Azərbaycan Avropanın enerji təminatına mühüm töhfə verən nüfuzlu dövlətdir
13-06-2022, 11:17
1 634

Azərbaycan Avropanın enerji təminatına mühüm töhfə verən nüfuzlu dövlətdir

Azərbaycan özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan dövlətlərdəndir. Hətta koronavirus pandemiyası dünyanı təhlükəyə saldığı illərdə də ölkəmiz nəzərdə tutulan layihələri reallaşdırmış və yenilərinin təməlini qoymuşdur. Dövlət başçımızın milli maraqlara müvafiq olaraq, həyata keçirdiyi düşünülmüş siyasəti nəticəsində hazırda ölkəmiz regional və qlobal xarakterli transmilli layihələrin reallaşdırılmasında zəngin təcrübə top­layıb. mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun geostrateji təhlükəsizliyini daha da gücləndirir. Azərbaycanın müstəqil enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə əhəmiyyətli töhfələr verir.
Bugünlərdə Bakıda 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirakı ilə keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldiyini bir daha təsdiqlədi.
Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirov söhbət əsasnasında dedi ki, Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Hazırda dünyada və regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizin Avropa üçün önəmi xeyli dərəcədə gücləndirib: ”Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində diqqəti Azərbaycanın həyata keçirdiyi enerji təhlükəsizliyinin bir sıra mühüm parametrlərinə cəlb etdi. Eyni zamanda, Azərbaycanın Avropanın artan enerji tələbatının ödənilməsindəki yeri və rolunu, çəkisini əsaslandırdı, ona yüksək qiymət verdi. Dövlət başçımız dedi ki, bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi”. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir”.
Deputat bildirdi ki, Azərbaycan bir sıra layihələri çox mürəkkəb siyasi mühitdə həyata keçirməyə qadir olduğunu təsdiqləyib: “Dövlət başçımızın dediyi kimi, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri istismara verildi. Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. 2006-cı ildə isə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin tikintisinə müvəffəq olduq. Bu kəmər neftin beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə idi. Həmin vaxtdan etibarən, Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Təbii ki, bu, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin infrastruktur layihələrin icrasında bacarığımızın təzahürüdür”.
Dünyada baş verən qlobal hadisələrdən söhbət açan E.Nəsirov bütün bunların Avropanın enerji təhlükəsizliyi üçün yeni çağırışlar yaratdığını bildirdi. Dedi ki, enerji problemi ilə üzləşən Avropa ölkələri qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparırlar. Çünki ölkəmiz uğurlu enerji siyasətinə görə, Avropanın inkişaf etmiş ölkələrinə örnəkdi: “Bu gün dünyada Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən respublikamız öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq, əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər irəli sürür. Bununla yanaşı, regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Paytaxtımızda Bakı Enerji Həftəsinin keçirilməsi bütün bunlara sübutdur”.
E.Nəsirov dövlət başçımızın çıxışındakı bəzi məqamlarda diqqətə çatdırdı. Dedi ki, Azərbaycan artıq dünyada etimad qazanmış ölkələrdəndir. Digər tərəfdən, ölkəmizdə olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılması da bizimlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırır. Azərbaycan təkcə neft–qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə – bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib: “Artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişik. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Bu iki stansiyanın gələn il istifadəyə verilməsi nəzərdə tutulub. Bu, yalnız başlanğıcdır. Çünki respublikamız artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir”.
Dövlət başçısı, həmçinin iri layihələrin reallaşdırılmasında ölkəmizlə əməkdaşlıq edən və dəstək göstərən dövlətlərin yüksək səviyyəli rəsmilərinin də tədbirə qatıldıqlarını xatırlatdı. Onlar arasında Cənub Qaz Dəhlizinin komanda üzvləri – Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya hökumətlərinin nümayəndələrinin də olduqlarını bildirdi.
Dövlət başçımız Amerika Birləşmiş Ştatlarının və Birləşmiş Krallığın hökumətlərinə təşəkkürünü bildirdi. Çünki onlar enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində ölkəmizə hər zaman böyük dəstək veriblər. Mürəkkəb enerji layihələrinin reallaşdırırlmasında bu dəstəyin mühüm rolu olub. Həmçinin beynəlxalq maliyyə təsisatları – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində öz dəstəklərini əsirgəməyiblər. Dövlət başçımız ümidvar olduğunu bildirdi ki, bizim yeni planlarımızın həyata keçirilməsinə, xüsusilə də Trans-Adriatik boru kəmərinin genişləndirilməsinə də maliyyə dəstəyi göstəriləcək. Çünki Azərbaycan artıq dünyada etibarlı tərəfdaş və ən mürəkkəb layihələrin reallaşdırılmasında təcrübəsi olan ölkə kimi tanınır.
Politoloq bildirdi ki, dünyada Azərbaycan qazına olan tələbat getdikcə artır. Bu baxımdan TANAP-ın genişləndirilməsi haqqında düşünməyə dəyər. Dövlət başçımız da vurğuladı ki, biz təbii qazın nəqli ilə bağlı infrastruktur imkanlarımızın potensial tələbatın səviyyəsinə gətirilməsi üçün vaxt itirməməliyik. Burada yalnız TAP deyil, həm də Cənubi Qafqaz boru kəməri və TANAP sürətli qaydada genişləndirilməlidir və biz bunun üzərində çalışırıq.
E.Nəsirovun qənaətinə görə, dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində enerji heç bir halda siyasi alətə çevrilməyib. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bu siyasətimiz heç bir halda üçüncü bir dövlətin əleyhinə yönəlməyib.

Oxşar xəbərlər