MİDA özbaşınalığı GÖZƏ GİRİR... - Amma tədbir görən yoxdur...
1-05-2022, 21:53
14 293

MİDA özbaşınalığı GÖZƏ GİRİR... - Amma tədbir görən yoxdur...

Bu il martın 30-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində 442 mənzili 4-5 saniyəyə satması etirazla qarşılanmışdı. Hamı belə qısa zamanda seçim etməyin mümkünsüz olduğunu deyirdi. Mənzil seçimində iştirak edənlər, nə qədər qəribə olsa, MİDA rəhbərliyi də satış vaxtı sistemə müdaxilə olduğunu düşünür. Bu səbəbdən DTX işə qarışmalı olub. Daha doğrusu, MİDA bu məsələni araşdırması üçün DTX-ya müraciət edib. Hələlik bir neçə nəfər saxlanılıb, onları bu işə kimin və ya kimlərin qoşduğu yaxın vaxtlarda bəlli olar, yəqin; cinayətin üstünü açmaq istəsələr…

Mənzil seçiminə müdaxiləni qoyaq bir kənara, görək sosial evlərlə bağlı başqa qaydalara əməl edilirmi; həm də kənar müdaxilə olmadan? MİDA-nın direktoru Samir Nuriyev müsahibələrində güzəştli mənzillərlə bağlı dövlətin məqsədini açıqlamışdı, eyni zamanda bəzi qaydaların olduğunu demişdi:

“Prezident Fərmanı ilə təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən, mənzillər əldə olunduqda vətəndaşla müvafiq müqavilə imzalandığı gündən onun tam mülkiyyətinə veriləcək. Bununla belə, müqavilədə mənzilin 3 il müddətində özgəninkiləşdirilməsinə, habelə icarəyə və kirayəyə verilməsinə məhdudiyyət nəzərdə tutulacaq”.

Maraqlıdır ki, elə ilk gündən bu qaydaların pozulduğunu görürük. Mənzillər “aztəminatlı vətəndaşlara, gənc ailələrə” satılandan sonra nədənsə onlar dəhşət ehtiyacları olan bu evlərdə yaşamağa yox, mənzillərini kirayəyə verməyə, ya da satmağa tələsirlər; ilk 3 ildə kirayə, icarə və satış qadağan olunsa da. 2019-cu ildən satış və kirayə elanları saytlarına “sosial evlər”, “MİDA-da mənzillər” sözləri ayaq açıb. Həmin saytlarda apardığımız kiçik bir araşdırma “sosial evlər”in kirayə və satış bazarına çıxarıldığını (50-dən artıq mənzil) göstərdi. Ən çox kirayə və satış Hövsan Yaşayış Kompleksi mənzillərinin payına düşür. Nəzərə alaq ki, istər kirayə, istər mənzil satışı bazarında makler və sayt xidmətindən istifadəyə üstünlük verilmir, alan da, satan da çalışır ki, kimsəyə pul vermədən öz aralarında razılığa gəlsinlər. Bu baxımdan kirayə və satış bazarında MİDA evlərinin daha çox olduğunu deyə bilərik. Araşdırma göstərir ki, yaxşı biznesdir. Məsələn, Yeni Yasamal Yaşayış Kompleksində 2 otaqlı təmirsiz mənzil 83 min manata satışa çıxarılıb.

MİDA rəsmilərinə inansaq, son satışda burada 2 otaqlı mənzilin qiyməti 53 min 941 manat olub. Alışla satış arasında qiymət fərqi 30 min manata yaxındır. Yetərincə gəlirli biznesdir. Mənzili hansısa yolla alırsan, qısa zamanda elə aldığın vəziyyətdə satışa çıxarıb 25-30 min manat qazanırsan.

Hövsanda satılan, kirayəyə verilən çoxsaylı evlərdən birinin elanında maraqlı məqam var. Mənzili təcili (əlimyandı) satmağın (67 min 200 manat) səbəbini Qədir adlı vasitəçi (agent) çox səmimi şəkildə etiraf edir:

“Təcili Yeni Yasamalda MİDA-dan 3-4 aya ev almağım ilə əlaqədar bunu satmalıyam”. Həmin adam bina.az saytına eyni ünvandan başqa mənzillərin də elanını yerləşdirib.

Hövsanda MİDA-nın 3 otaqlı mənzillərinin satış qiyməti 61 min 880 manatdır. Göründüyü kimi, həqiqətən, əlimyandıdır…

Paytaxtda qaydaları pozanların Sumqayıtda, Gəncədə, Lənkəranda və başqa regionlarda hansı şəkildə güzəştli mənzil satacağını təsəvvür etmək çətin deyil…

Yeri gəlmişkən, qurumun ilk vaxtlarda açıqladığı qiymətlər aşağıydı, yəni sosial evləri o qiymətə alıb-satanlar daha çox qazanıblar və ya indi də qazanırlar.

“1 otaqlı mənzillərin qiyməti 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti 47 652 manatdan, 3 otaqlı mənzillərin qiyməti 65997 manatdan başlayır. Mənzillərin satış qiymətinə ƏDV daxildir. Mənzillərin satışı həm İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaitindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır: 1 otaqlı mənzillər – 26,933 min manat, 2 otaqlı mənzillər – 42,887 min manat, 3 otaqlı mənzillər – 59,397 min manat”.
Martın 30-da keçirilən satışdan sonra qurumun saytında saat 14.14-də yerləşdirilən xəbərdə bildirilir:

“Mənzil seçimi uğurla başa çatıb”. Elə həmin gün saat 19.28-də sayta mənzil seçiminin statistik məlumatları qoyulub.

Hər şey şəffafdır axı. Saniyə məsələsini boş verək, onunla DTX məşğuldur… Bu statistik məlumatlardan anlaşılan odur ki, mənzili ipoteka krediti ilə alan da, nağd alan da eyni məbləği ödəyir, sadəcə biri 30 il ərzində, biri dərhal. Deməli, qurum nağd və kreditlə ödənişə fərq qoyacağı ilə bağlı qaydalarını da pozur.

Yeri gəlmişkən, Yeni Yasamalda mənzillərin güzəştli şərtlə elanını MİDA sayta fevralın 18-də saat 08.49-da qoyub. Elanda satış vaxtı da qeyd edilib:

“Satış 30 mart 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 08 aprel 2022-ci il tarixi saat 11:00-dək davam edəcəkdir”.

Seçimə 9 gün vaxt qoyan MİDA bunun heç 9 saniyə çəkməyəcəyini nəzərə almışdımı, hansısa önləyici tədbirlərə hazır idimi? Çox təəssüf ki, yox! Tədbir görsəydi, mənzil seçiminin “uğurlu keçdiyini” xəbər verəndən sonra DTX-ya müraciət etməzdi…

“Biz, bu sahədə xüsusilə irəli getmiş Sinqapurun da təcrübəsini öyrənmişik. Onlarda hələ 1960-cı illərdən «Housing Development Board» təşkilatı fəaliyyət göstərir. Artıq Sinqapur əhalisinin 85 faizi bu təşkilat tərəfindən tikilmiş binalarda yaşayır”. Bu sözləri MİDA-nın ilk direktoru, idarə heyətinin sədri, indi isə Prezident Administrasiyasının rəhbəri olan Samir Nuriyev AzTV-yə müsahibəsində demişdi.

Görəsən, Sinqapurda da sosial mənzillərin satışı 4-5 saniyə çəkir, yaxud alınan kimi kirayəyə verilir, ya satılır?!

Bir politoloq demişkən, nə desən, ola bilər…

MİDA özbaşınalığı GÖZƏ GİRİR...
MİDA özbaşınalığı GÖZƏ GİRİR...
MİDA özbaşınalığı GÖZƏ GİRİR...
MİDA özbaşınalığı GÖZƏ GİRİR...

Oxşar xəbərlər