Müasir qladiatorlar - Ronaldu və Benzemanın Səudiyyə Ərəbistanında nə işi var?
7-06-2023, 11:34
771

Müasir qladiatorlar - Ronaldu və Benzemanın Səudiyyə Ərəbistanında nə işi var?

Yay transfer pəncərəsi futbol mühafizəkarları üçün ağrılı keçəcək.
Kriştianu Ronaldu yanvarda Səudiyyə Ərəbistanına üz tutub “Ən-Nəsr”ə keçəndə qərarı birmənalı qarşılanmadı. Ancaq gedişat göstərir ki, portuqaliyalı sanki bir cığıraçan oldu.
Dünən Kərim Benzema “Əl-İttihad”la üçillik müqavilə imzaladı. Ronaldu karyerasının qürubunda şərqə üz tutdu. Artıq onda çox şey alınmırdı və problemli şəkildə “Mançester Yunayted”dən ayrılmışdı. Benzemanın situasiyası fərqlidir. Fransalı “Qızıl top”un hazırkı sahibidir.
“Qızıl top”un sahibini ərəblər apardılar - Bundan o tərəfi yoxdur.
Yarımadadan olan milyarderlər “ulduz ovu”nu davam etdirirlər. Lionel Messi “Əl-Hilal”dan astronomik təklif alıb. Nqolo Kanteni “Əl-İttihad” aparmaq istəyir. Uilfrid Zahaya “Ən-Nəsr”dən təklif var. Luka Modriçin, Joze Mourinyonun da adı Səudiyyə Ərəbistanı klubları ilə hallanır və s.
İllər əvvəl Çinlə bağlı oxşar situasiya yaranmışdı. Onlar da məşhur futbolçular transfer edirdilər, amma heç vaxt bu qədər böyük adları apara bilmədilər.
Çinlilər ticarətçidirlər, istədiklərini ala bilmədiklərini görüb prosesi dayandırdılar. Ərəblər üçün isə bunun elə bir əhəmiyyəti yoxdur. Səudiyyə Ərəbistanı hökuməti bu işə fantastik məbləğlər ayırıb.
Düzdür, dünyada onlardan daha varlı adamlar var: Avropada, Amerikada... Ancaq yenə Çin nümunəsindəki kimi, insanlar bunu biznesləri hesabına əldə edirlər, potensial gəlir görmədikləri işlərə meyil etmirlər. Ərəblər üçün isə fərqi yoxdur. Onlar milyardları əziyyətsiz əldə edirlər - coğrafiya özü bunu təmin edir. Beləliklə, yarımadadakı futbol bumunun belə tezliklə səngiməsi gözlənilmir.
Deməli, yaxın gələcəkdə 35-37 yaşdakılar yox, karyerasının zirvəsindəkilər getsələr, təəccüblənməməliyik. Kriştianu Ronaldu deyirsə ki, yaxın illərdə Səudiyyə Ərəbistanı çempionatı ən böyük beş liqadan biri olacaq, bu, əbəs deyil, yəqin ki, layihələrindən xəbərdardır.
Futbolun romantik vaxtlarında böyük oyunçular karyeralarının qürubunda kasıb klublara üz tutar və orada hörmət-izzətlə karyeralarını başa vurmağı seçərdilər. Maliyyənin mübarizənin önünə keçdiyi müasir futbolda isə onlar, hətta peşəkar çempionatı olmayan ölkələrdə oynamağa belə razı görünürlər.
Vəziyyətin xilası üçün Avropa klublarının Super Liqa ideyası var idi. Ancaq buna da yerli çempionat, UEFA və FIFA rəhbərlikləri bütün güclə mane olmağı bacardılar. Son olaraq “başına min oyun açılan” “Yuventus” Super Liqadan imtina etdi. İndi yalnız “Real Madrid” və “Barselona” bu ideyaya sadiqlik nümayiş etdirirlər. “Barsa”ya qarşı yaradılan maliyyə əngəlləri, Messi transferində əmələ gətirilən çətinliklər tezliklə onların da imtinası ilə nəticələnə bilər.
Avropada futbol maraqsızlaşıb, əvvəlki qədər cəlbedici deyil. Hər il bir liqa yaradıb oyunçuları ayaq əzələləri partlayana qədər meydanda saxlamaqla vəziyyəti dəyişmək olmaz. Funksionerlər, mütəxəssislər bunu görür, narazılıqlarını, təkliflərini bildirirlər. Daha çox oyun, daha çox turnir, daha çox pul - futbol qurumları isə yanaşmanı dəyişmək niyyətində deyillər.
Mövcud situasiya futbolun olan-qalan romantikasını da azarkeşlərin əlindən alır.
Ronaldu, Benzema və digər Şərqə sürüşəcək ulduzlar müasir qladiatorlardır. Daha Avropada pul xərcləmək istəməyən ərəblər sevimli əyləncələrini öz ayaqlarına aparırlar.
Pul kimdədir, fit də ondadır. Qaydaları isə fitin sahibi diktə edir.
Ərəbistan yarımadasında bu yay çox isti keçəcək. Avropa futbolu üçün isə “Winter is coming”...

Oxşar xəbərlər