaxt indiki qədər aktual olmayıb. Təkcə cari ilin martında buğda məhsulunun qiyməti 20 faiz artıb. BMT-nin son hesablamalarına görə, Ukrayna böhranı planetin 1,7 milyard nəfərini aclıq təhlükəsi ilə təhdid edə bilər. Bu, dünya əhalisinin beşdəbiri deməkdir. Məsələn, Misirdə, Yəməndə, Livanda və Liviyada, sözün həqiqi mənasında, kütləvi aclıq baş verə bilər. Bu ölkələr özlərinin taxıl məhsullarına olan tələbatının demək olar 100 faizini müharibə vəziyyətində olan Rusiya və Ukraynanın hesabına ödəyirlər. Nəzərə alaq ki, 2020-ci ilin statistikasına görə, Rusiya dünya buğda ixracında 5 faizlik paya malik olmaqla birinci mövqedə dayanır və il ərzində 37,2 milyon ton buğda satışını həyata keçirib. Müqayisə üçün qeyd edək ki, müvafiq göstəriciyə görə, Ukrayna dünyada 5-ci yerdədir və 18,1 milyon buğda ixrac edib. Rusiyanın aqrosənaye kompleksinin (ASK) dünya ərzaq bazarında bir sıra parametrlər üzrə üstün mövqeyə malik olması onun irihəcmli gəlirlərində də ifadə olunur. Məsələn, 2021-ci ildə Rusiyanın aqrosənaye kompleksinin məhsullarının ixracından gəlirləri 37 milyard dolları ötüb. Bu gəlirlərin 11 milyard dollardan çox hissəsi yalnız buğda ixracından əldə edilib.
Onun sözlərinə görə, Ukrayna böhranı fonunda yaranan yeni reallıq zəngin Avropa İttifaqı ölkələrini də ərzaq böhranı ilə təhdid etməkdədir. Məsələnin qəlizliyi ondadır ki, sanksiyaya məruz qalan Rusiyadan 2021-ci ildə ən çox kənd təsərrüfatı məhsulu alan məhz Avropa İttifaqı ölkələri olub. Bu göstərici 4,7 milyard dollara bərabərdir. Müqayisə üçün qeyd edək ki, bu sahədə ikinci mövqedə dayanan Türkiyədə müvafiq göstərici 4,3 milyard dollar, üçüncü yerdə qərarlaşan Çində isə bu rəqəm 3,5 milyard dollar təşkil edib. Formalaşmış mürəkkəb reallıqlar fonunda iri buğda istehsalçıları olan ABŞ və Kanadanın buğda becərilməsində üzləşdikləri əlverişsiz iqlim şəraitinin doğurduğu çətinlikləri, habelə digər mühüm taxıl tədarükçüsü olan Qazaxıstanın bu il iyunun 15-dək buğda ixracını məhdudlaşdırması və kvota tətbiqi ilə bağlı qərar qəbul etməsini nəzərə alsaq, vəziyyətin kifayət qədər dramatik olduğu diqqətdən yayınmır. Bu kvotaya əsasən, buğda ixracı 1 milyon ton, buğda unu ixracı isə 300 min tonadək məhdulaşdırılıb. Başqa sözlə, müharibənin birbaşa nəticəsi olaraq Ukraynanın dünya bazarına iki dəfə az taxıl məhsulu ixrac edəcəyi proqnozlaşdırılır. Bu, qlobal ərzaq bazarında təxminən 9,5 milyon ton taxıl məhsulunun əskik olması anlamına gəlir. Ukraynadan buğda ixracına görə iki dəfədən çox böyük olan Rusiyanın sanksiyalar ucbatından buğda və un məhsullarını vaxtında və qədərincə ixrac etmək imkanlarından məhrum olması dünyanın çoxsaylı xalqlarını ən böyük imtahanla-çörəklə sınağa çəkmək reallığını labüd edə bilər. Bu vəziyyətin isə zəncirvari olaraq hansı sosial-iqtisadi və siyasi kataklizmlərə yol aça biləcəyini proqnozlaşdırmaq elə də çətin deyil.
“Qlobal ərzaq qıtlığı problemi Azərbaycanı da narahat edən məsələdir. Məsələnin qəlizliyi ondadır ki, Azərbaycan 40 faiz buğdanı xarici istehsalçılardan almaq məcburiyyətindədir. 2021-ci ildə Azərbaycanda 1,9 milyon tona yaxın buğda istehsal edilib. Bu, 2020-ci illə müqayisədə təxminən bir faiz çox olsa da, ölkənin tələbatından azdır. Belə ki, Azərbaycanın buğdaya olan illik tələbatı 3 milyon tondan bir qədər çoxdur. Ərzaq qıtlığının getdikcə qlobal çağırışa çevrildiyini nəzərə alaraq Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi problemlərinin həllinə xüsusi prioritet sahə kimi yanaşır. Təsadüfi deyil ki, aprelin 12-də keçirilən ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı qlobal ərzaq qıtlığı məsələlərinə xüsusi diqqət ayırıb və bu xüsusda ölkəmizdə buğda istehsalının genişləndirilməsinin vacibliyini vurğulayaraq deyib: “Biz, ilk növbədə, ərzaqlıq buğdanın istehsalını artırmalıyıq. Əlbəttə ki, ehtiyatları yığmalıyıq. Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək”. Zənnimizcə, Azərbaycanda ərzaq təhlükəsizliyini təmin etmək üçün ilk növbədə, yerli fermerləri taxıl əkməyə stimullaşdırmaq və bu məqsədlə həmin məhsulun istehsalına ayrılmış subsidiyanın həcmini artırmaq vacibdir”, - deyə Milli Məclisin deputatı bildirib.

Oxşar xəbərlər